NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

“Sevdası Vətən olanlar” adlı kitab işıq üzü görüb

...

Qədim Naxçıvanın onlarla  igid  oğlu Vətən müharibəsində və ondan sonrakı hərbi əməliyyatlarda “Öncə Vətəndir”, –  deyib  canından keçib. Onların əziz xatirəsi daim yaşadılır. Bu gün igid Vətən oğullarının qəhrəmanlığı sayəsində Azərbaycan Bayrağı Şuşada, Xankəndidə dalğalanır. Vaxtilə evindən ocağından didərgin düşən insanlar Azərbaycan əsgərinin ayaq izləri ilə öz doğma yurduna  geri qayıdırlar.  Hər bir şəhidin həyatı bir əfsanə, dastandır. Onlar öz igidlikləri ilə tarix yazıb tarixin özünə çevrildilər. Onların qəhrəmanlıq  hekayələrinin qələmə alınması  vacib amildir. Bu gün bir çox qələm sahibi də bu yolda əlindən gələni edir. Qələmə alınan hər sətir yaddaşlara köçrülür ki, gələcək nəsillər necə qəhrəman oğulların davamçıları olduqlarını bilsinlər. Qələmə alınan yazılar o vaxt xalqın sərvətinə çevrilir ki, o qəzetdə öz əksini tapsın kitab halında nəşr edilsin.

Yaxın günlərdə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr edilən  “Sevdası Vətən olanlar” adlı  kitabda   igid oğullarımızın həyat hekayəsi öz əksini tapıb.  “Şərq qapısı”  qəzetinin  müxbiri Ramiyə Əkbərovanın qələmə aldığı yeni  nəşrdə Şərur və Sədərək rayonlarından  olan Qarabağın azadlıq mücadiləsində qəhrəmanlıq göstərən  şəhidlər haqqında  qələmə alınmış məqalələr  və ailə üzvlərinin fotoları yer alır.    Ktabda 43 şəhidin həyat hekayəsi və döyüş yolu öz əksini tapıb. Yeni nəşr  Ulu Öndərin və Ali Baş Komandanın şəhidlər haqqında söylədikləri kəlamlarla  oxucunu salamlayır. Şəhid analarına  ithaf olunmuş “Sən heç zaman sönməyən Günəşsən, Türkün qadını” yazısı kitabdakı yazılara işıq tutur. Azərbaycan Ordusunun qəhrəmanlığı hər bir şəhidin döyüş yolundan bəhs edilərək  göz önünə gətirilir. Ata-anaların necə qəhrəman oğullar böyütdüyü hər bir şəhid hekayəsində öz əksini tapır.

Qeyd edək ki,  bu müəllifin üçüncü kitabıdır. Bundan öncə işıq üzü görən  “Sətirlərə sığmayan Naxçıvan”  və “Vətən sənə oğul dedi” kitablarında da igid Vətən oğullarının qəhrəmanlıq hekayələri özünə yer alıb.

Qeyd edək ki, kitab “Şərq qapısı” qəzetinin dəstəyi ilə nəşr edilib.

Aygün RÜSTƏMOVA

Nəşr edilib : 27.11.2024 17:05