NAXÇIVAN :

27 Avqust 2026, Cümə axşamı

Sənət dünyamızın dörd bucağından görünən abidə adam – Tofiq Bakıxanov

...

Xalq şairimiz Osman Sarıvəlli bir şeirində hər kim yüz il yaşamasa, günahın onun özündə olduğunu deyir. Şair bu misraları ilə əsrə bərabər ömür yaşamağı insan üçün ən ali mükafat hesab edir, uzun və bərəkətli bir həyatı yaradılışın dəyəri adlandırırdı. Sözsüz ki, yüz yaşa çatmaq hər insan üçün gözəl nemətdir. Ancaq bu ömrü sevdiyin peşəyə həsr etmək, tutduğun yolda əmin addımlarla irəliləmək, sevdiklərinin, doğmalarının və ən əsası, xalqın yaddaşında əbədiləşən xatirəyə çevrilmək əldə etdiyin mükafatların fövqündə dayanır. Belə şəxsiyyətlərdən biri də Azərbaycanın çoxəsrlik sənət dünyasında əsrə yaxın ömür yaşayan, xalqımızın yaddaşında abidələşən, Üzeyir Hacıbəyovun yaratdığı məktəbin ənənələrindən bəhrələnən, Qara Qarayev kimi görkəmli sənətkarların ziyası ilə işıqlanan nümunəvi vətəndaş-bəstəkar Tofiq Bakıxanov idi. Düzdür, o, 100 yaşını qeyd edə bilmədi. Lakin geriyə sətirlərə sığmayacaq dəyərli irs-miras buraxdı. 96 illik həyatını neçə-neçə işıqlı gəncə yol göstərməyə, milli bəstəkarlıq məktəbimizin zənginləşməsinə həsr etdi. Bir sözlə, bəstəkar, professor, Xalq artisti Tofiq Bakıxanov Azərbaycan bəstəkarlıq məktəbinin yaddaşında abidələşən şəxsiyyətə çevrildi.

O, Azərbaycan tarixində nümunəvi xidmətləri ilə iz buraxmış Bakıxanovlar nəslindən idi. Bu nəslin ən böyük simalarından biri olan Abbasqulu ağa Bakıxanov Tofiq müəllimin ulu babası olub. Bakıxanovlar ailəsinin tarixi ilə bağlı xatirələrində Tofiq müəllim bu nəslin keçdiyi yolu, Quba ilə bağlılığın necə yarandığını danışıb. Bu gün Əmsar kəndində Abbasqulu ağa Bakıxanovun ev-muzeyinin fəaliyyət göstərməsi də həmin tarixi bağların yaşadılmasının göstəricisidir.

Tofiq Bakıxanov 1930-cu ildə Bakıda, görkəmli tarzən, Azərbaycanın Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki onillik musiqi məktəbində skripka üzrə alıb. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas üzrə təhsil alıb, 1953-cü ildə skripka, 1957-ci ildə isə bəstəkarlıq ixtisasını bitirib.

Hələ uşaqlıq illərindən Üzeyir Hacıbəyov kimi dəyərli şəxsiyyətlə ünsiyyətdə olması onun sənət taleyinə böyük təsir göstərib. Tofiq Bakıxanovun xatirələrində Üzeyir bəyin ona verdiyi məsləhətlər xüsusi yer tutur. Üzeyir bəyin tövsiyəsi ilə Tofiq skripka, qardaşı Məmmədrza violonçel, bacısı Zivər isə fortepiano üzrə təhsil alıb.

Üzeyir bəyin məsləhəti ilə sənət aləminin qapılarını açan Tofiq Bakıxanov sonrakı illərdə özünə ustad hesab etdiyi Üzeyir Hacıbəyovu böyük hörmət və minnətdarlıqla yad edəcəkdi. Onun üçün Üzeyir bəy yalnız müəllim deyil, həm də mənəvi valideyn, ideal vətəndaş-sənətkar idi. Təsadüfi deyildi ki, 1948-ci ilin noyabrında dahi bəstəkarın vəfatından sonra təsis edilən “Üzeyir Hacıbəyov” təqaüdünə layiq görülən ilk tələbə də Tofiq Bakıxanov olub.

Tofiq müəllim xatırlayırdı ki, 1947-ci il sentyabrın 27-də Bakıda, Opera və Balet Teatrında Nizami Gəncəvinin 800 illiyi münasibətilə keçirilən təntənəli konsertdə onun da adı vardı. O illərdə 14 yaşı olan Tofiq Bakıxanov səhnəyə çıxır, Belçika bəstəkarı Anri Vyötanın “Skripka üçün konsert”ini ifa edir. İfa başa çatdıqdan sonra gözləri Üzeyir bəyi axtarır və onu gülümsəyən halda görür.

Bir neçə gün sonra konservatoriyaya qəbul imtahanları üçün sənədlərini təqdim edəndə yubiley konsertindəki çıxışının mükafatını alır. Ona deyirlər ki, Üzeyir bəy tapşırıb: “Sizi konservatoriyaya imtahansız götürürük”.

