Böyük Britaniyanın Ticarət üzrə elçisi Lord Alderd...
20:22 14.12.2025
0
0
0
NAXÇIVAN :
14 Dekabr 2025, Bazar
Qədim Naxçıvan torpağının tanınmış və istedadlı insanları çoxdur. Bu torpaq dünya mədəniyyətinə Əcəmi, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Bəhruz Kəngərli, Rza Təhmasib, Kazım Ziya, Əbülfət ağa, Behbud ağa, Həmid ağa Şaxtaxtinskilər, Cəmşid Naxçıvanski, Heydər Əliyev kimi görkəmli şəxsiyyətlər, dahi sərkərdələr və siyasi dövlət xadimləri bəxş etmişdir. Bu qədim diyarda adı musiqi mədəniyyəti tarixinə əbədi yazılmış bir çox musiqiçiləri saysaq, Naxçıvanda görkəmli elm və sənət adamlarının böyük siyahısı alınar. Ramiz Mirişli, Nəriman Məmmədov, Yaşar Səfərov, Hüsni Qubadov, K.Abdullayev, A.Babayev və başqalarının adlarını bu sırada fəxrlə çəkmək olar.
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Nazim Quliyev öz ecazkar musiqi əsərləri ilə sevilən bəstəkarlardan biridir.
O, istedadlı bəstəkar olmaqla yanaşı, gözəl müəllim, bacarıqlı təşkilatçı, tanınmış ictimai musiqi xadimi kimi çoxşaxəli yaradıcılıq fəaliyyətinə malikdir. Bəstəkar kimi onun yaradıcılığı milli köklərə sıx bağlılığı ilə seçilir və əsərlərində muğam, xalq mahnıları, folklor xəzinəsinin ab-havası aydın hiss olunur.
Nazim Quliyevin yaradıcılığı janr və məzmun cəhətdən də rəngarəngliyilə seçilir. Bura opera, balet, süita, mahnı və romanslar, xalq çalğı alətləri orkestri üçün müxtəlif səpkili əsərlər daxildir.
1950-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmış Nazim Quliyevin atası Paşa Quliyev Naxçıvanın tanınmış ziyalılarından biri olmuş, anası Rəna xanım isə XIX əsrədə yaşayıb-yaratmış şair, alim Mir Həmzə Nigari nəslindən, insanların şəfa tapmaq üçün ziyarət etdiyi Mir Fəttah Ağa ocağındandır. Onun hələ uşaq yaşlarından bir musiqiçi kimi gələcək taleyini müəyyən etməsində dayılarının böyük rolu olmuşdur. Belə ki, dayıları Əkbər Qardaşbəyov Azərbaycanın Xalq artisti, Abuzər Qardaşbəyov rəssam, digəri isə həvəskar tar ifaçısı idi.
Nazim Quliyev musiqi sahəsindəki ilk addımlarını Naxçıvan şəhərində yerləşən Pioner və Məktəblilər Evində tar dərnəyində atmışdır. Bu sehirli aləmə marağı onda müəllimi, uşaqlıqdan gözünün nurunu itirmiş istedadlı tarzən Səfər Rəcəbli və onun ifasında eşitdiyi muğam, xalq mahnı və rəqsləri oyatmışdır. O illəri bəstəkar böyük fərəh hissi ilə belə xatırlayır: “İlk gündən bəxtim gətirmişdi. Naxçıvanın əksər musiqiçilərinin ilk müəllimi Səfər Rəcəbli mənim də ilk, unudulmaz müəllimim oldu. Elə ilk günlərdən onun mənə öyrətdiyi xalq mahnılarını, təsnif, rəqs, dəraməd və rəngləri saatlarla, yorulmadan ifa edirdim”. Uşaq yaşlarında o həmçinin S.Rəcəbli tərəfindən yaranan və Pioner və Məktəblilər Evində fəaliyyət göstərən “Əlvan çiçəklər” mahnı və rəqs ansamblı üşün musiqiçilər yetişdirən xalq çalğı alətləri ansamblının üzvü olmuşdur. Nazim Quliyevin musiqiyə sonsuz həvəsi onu 1 saylı Naxçıvan Uşaq Musiqi məktəbinə gətirib çıxarır. Burada o, tar ixtisası və muğam üzrə tanınmış tarzən, gənc pedaqoq Sahib Axundov, sonradan isə Naxçıvan musiqisinin inkişafında böyük xidmətləri olan bəstəkar, tarzən Rəşid Məmmədov və xalq musiqisinin dərin bilicisi Vahid Axundovdan dərs alaraq tarın sirlərinə yiyələnir. Hələ məktəbli ikən o, A.Dvorjakın “Slavyan rəqsi”ni, M.Oqinskinin “Polonez” əsərlərini böyük məharətlə ifa edir və Bakı şəhərində uşaq musiqi məktəblərinin şagirdləri arasında keçirilən müsabiqədə I yerə layiq görülür.
