NAXÇIVAN :

03 May 2026, Bazar

Şərurda məktəb direktorları üçün əməyin mühafizəsi üzrə təlimlər yekunlaşıb

...

“Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsi və “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin Naxçıvan filialının birgə təşkilatçılığı ilə dekabrın 18-də Şərur rayonunda məktəb direktorları üçün əməyin mühafizəsi üzrə təlim keçirilib. Bununla da Naxçıvan Muxtar Respublikası üzrə məktəb direktorlarını əhatə edən silsilə təlim proqramı uğurla başa çatıb.
Təlimdə, ümumilikdə, 59 məktəb direktoru iştirak edib. Tədbirin əsas məqsədi təhsil müəssisələrində əməyin mühafizəsi sahəsində mövcud qanunvericilik tələblərinin tətbiqi, beynəlxalq standartlara uyğun təhlükəsiz və sağlam iş mühitinin formalaşdırılması istiqamətində rəhbər heyətin bilik və bacarıqlarının artırılması olub.
Təlim çərçivəsində “Əməyin Mühafizəsi Mərkəzi” PHŞ-nin Naxçıvan filialının müdiri Ruslan Ələkbərov əməyin mühafizəsi sahəsində mövcud hüquqi baza, işəgötürənlərin məsuliyyətləri və idarəetmə mexanizmləri barədə ətraflı məlumat verib.
“Əməyin Mühafizəsi Mərkəzi” PHŞ-nin böyük mütəxəssisi Səbuhi Tahirov isə əməyin mühafizəsi üzrə yeni tərcümə olunmuş və təsdiq edilmiş standartlar haqqında təqdimatla çıxış edib. Təlim zamanı xüsusilə ISO 45003:2024 standartının tələbləri, bu standartdan irəli gələn psixoloji cəhətdən sağlam iş mühitinin yaradılması, stressin idarə olunması və əmək fəaliyyətində psixososial risklərin azaldılması mövzularına toxunulub.
Qeyd edək ki, sözügedən təlimlər təhsil müəssisələrində təhlükəsiz əmək şəraitinin təmin olunmasına, idarəetmədə qabaqlayıcı yanaşmanın formalaşdırılmasına və insan kapitalının qorunmasına xidmət edir.

Nəşr edilib : 18.12.2025 18:19