NAXÇIVAN :

20 Yanvar 2026, Çərşənbə axşamı

Sənəti yaşadan rəssamlar

...

Hər il 8 dekabr "Beynəlxalq Rəssamlar Günü" kimi qeyd olunur. Rəssamlar üçün əlamətdar sayılan bu gün 2007-ci ildə "Dünya Xalqları Sənəti" Beynəlxalq Assosiasiyası tərəfindən təsis edilib. Rəssamlar həyatın gerçəklərini bir çərçivəyə sığdıran qəhrəmanlardır. Onların mədəniyyətin inkişafındakı rolu əvəzolunmazdır. Naxçıvan Muxtar Respublikasında da rəssamları bir araya gətirən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi fəaliyyət göstərir. Bura Ulu Öndərin göstərişi ilə 1971-ci ildə Naxçıvan Rəssamlar Təşkilatı adı ilə yaranıb, 2000-ci ildən isə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi adı ilə fəaliyyətini davam etdirib. 
Mən də bu gün münasibətilə Naxçıvanın yaradıcı rəssamlarının çəkdiyi rəsmlərə baxmaq üçün Rəssamlar Birliyinə üz tutdum. Burada sanki hər şey mənə incəsənətin ruhunu göstərməyə çalışırdı. Pilləkənləri qalxdıqca özümü bir rəssam kimi hiss etməyə başladım. Binanın ikinci mərtəbəsində rəsm əsərlərindən ibarət sərgi təşkil olunub. Sərgidə Azərbaycan Respublikasının Əməkdar rəssamı və birliyin sədri Ülviyyə Həmzəyevanın, birliyin sərgi salonunda əsərləri nümayiş olunan digər Əməkdar rəssamlardan Telman Abdinov, Həbibə Allahverdiyeva və Rafael Qədimovun əsərləri ilə yanaşı, Bəhruz Quliyev, Qəhrəman Tağıyev, Ləman Məmmədova, Şahin Rəsulzadə, Tapdıq Həmzəyev, Fikrət Babayev, Nəsrullah Musayev kimi rəssamların sənət əsərləri də sərgilənir. Bütün rəsmlər elə gözəl və maraqlı görünürdü ki, hər birini izlədikcə içərisində gizlənən sirləri, hekayələri və rəssamların toxunuşlarındakı duyğuları hiss edirdim. Hər bir şəkil o qədər valehedici çəkilmişdi ki, sanki bir anlıq bu sənət dünyasının içində itdiyimi hiss edirdim. Rəsmləri gözəl edən boyalarmı, yoxsa rəssamların əsərləri hiss edərək yaratmağımı bu hissi verirdi? Anlaya bilmirdim. 
Əsərlərə diqqətlə baxanda rəssamların qəlbən olan toxunuşlarını, onların ruhundan olan bir hissəni orada tapmaq mümkün idi. Seçilən boyalar da bu hissləri tamamlayırdı. Rəssamlar bizə öz daxili dünyasını göstərmək istəyirsə, ilk növbədə, hisslərini kağıza tökməyi bacarmalıdır. Axı ruhsuz, hissiz bir rəsm bizə nəyi və ya nə demək istədiyini necə çatdıra bilər? Amma mən sərgidə bu suala cavab tapmağa ehtiyac duymadım. Hər rəsm məni gözəlliyi ilə kifayət qədər ovsunladı. Hansı əsəri sevdiyimə qərar verə bilmədim, bu mənim üçün  olduqca çətin idi. Hər biri sərgidə özünəməxsus gözəlliyi ilə fərqlənirdi. Amma digərlərinə nisbətən diqqətimi çəkən əsərlər də var idi.  
İlk baxışda qarışıq görünən bu rəsm əsəri özündə bir çox kiçik detallar gizlədir. Sağ tərəfdə, böyük sarı günəbaxanlar və qırmızı almalar arasında dincliklə uzanmış bir qadın var. Bu hissə bir az sakit və gözəl görünür. Sol tərəfdə isə qırmızı və əlində tar çalan qara zolaqlı bir adam, ətrafında isə çoxlu qarışıq və rəngli formalar var. Rəsm, həyatın rəngarəngliyini və müxtəlif hissləri bir araya gətirən canlı bir əsərdir. Bu rəsm əsəri Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevaya aid idi. 
Digər bir əsər isə Əməkdar rəssam Həbibə Allahverdiyevaya aid idi. Rəsm əsəri Azərbaycanın müasirliyi və tarixini əks etdirən canlı mənzərəni təsvir edir. Əsərin ön planında Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərində yerləşən muzeyi, onun önündə yerləşən binanın eyvanında isə "Şərq qapısı" qəzeti təsvir olunub. Arxa planda isə bir çox detal diqqət çəkir. Üçrəngli Azərbaycan Bayrağı, Möminə xatun türbəsi, sürət qatarı, ön planda Naxçıvan şəhəri, arxa planda isə Xəzər dənizi və paytaxt Bakı şəhəri təsvir olunub.
Divarda diqqətimi çəkən bir rəsm əsəri də var idi.  Rəsmdə boyaların canlı duruşu, batan günəşin artıq dağın arxasında dayanmağı, xüsusilə də əzəməti ilə seçilən Haçadağ diqqəti cəlb edir. Rəssamın ruhən toxunuşu elə ilk baxışda öz sözünü deyir. Bu əsər Rafael Qədimova aid idi. 
Əməkdar rəssam Həbibə Allahverdiyevaya aid digər bir rəsm əsəri də diqqətimi cəlb etdi. Qış fəslində Möminə xatun türbəsinin uzaqdan görünüşü çəkilib. Rəsmə baxanda sanki orada dayanmışam kimi hiss etdim, boyalardan düzgün istifadə və rəssamın toxunuşları ilə birləşən bu sənət əsəri çox gözəl görünürdü. 
Digər bir rəsm əsərində isə yaşılın dərinliklərinə qərq olmuş sakit bir fonun önündə, sanki zamanın  qatlarını keçib günümüzə gəlmiş bir sima dayanır. Bu sima Azərbaycan təsviri sənətinin nadir zirvələrindən biri olan Mirzə Qədim İrəvanidir. Əsər rəssam Telman Abdinovun incə toxunuşları ilə ərsəyə gəlib və ilk baxışdan Mirzə Qədim İrəvaninin sənət ruhunu tamaşaçıya hiss etdirməyi bacarır. Azərbaycan rəngkarlığının formalaşmasında mühüm rol oynayan bu böyük sənətkarın xatirəsi bu əsərdə sanki yenidən canlanır, öz dövrünün nəfəsini bu günə daşıyır.
Prezident İlham Əliyev Mirzə Qədim İrəvaninin Azərbaycan incəsənətinə verdiyi misilsiz töhfələri dəyərləndirərək onun 200 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Bu qərar sənətkar irsinin yenidən işıqlandırılması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Rəssamların saatlar, günlər, həftələr, aylarını həsr edərək çəkdiyi bu əsərlərin hər biri incəsənət üçün çox dəyərlidir. Nəticədə, bu əsərlərin elə də asanlıqla ərsəyə gəlmədiyi görünür, çünki çatdırılan hisslərin heç biri sadə deyil.

Fidan ZAMANOVA 

Naxçıvan Dövlət Universitetinin

Jurnalistika ixtisasının II kurs tələbəsi

Nəşr edilib : 08.12.2025 11:40