Musiqi məktəbindəki təhsilini bitirdikdən sonra N.Quliyev Bakı şəhərində A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbinin xalq çalğı alətləri şöbəsində tar sinfinə daxil olur. Gözəl bir sənət aləminə düşən Nazim Quliyev tələbəlik illərində öz parlaq istedadları ilə gələcəkdə musiqi mədəniyyətində yeni səhifələr yazmış böyük sənətkarlarla, zəmanəmizin görkəmli muğam ustaları ilə ünsiyyətdə olur. Sözsüz ki, qüdrətli sənətkarlar mühiti, onların əhatəsində olmaq Nazim Quliyevin bir bəstəkar kimi yetişməsinə, bir musiqiçi kimi püxtələşməsinə, inkişafına böyük təsir göstərir. Məktəbdə onun ixtisas fənni üzrə müəllimləri tanınmış tarzən, pedaqoq, Azərbaycan Respublikasının xalq artisti Ceyran Haşımova və Azərbaycanın Əməkdar artisti Adil Gəray, muğam üzrə isə istedadlı tarzənlər Kamil Əhmədov və Elxan Müzəffərov olmuşdur. Nazim Quliyev, eyni zamanda görkəmli bəstəkarlar İbrahim Mirzəzadə və X.Mirzəzadədən fakultativ olaraq bəstəkarlıq dərsləri də almış və onların rəhbərliyi altında fortepiano üçün əsərlər bəstələmişdir. Belə ki, o artıq tələbəlik illərindən yaradıcılıq sahəsində ilk professional addımlarını ataraq bir sıra yaddaqalan mahnılar bəstələyir. Hələ 15 yaşında ikən yazdığı “And içmə” mahnısı bu illərdə Bakı şəhərində keçirilən “Oxu tar” müsabiqəsində I dərəcəli diploma layiq görülür. Onun ilk irihəcmli əsəri olan tar və fortepiano üçün “Nəqşi-cahan” konserti də həmin illərin məhsuludur.
Bakı Orta ixtisas musiqi məktəbini uğurla bitirən Nazim Quliyev Ordubad şəhər uşaq musiqi məktəbində müəllim kimi çalışır və Ordubad şəhərində fəaliyyət göstərən ipək fabriki nəzdində instrumental ansambl təşkil edir. Nazim Quliyev bir müddət, həmçinin Naxçıvan Televiziya və Radio Verilişləri Komitəsində musiqi redaktoru kimi də fəaliyyət göstərir, Naxçıvanda keçirilən bir sıra bayram tədbirlərinin, yubileylərin bədii rəhbəri olur. Eyni zamanda o bu illər ərzində 1 saylı uşaq musiqi məktəbi və yeni yaradılmış Naxçıvan Orta ixtisas musiqi məktəbində də pedaqoji fəaliyyətlə məşğul olur, orta ixtisas məktəbində “Nəxşı-cahan” xalq çalğı alətləri ansamblına rəhbərlik edir.
