NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Sevmək sən olmaq yox, tən olmaqdır...

...

Həyat daha çox mücərrədlər üzərində qurulub. Bu mücərrədlər isə qanun və çərçivə tanımadan insan yaşamının ayrılmaz hissəsinə çevrilib. Bu elə bir anlayışdır ki, varlığını yalnız hisslərimizlə dərk edirik. O hisslər isə yaşam qaynağı, insanlıq mənbəyidir. Bu mücərrədlərin içində bir hiss var ki, yaşamın özəyidir. Bəli, o hiss sevgidir. O sevgi ki hansı rəngdə, hansı çalarda – Vətənə, ata-anaya, övlada, yaradanın bəxş etdiyi hansısa bir varlığa olmasının heç bir fərqi yoxdur. Əsas odur ki, insan övladının qəlbində zərrə qədər də olsa sevgi olsun. Çünki sevgi həyatın özüdür, yaradılışdır, mövcud olmaqdır. İnsanın dünyaya gəlişi, var olması, əslində, sevginin böyüklüyünün rəmzidir. Sevgi zülmətə işıq saçan bir nurdur, elə bir nur ki ziyası bütün bəşəriyyətə kifayətdir. Təbiət də sevgidən törəyib, sevgidən yoğrulub. Belə olmasaydı, balıq suya, quş asimana, çiçək torpağa bu qədər möhkəm sarılardımı? Göy yerə, ay ulduza bu qədər təşnə olardımı? Günəş səmada közərərkən alınan mənzərədən zövq almaqdır sevgi. Payız küləyinin ağırlığına dözməyib xəzəllərin kəpənəktək havada uçuşması, yağışdan sonra gələn torpaq qoxusudur, sevgi.

Həyatın qayəsi, özülüdür sevgi... Allah kainatı, insanları da sevgi ilə yaradıb. Bu həqiqət hər baxışda özünü büruzə verir. Kainatımızın bu qədər ehtişamlı və sənət əsəri kimi gözəl olması, təbiətdəki estetika, heyvanların, bitkilərin gözəlliyi Allahın insanlara lütfündəndir. Dünyamızın qüsursuz biçimdə yaradılması da sevgidən deyilmi? Bu heyrətamiz yaradılış yalnız sevgi naminədir.

İnsanı bütün çirkinliklərdən arındıran pak hissdir, sevgi. Sevgisiz dünya zillətdir, zəlalətdir, möhnətdir. Mövlana demişkən, sevgi şəfadır, sevgi gücdür, sevgi insanın qəlbinin möhürüdür. Sevgi sevgisiz qəlblərə xoşbəxtlik toxumu əkməkdir, sevdirməkdir yeri, göyü, dağı, daşı, torpağı, səkidəki ağacları, küçədəki sahibsiz bir heyvanı…

Sevmək, daşla, ağacla, torpaqla sədaqətli dost olmaqdır, ağaclar kimi cığırlara kölgə salmaqdır. Sevmək bəzən bulud kimi dolmaq, yağış kimi yağmaqdır, torpağa qarışmaqdır.

Sevmək, toxum kimi cücərməkdir, torpaq kimi cadar-cadar olmaqdır. Sevgi əməkdir, kirpiyinlə od götürməkdir. Sevmək bəzən külək kimi əsmək, şimşək kimi çaxmaq, sel olub daşmaqdır.

Sevmək dünyanın zillətindən uzaqlaşıb göy üzündə azad ruhla bərq vurmaq, ilahiyə qovuşmaqdır. Sevmək, tamamlamaqdır, bir tərəfdən tükənəndə digər tərəfdən küllərindən alovlanmaqdır.

Sevmək, sənin olmaq deyil, sən olmaq, mən olmaq, biz olmaqdır, sevmək həm də tən olmaqdır. Sevmək möcüzələrlə dolu dünyaya boylanmaq, sirli-sehrli aləmə Allaha qovuşanların gözü ilə baxmaqdır. Sevmək, dünyanı sevgililəşdirmək, sevgini əbədiləşdirməkdir. Sevmək, ölümsüzlüklə müjdələnməkdir, ölümün əlçatmaz uzaqlığına inanmaqdır. Sevgi ibadətdir, ülvi olana, müqəddəs olana, uca olana baş əyməkdir. Baş əydikcə ucalmaqdır.

Gülcamal TAHİROVA

Nəşr edilib : 29.08.2024 12:31