NAXÇIVAN :

11 Sentyabr 2026, Cümə

Sentyabr konfransında təhsilin keyfiyyətinin artırılması ilə bağlı hədəflər açıqlanıb

...

Sentyabrın 11-də 2026–2027-ci tədris ili üzrə təhsil işçilərinin konfransı keçirilib.

"Şərq qapısı" xəbər verir ki, konfransdan əvvəl Fəxri xiyaban ziyarət olunub, Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad edilib, məzarları önünə əklil və gül dəstələri qoyulub.

Konfrans Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət gimnaziyasının şagirdlərindən ibarət xorun ifasında Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Əvvəlcə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat məruzəsi ilə çıxış edib. O, təhsildə keyfiyyətin yüksəldilməsinin məlumatlara əsaslanan idarəetmə, peşəkar müəllim və müasir bacarıqların inkişafı ilə birbaşa bağlı olduğunu bildirib.

Eşqi Bağırov qeyd edib ki, təhsildə müxtəlif modellərin və yeni yanaşmaların tətbiqi nəticəsində müsbət dinamika müşahidə olunur. Onun sözlərinə görə, təhsilin keyfiyyəti yalnız zəif nəticələrin yaxşılaşdırılması ilə məhdudlaşmır, eyni zamanda, şagirdlərdə rəqəmsal savadlılıq, tənqidi və yaradıcı düşünmə, problem həlli və komanda ilə işləmək kimi gələcək bacarıqların formalaşdırılmasını əhatə edir.

Daha sonra Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, nazirin müşaviri Elnur Əliyev təqdimatla çıxış edib. O bildirib ki, ibtidai və 6-cı siniflər üzrə qiymətləndirmələrdə müsbət dinamika qeydə alınıb. Son illərdə 4-cü sinif şagirdlərinin oxu və riyazi bacarıqlarında artım müşahidə olunub, baza səviyyəsinə çatmayan şagirdlərin payı azalıb.

Elnur Əliyev vurğulayıb ki, nəticələr zəif şagirdlərin minimum səviyyəyə çatdırılması və əsas bacarıqlarının inkişafı istiqamətində müsbət irəliləyişin olduğunu göstərir.

Konfransda çıxış edən Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə təhsil nəticələrinin yalnız rəqəmlər əsasında deyil, şagirdlərin fərdi göstəriciləri və qarşılaşdıqları problemlər nəzərə alınmaqla təhlil edilməsinin vacibliyini söyləyib. O bildirib ki, zəif nəticələrin səbəbləri müəyyənləşdirilməli və hər bir şagirdə uyğun dəstək göstərilməlidir. Müəllim dərs dediyi şagirdləri yaxından tanımalı, onların psixometrik göstəriciləri və ehtiyacları barədə məlumatlı olmalıdır. Aşağı nəticələrin səbəblərinin erkən mərhələdə müəyyənləşdirilməsi, xüsusilə ibtidai siniflərdən başlayaraq zəif şagirdlərlə məqsədyönlü iş aparılması vacibdir.

Sonda elm və təhsil naziri Emin Əmrullayev çıxış edib. Nazir təhsilin keyfiyyətinin əsas göstəricisinin şagirdlərin öyrənmə nəticələri olduğunu bildirib. O qeyd edib ki, təhsil sahəsində qərar və təşəbbüslər tədqiqatlara, məlumatlara və təhlillərə əsaslanmalı, effektiv yanaşmalar ardıcıl və davamlı şəkildə tətbiq edilməlidir.

Nazir məktəblərdə məlumatlara əsaslanan idarəetmənin və məktəbdaxili ölçmələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, vahid metodologiya və meyarların tətbiqi təhsil sistemində ardıcıllığın təmin olunmasına imkan verəcək.

Emin Əmrullayev məktəbə təsir edən amillər sırasında ailə və ətraf mühitin roluna da diqqət çəkib, məktəb-valideyn-icma əməkdaşlığının əhəmiyyətini qeyd edib. Tədrisin birbaşa həyata keçirilməsində müəllimin həlledici rolunu vurğulayan nazir müəllimlərin zəruri metodoloji alət və məlumatlarla dəstəklənməsinin vacibliyini bildirib.

Tədbir çərçivəsində açıq mikrofon formatında müzakirə təşkil olunub, iştirakçıların təklif və fikirləri dinlənilib.

Nəşr edilib : 11.09.2026 17:10