Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb...
21:36 07.12.2025
0
0
0
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarlarının əl işlərindən ibarət “Sərhədsiz dünyam” adlı inklüziv sərginin açılış tədbiri keçirilib
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə “Sərhədsiz dünyam” adlı inklüziv sərginin açılışı olub. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı və Rəssamlar Birliyinin dəstəyi ilə reallaşan sərginin məqsədi müvafiq kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək göstərmək, onların yaradıcılıq potensialını nümayiş etdirmək və bərabər imkanların təşviqinə diqqət çəkməkdən ibarətdir.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sərginin açılışında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, eləcə də mərkəzin benefisiarlarından Yusif Qasımlının nənəsi Nəhayət Allahverdiyeva çıxış ediblər.
Natiqlər ölkəmizdə sosial həssas qrupların cəmiyyətə inteqrasiyasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıblar.
Tədbir çərçivəsində Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyəti haqqında hazırlanmış videoçarx nümayiş olunub. Mərkəzin musiqi terapiyası bölməsinin benefisiarlarının ifasında bədii kompozisiya təqdim edilib.
Daha sonra mərkəzin fəaliyyətinə verdikləri töhfələrə görə müxtəlif təlimçilər və benefisiarlar təltif olunublar.
Tədbirin sonunda benefisiarların əmək və rəsm terapiyası bölmələrində hazırladıqları əl işləri və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Nümayiş olunan hər bir əsər müəllifinin şəxsi hekayəsini, yaradıcılıq bacarıqlarını və emosional dünyasını özündə əks etdirir. Sərgi ziyarətçilərinə əsərlər və onların müəllifləri haqqında məlumat əldə etmələri məqsədilə rəsm əsərlərinin üzərinə QR kodlar yerləşdirilib.
Tədbirin yekununda iştirakçılar inklüziv cəmiyyət quruculuğunun hər bir vətəndaşın borcu olduğunu vurğulayıblar. Sərgi məhdud fiziki imkanlara malik insanların bacarıqlarının ictimaiyyətə tanıdılması baxımından mühüm sosial mesaj daşıyır.
Digər xəbərlər