NAXÇIVAN :

12 Noyabr 2025, Çərşənbə

Şərur və Sədərəkdə dabaq xəstəliyi şübhəsi ilə nümunələr götürülüb – nəticələr hələ məlum deyil

...

Naxçıvan Muxtar Respublikasında hər il olduğu kimi, 2025-ci ildə də təsdiq edilmiş “Epizootiya Əleyhinə Tədbirlər Planı” çərçivəsində dövlət büdcəsi vəsaiti hesabına profilaktik peyvəndləmə və digər qabaqlayıcı tədbirlər sistemli şəkildə həyata keçirilib. Bu tədbirlər heyvanların sağlamlığının qorunması,  xüsusi təhlükəli xəstəliklərin qarşısının alınması məqsədilə icra olunur. Cari ilin ilk doqquz ayında iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında dabaq da daxil olmaqla, bir sıra xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə işləri aparılıb.

Bu sözləri "Şərq qapısı"na açıqlamasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Hüseyn Məmmədov deyib.

O qeyd edib ki, Tədbirlər Planına əsasən 2025-ci ilin mart və sentyabr aylarında 131 338 baş iribuynuzlu və 388 254 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib. Mövcud vəziyyətlə bağlı isə cari ilin oktyabr ayı ərzində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən, əsasən, Şərur və Sədərək rayonlarında monitorinqlər həyata keçirilib. Monitorinq çərçivəsində xəstəliyə şübhəli hal olan heyvanlardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna göndərilib. Hələlik nümunələrin nəticələri barədə heç bir məlumat verilməyib.

"Epizootik vəziyyətin nəzarətdə saxlanılması məqsədilə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi epizootoloji monitorinqlər həyata keçirilir. Şübhəli hesab edilən heyvanlardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna laborator müayinəyə göndərilir, əldə olunan nəticələr əsasında risk dəyərləndirmələri aparılır. Bununla yanaşı, təsərrüfat sahibləri ilə maarifləndirici görüşlər keçirilir, baytarlıq-sanitariya normalarına əməl olunmasına ciddi nəzarət edilir.
Görülən profilaktik tədbirlərin nəticəsində muxtar respublikada epizootik durum sabitdir və Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə nəzarətdə saxlanılır"– deyə nazirliyin şöbə müdiri əlavə edib.

Nəşr edilib : 24.10.2025 12:26