1978-ci ildə Nazim Quliyev Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirərək ixtisas fənni üzrə görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, professor Səid Rüstəmovdan, eyni zamanda tanınmış bəstəkar Afaq Cəfərovadan da bəstəkarlıq üzrə dərslər alaraq bu sahədəki biliklərini daha da təkmilləşdirmişdir. Artıq tələbəlik illərindən yaradıcılıq sahəsində uğurlu addımlar atan Nazim Quliyev bir sıra yaddaqalan mahnılar, o cümlədən “Səninlə”, “Adını demərəm”, “Çərşəmbə günündə”, “Dağlar küsüb” mahnılarını, fortepiano üçün 9 prelüd, variasiyalar, sonatina, 6 miniatürlərini, müxtəlif alətlər üçün pyeslər, “Nəqşi-cahan” süitasını və sair əsərlərini bəstələyir. Bu illərdə həmçinin Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birlikdə keçirdikləri müsabiqədə Rəsul Rzanın sözlərinə yazdığı solist, xor və xalq çalğı alətləri orkestri üçün “Dahi rəhbər” kantatası II yerə layiq görülür.
Konservatoriyanı bitirdikdən sonra Nazim Quliyev 1983-cü ildə doğma Vətəni Naxçıvana qayıdaraq Orta İxtisas Musiqi Məktəbində müəllim kimi çalışır. Nazim Quliyev həm də bu dövrdə yaradılmış Naxçıvan Dövlət Filarmoniyasının ilk bədii rəhbəri kimi fəaliyyət göstərir. Onun təşəbbüsü ilə 1986-cı ildə Xalq Konservatoriyası təsis edilir və o, həmin konservatoriyanın ictimai əsaslarla rektoru təyin olunur, 1988-ci ildə isə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunda yaradılan Musiqi və təsviri incəsənət fakültəsində kafedra müdiri kimi fəaliyyətini davam etdirir.
Naxçıvanda bəstəkarlıq sənətinin inkişafı məqsədilə görülən işlərdə Nazim Quliyevin müstəsna xidmətləri olmuşdur. O, Naxçıvanda Bəstəkarlıq Təşkilatının yaradılması məqsədilə Azərbaycan Mədəniyyət Nazirliyinə müraciət etmiş və onun təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsi yaradılmışdır. Nazim Quliyev 1998-2000-ci illər ərzində Naxçıvan Bəstəkarlar Təşkilatının sədri vəzifəsində çalışmış, təşkilatın formalaşması üçün xeyli işlər görmüşdür. Bu illərdə bəstəkarın müxtəlif janrlarda əsərləri ərsəyə gəlir. Buna kamera orkestri üçün “Cavidi düşünərkən”, “Naxçıvan eskizləri”, “Xatirə pyesləri”, qarışıq xor və xalq çalğı alətləri orkestri üçün “Naxçıvan“ kantatası, xor və fortepiano üçün “Naxçıvan axşamları”, o cümlədən Hüseyn Cavidin sövlərinə “Ellər, ay ellər”, “Yavrum, adın nədir?” mahnıları misal ola bilər. Onun həmin illərdə yazılmış və Azərbaycan Xalq Yaradıcılıq Evi ilə Naxçıvan Xalq Yaradıcılıq Evinin birgə təşkil etdiyi əmək qəhrəmanlarına həsr edilmiş müsabiqədə səslənmiş “Fəridə” mahnısı I dərəcəli mükafata layiq görülür.
1999-cu ildən paytaxt Bakı şəhərinə köçən N.Quliyev burada da təşkilatçılıq fəaliyyətini davam etdirərək müxtəlif vəzifələrdə çalışır. Belə ki, 1998-2003-illərdə o, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında direktor müavini, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin direktoru, 2004-2006-cı illərdə isə Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Giminaziyasınnın direktoru kimi fəaliyyət göstərir.
