NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Sevgi və dəstək ünvanı

...

Naxçıvanda Autizm QHT-si yarandı

Naxçıvanda autizm spektr pozuntusundan əziyyət çəkən uşaqların və onların ailələrinin sosial problemlərinin həlli istiqamətində mühüm bir addım atılıb. Bu yaxınlarda “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyi təsis edilib.

Autizm spektr pozuntusu ilə mübarizə aparan ailələr üçün yeni bir ümid qapısı olan ictimai birliyin əsas məqsədi autizmli uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək, onların təhsil və tibbi xidmətlərə çıxışını asanlaşdırmaqdır. Çünki hər bir autizmli uşaq xüsusi dəstək və sevgi tələb edir və bu QHT məhz bu ehtiyacı ödəmək üçün yaradılıb. Bununla yanaşı, təşkilat ailələrə psixoloji dəstək göstərmək, cəmiyyətdə autizm haqqında məlumatlılığı artırmaq, autizmli uşaqların təlim və təhsil prosesini dəstəkləmək, onların cəmiyyətə inteqrasiyasını təmin etmək və ailələrinə dayaq olmaqdır. Elə bu məqsədlə də “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyi qeyri-hökumət təşkilatında fəxri və sadə üzvlük sistemi yaradılıb. Həmin üzvlüklərdən gələn maddi vəsaitlər autizmli uşaqların təlim və terapiya proseslərinə, onların sosial və emosional inkişafını dəstəkləyən tədbirlərin təşkilinə, valideynlər üçün maarifləndirici və dəstək proqramlarının həyata keçirilməsinə sərf olunacaq.

Müsahibim klinik psixologiya üzrə fəlsəfə doktoru, Modern Psixologiya Mərkəzinin və “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyinin təsisçisi Ayaz Seyidli deyir: “Biz yalnız autizmli uşaqların valideynlərinə deyil, bütün cəmiyyətə xidmət etməyə hazırıq. Çünki bu uşaqların cəmiyyətə inteqrasiyası, onların xüsusi istedadlarının üzə çıxarılması hamımızın borcudur. Biz fərqlilikləri zəiflik kimi yox, güc kimi qəbul etməyi öyrətmək istəyirik. Bu danılmaz bir faktdır ki, autizm xəstəlik deyil bir fərqlilikdir. Təşkilatımız artıq fəaliyyətə başlayaraq, bu sahədə mühüm layihələr həyata keçirməyi planlaşdırır. Düşünürəm ki, təsisçisi olduğum QHT, Naxçıvanda autizmli uşaqlar üçün daha yaxşı bir gələcəyin başlanğıcı ola bilər. Onların təhsilə, sosial həyata və ümumi cəmiyyətə inteqrasiyası üçün təşkilatımızın fəaliyyəti xüsusi əhəmiyyət daşıyır”.

Hər bir cəmiyyətin inkişafı onun həssas təbəqələrinə göstərdiyi qayğı ilə ölçülür. Autizmli uşaqlar yalnız fərqlidirlər, lakin onların da istedadları və dünyanı zənginləşdirəcək unikal baxışları var. Naxçıvanda bu yeni təşkilatla birlikdə, cəmiyyət autizmli uşaqlara yeni gözlə baxmağa başlayacaq. Naxçıvan üçün bu mənəvi bir irəliləyişdir.

Unutmayaq, bir uşağı dəyişdirmək, bir ailəni dəyişmək deməkdir. Bir ailəni dəyişdirməksə bütöv bir cəmiyyəti dəyişə bilər. Autizmli uşaqlar üçün açılan bu qapı, ümid edirəm ki, heç vaxt bağlanmayacaq.

Aygün RÜSTƏMOVA

Nəşr edilib : 26.12.2024 10:34