NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Şərəfli adını tarixə həkk edən oğul

...

Murad Vəli oğlu Xəlilli 

(14.07.1994-30.10.2020)

Murad çox vətənpərvər uşaq idi. Bir valideyn kimi bunu o, orta məktəbdə oxuyanda hiss etməyə başlamışdım. Dərslərini də yaxşı oxuyurdu. Müəllimləri ondan razı­lıqla danışırdı. Yaxşı xatırlayıram ki, Murad xalqımızın başına gətirilən müsibətlərdən tez-tez söhbət salırdı. Birinci Qarabağ müharibəsində şəhid olanların qisasını alacağıq deyirdi. Deyirdi ki, torpaqlarımız düşmən tapdağı altında qalmamalıdır. Vətən ata-baba əmanətidir. Onu qorumaq bizim borcumuzdur. 

Evcanlı idi. Bütün təsərrüfat işlərində bizə kömək edirdi. Yaxşı da dostları var idi. Onu da tez-tez düşünürəm ki, övladım dünyaya gələndə ölkəmiz ağır günlər keçirirdi. Azğın qonşularımız bir neçə rayonumuzu işğal etmişdilər. 
Bəlkə də, o illərdə doğulan uşaqlar ona görə də daha vətənpərvər böyüdülər. Ürəklərində yurda məhəbbət, düşmənə nifrət olan belə övladlarımız 44 günlük müharibədə öz sözlərini dedilər. Ölümdən qorxmadılar. Cəsarət və şücaət göstərdilər. Düşünmədilər ki, onları arxada gözləyənlər var. Düşündülər ki, torpaqlarımızı geri alsınlar və buna da nail oldular. Çünki onların hər biri vətənpərvər böyümüşdü. Vətən isə ən müqəddəs məkandır.
Həmişə onlarla qürur duymuşuq. Bu gün də şəhidlərimizin adı çəkiləndə fəxarət hissi keçiririk. Çünki onlar bizim 30 il gözlədiyimizi özümüzə qaytardılar. Bu, şərəfli bir yol idi. O yolda kimi şəhid oldu, kimi öz evinə qazi kimi qayıtdı. Bu gün təsəllimiz odur ki, torpaqlarımız özümüzdədir. Vaxtilə orada yaşayan və erməni vandalları tərəfindən qovulan soydaşlarımız bu gün doğulduqları torpaqlara dönərkən xeyli sevinmişəm. Sevinirəm ki, onların yurd-yuvalarına qayıtmaqlarında mənim də övladımın payı var. Halal olsun! Həm də sevinirəm ki, Muraddan yadigar qalan bir övladı var. Müharibəyə gedirdi. Utana-utana övladından muğayat olmağımızı xahiş etdi. Təbii ki, bütün valideynlər kimi o da övladına çox bağlı idi.
Ona da sevinirəm ki, şəhidlərimizi heç bir vətənsevər unutmur. Onlar daim ürəklərdə xatırlanırlar. Dövlətimiz isə daim şəhid və qazi ailələrinin yanındadır. Onların rastlaşdıqları problemləri yerindəcə həll edir. 
Müharibədə göstərdiyi şücaətə görə alnımız açıq, başımız ucadır. Allahdan bütün şəhid ailələrinə səbir diləyirəm. Şəhid valideynləri ilə tez-tez görüşürük, bir-birimizə təskinlik veririk. Qürur duyuruq onlarla! Ruhları şad olsun!
 

Nəşr edilib : 09.10.2024 16:25