A.M.Bayramovun Azərbaycan Respublikasının səhiyyə ...
11:35 19.10.2026
0
0
0
NAXÇIVAN :
19 Oktyabr 2026, Bazar ertəsi
Bu dəfə yolumuz Şərur rayonunadır. Günəşin işığında parlayan ağaclar, yol kənarında uzanan bağlar, yarpaqların arasından boylanan payız meyvələr diqqətimizi çəkirdi. Elə bu mənzərənin içində, yolun kənarında səliqə ilə salınmış bir bağ gözümüzə dəydi. Ağacların budaqlarından sallanan şaftalılar uzaqdan belə seçilirdi.
Bu mənzərənin yanından ötüb keçmək istəmədik. Avtomobili saxlayıb bağa doğru addımladıq. Bağın dərinliklərinə girdikcə yolun səsi də yavaş-yavaş arxada qalırdı.
Bağın içinə daxil olanda isə yol kənarından gördüyümüz mənzərədən daha fərqli mənzərəyə şahidlik etdik. Ağaclar bir-birinin ardınca sıralanmış, budaqlar isə meyvə ilə dolmuşdu. Sarı-qırmızımtıl şaftalılar yarpaqların arasından boylanırdı. Günəşə tərəf boylanan meyvələrin bəzisi artıq yetişmişdi, bəzisi isə hələ budaqlarda öz vaxtını gözləyirdi. Yarpaqların arasından süzülən işıq meyvələrin üzərinə düşdükcə bağ daha da rənglənirdi. Bağın içindən yayılan şaftalı ətri isə bizi bir az da irəliyə aparırdı.
Elə bu mənzərənin içində anlayırıq ki, yolun kənarından baxanda adi görünən bu bağın özünəməxsus bir dünyası var.
Burada hər şeyin öz səsi vardı. Yarpaqların xışıltısı, budaqlara toxunan küləyin səsi, ayaq altında torpağın yumşaqlığı… Bir də yetişmiş şaftalının bağı bürüyən xoş ətri. Bir anlıq yolun səs-küyündən uzaqlaşıb bu sakitliyin içində qaldıq.
Gəlişimizi görən təsərrüfatçı Rövşən Əhmədov ağacların arasından bizə tərəf yaxınlaşdı. Salamlaşdıq, hal-əhval tutduq, sonra söhbətimiz başladı. Rövşən dayı bir budağı göstərib şaftalılardan danışdı, biz isə onun ardınca ağacların arasında addımladıq.
Söhbətindən hiss olunurdu ki, bu ağacların hər birinin onun üçün ayrıca yeri var. Dədə-baba məşğuliyyəti olan bağçılıqla artıq 16 ildir, məşğuldur. Bir hektara yaxın ərazidə saldığı bağ bu illər ərzində onun gündəlik həyatının bir parçasına çevrilmişdi. İndi ağacların üzərində gördüyümüz bol məhsul isə bir mövsümün yox, illərlə çəkilən zəhmətin nəticəsi idi.
Rövşən dayının əməyi yalnız şaftalı bağı ilə məhdudlaşmır, təsərrüfatında müxtəlif tərəvəzlər də becərir. Yəni onun üçün torpaq yalnız bir məhsulun deyil, bir neçə bəhərin ünvanıdır. Təsərrüfatın hər qarışında onun əməyinin izi görünür. O isə bütün bunlardan danışarkən yorğunluğundan çox, gördüyü işə olan həvəsi ilə diqqət çəkirdi.
Rövşən dayı ağacların arasında gəzdikcə bir-bir meyvələrə baxır, yetişənləri göstərirdi. Sanki hansı şaftalının nə vaxt dərilməli olduğunu, hansının bir neçə gün də Günəş görməli olduğunu hər birinin üzündən oxuyurdu.
Təsərrüfatçı bildirdi ki, bağçılıqda ən vacib məsələlərdən biri səbirdir. Bu gün ağac əkib sabah məhsul gözləmək mümkün deyil. Torpaq da, ağac da öz vaxtını istəyir. İllər keçdikcə ağac böyüyür, bar yetişdirir, göstərilən qayğı isə öz bəhrəsini verir.
Bu işdə iqlimin də böyük rolu var. Şərurun günəşi, torpağın xüsusiyyəti və təsərrüfatın düzgün aparılması məhsulun keyfiyyətinə təsir edir. Rövşən dayı qeyd edir ki, əlverişli hava şəraiti məhsuldarlığın yüksək olmasına imkan yaradır.
Amma ağacın bol məhsul verməsi üçün yalnız əlverişli hava kifayət etmir. Meyvənin budaqda yetişdiyi günə qədər onun qulluğu davam edir. Suvarma, budama, xəstəliklərdən qorunma və mövsümə uyğun görülən işlər bağın gündəlik qayğısıdır. Bir sözlə, ağacın bəhrəsi görünənə qədər görünməyən çox iş var. Rövşən dayı danışdıqca biz də bağın içində gəzirik. Hər budaqda bir-birinə söykənən şaftalılara baxırıq.
Rövşən Əhmədovun fikrincə, bu işi görmək üçün torpağı sevmək, səbirli olmaq və hər gün eyni həvəslə çalışmaq lazımdır. Çünki bağçılıq yalnız ağac əkmək və məhsul gözləmək deyil. Hər ağacın öz qayğısı, hər mövsümün öz işi, hər məhsulun isə öz hekayəsi var.
Bəlkə də, elə buna görə bu bağa baxanda yalnız şaftalı ağaclarını görmürdük. Hər cərgədə bir insanın əməyini, hər meyvədə bir ilin gözləntisini görürdük. Torpaq öz bəhrəsini səxavətlə verir, amma onun bəxş etdiyi məhsulun arxasında insan əli və zəhməti dayanır.
Biz bağdan ayrılmağa hazırlaşanda yol yenə əvvəlki kimi uzanıb gedirdi. Amma indi yolun kənarından baxanda həmin bağ bizə əvvəlki kimi adi görünmürdü. Bir qədər əvvəl avtomobili saxlayıb maraqla içinə girdiyimiz bu yaşıllığın arxasında 16 illik zəhmətin dayandığını bilirdik. Budaqlarda sarı-qırmızımtıl şaftalılar isə sanki bu zəhmətin ən gözəl cavabı idi.
Zəhra VƏLİYEVA
Digər xəbərlər