Qeyd etdiyimiz kimi, Nazim Quliyev musiqinin müxtəlif janrlarında öz qələmini sınayaraq kiçikhəcmli mahnıdan tutmuş irihəcmli opera və baletə qədər əsərlər bəstələmişdir.
Bunu da vurğulayaq ki, o, bəzi mahnılarının musiqisi ilə yanaşı, sözlərini də özü yazmışdır. Bu əsərlər sırasında “Adını demərəm”, “Dağlar küsüb məndən”, “Heyf”, “Ellər, ay ellər”, “Qaçma, dayan”, “Çərşəmbə günündə”, “Dilin işidir”, “Sirab”, “Azərbaycan”, “Ordubad”, “Səsinə qurban olum” və sair mahnılar gözəl nümunə ola bilər.
Nazim Quliyev musiqi irsinin böyük bir hissəsini böyüyüb boya-başa çatdığı doğma Naxçıvanına həsr etmişdir. Buna “Nəqşi-cahan” baleti, tar və simfonik orkestr üçün “Nəqşi-cahan” konserti, xalq çalğı alətləri orkestri üçün “Nəqşi-cahan” süitası, xor və xalq çalğı alətləri üçün “Naxçıvan” kantatası, fortepiano üçün “Naxçıvan eskizləri” süitası, Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş xanəndə və xalq çalğı alətləri orkestr üçün “Naxçıvan şikəstəsi” misal ola bilər.
Nazim Quliyev öz yaradıcılığı ilə musiqi elminə də böyük töhfələr bəxş etmişdir. Onun “Azərbaycan professional musiqisində çoxsəslilik”, tar üçün “Qamma və arpeciolar” elmi-nəzəri kitabları, “Naxçıvan musiqi mədəniyyəti tarixində XX əsr”, “Hüseyn Cavidin natamam əsəri – Ərtoğrol Cavid” adlı kitabları, 4 elmi metodik vəsaiti, onlarla elmi məqaləsi bunu bir daha sübut edir. Nazim Quliyevin Naxçıvan musiqi mədəniyyətində silinməz iz qoymuş görkəmli bəstəkarlar Məmməd Məmmədova, Məmməd Nəsirbəyova və Rəşid Məmmədova, həmçinin unudulmaz müəllimləri Səfər Rəcəbli və Vahid Axundova həsr etdiyi “Bəstəkar Məmməd Məmmədov”, “Görkəmli ustad Səfər Rəcəbli”, “Məmməd Nəsirbəyov-120” (T.Bakıxanovla birgə) və “Saçlar ağarmasın, neyləsin”, “O hansı məkandır?” adlı kitabları bu sənətkarların yaradıcılığını hərtərəfli şəkildə işıqlandıran ən gözəl mənbələrdir. Nazim Quliyev, həmçinin müxtəlif konfrans və yubileylərdə samballı elmi çıxışları ilə də seçilmişdir. O öz qələmini bir istedadlı şair kimi də sınayaraq “Ali məhəbbət” adlı şeir məcmuəsi də yazmışdır.
Bir pedaqoq kimi də Nazim Quliyevin fəaliyyəti diqqətəlayiqdir. O, istedadlı müəllim kimi gənc musiqiçilər nəslinin yetişdirilməsində son dərəcə səmərəli fəaliyyət göstərmişdir. 2006-cı ildən o, Azərbaycan Milli Konservatoriyasının dosenti elmi adını almışdır.
Nazim Quliyevin ölkəmizin musiqi təhsili və musiqi mədəniyyətinin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və o, 2000-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür.
Naxçıvan torpağının bəstəkar oğlu, ömrünün müdriklik çağını yaşayan Nazim Quliyevin bu il 75 yaşı tamam olur. Bu münasibətlə bəstəkarı ürəkdən təbrik edir, ona can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edirik.
Rüxsarə HÜSEYNOVA
musiqişünas, Naxçıvan Dövlət Universitetinin müəllimi
Digər xəbərlər