Tofiq Bakıxanovun yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər mühüm yer tutur. O, “Xəzər balladası”, “Şərq poeması” və “Xeyir və Şər” baletlərinin müəllifidir. Bəstəkar Nəriman Məmmədovla birgə musiqili komediyalar yazıb. 

Tar və müxtəlif musiqi alətləri ilə simfonik orkestr üçün konsertlər, sonatalar, simfonik muğamlar simfoniyalar, simfonik poemalar, kamera əsərləri, 100-dən artıq mahnı və romans yaradıb.

Tofiq Bakıxanov dünyasından söhbət açarkən onun Naxçıvana etdiyi səfərlərdən, bu qədim yurd yeri ilə bağlı zəngin təəssüratlarından danışmamaq mümkün deyil. Müsahibələrinə nəzər saldıqda görürük ki, onun muxtar respublikada keçirdiyi görüşlər, Naxçıvan Dövlət Universitetində keçdiyi ustad dərslərinin hər biri böyük əhəmiyyət daşıyıb. Bir sözlə, bu qədim diyar bəstəkar üçün yalnız ilham mənbəyi deyil, xatirələri, dostları, tələbələri və musiqi duyğuları ilə bağlandığı doğma ünvana çevrilib.

Bakıxanovun Naxçıvan sevgisi təsadüfi yaranmayıb. Bəstəkarın özünün söylədiyi kimi, onun Naxçıvana səfərləri həyatının ən gözəl xatirələri sırasında yer alır. O bütün səfərlərini maraqlı və yaddaqalan hesab etsə də, 2016-cı ilin oktyabrında Naxçıvana gəlişindən xüsusi təəssüratla qayıtdığını bildirirdi. Həmin səfərdə Naxçıvanın elm, təhsil və mədəniyyət mühitini yaxından görməsi, sənət adamları ilə görüşləri, vaxtilə dərs dediyi tələbələri yenidən görməsi bəstəkar üçün xüsusi məna daşıyıb.

Bu görüşlərin arxasında maraqlı bir sənət bağlılığı da dayanırdı. Naxçıvanda Əhməd ağa Bakıxanovdan – Tofiq Bakıxanovun atasından – musiqinin sirlərini öyrənmiş sənətkarlarla qarşılaşmaq, ardınca öz keçmiş tələbələri ilə görüşmək bir növ üç nəsil arasında yaranan sənət körpüsünün təməllərini daha da möhkəmləndirirdi. Belə məqamlar göstərirdi ki, sənətdə zaman dəyişsə də, müəllimdən tələbəyə ötürülən ənənə öz yolunu davam etdirir.

Tofiq Bakıxanov Naxçıvanı yalnız xatirələrində yaşatmayıb. O bu sevgini notlara köçürüb. “Naxçıvan”, “Nurlu Naxçıvan”, “Arpaçay”, “Batabat bağları” kimi əsərlər qədim diyara bəstəkar baxışının musiqidəki ifadəsidir. Onun “Naxçıvan” əsəri və “Naxçıvan təranələri” məcmuəsi də bəstəkarın bu diyara bağlılığının sənədləşmiş nümunələrindəndir.

Bu əsərlər içərisində “Naxçıvan” simfoniyettası xüsusi diqqət çəkir. Əsərdə Naxçıvanın yalnız təbiət gözəlliklərini deyil, onun tarixi və mənəvi yaddaşını da hiss etmək mümkündür. Əcəmi Naxçıvani, Hüseyn Cavid, Babək, Heydər Əliyev kimi şəxsiyyətlərdən tutmuş Batabatın təbiətinə qədər bir çox milli-mənəvi çalar bu musiqi dünyasında öz əksini tapır. Təsadüfi deyil ki, bu əsər haqqında yazarkən onun sanki Naxçıvanın tarixini və mədəniyyətini musiqi dili ilə danışdığı vurğulanıb.

Xatirələrdən öyrənirik ki, Bakıxanovun Naxçıvanla bağlı yaradıcılığının daha bir maraqlı səhifəsi “Həmişə bizimləsən” simfonik poemasıdır. Ümummilli Lider Heydər Əliyevə həsr olunan bu əsərin Naxçıvan səfərlərindən sonra yarandığı və ilk dəfə bəstəkarın 75 illik yubileyi münasibətilə məhz Naxçıvanda səsləndirildiyi qeyd olunur.

Tofiq Bakıxanovun 75, 80 və 85 illik yubileylərinin Naxçıvanda keçirilməsi də sənətkarla bu qədim diyar arasındakı qarşılıqlı mənəvi bağın bariz nümunəsidir.

96 illik ömrünün hər anını musiqiyə, sənətə və insanlara xidmətə həsr edən Tofiq müəllim çoxsaylı əsərləri ilə Azərbaycan musiqi xəzinəsini daha da zənginləşdirdi. Onun yaradıcılığında milli musiqi ənənələri ilə peşəkar bəstəkarlıq üslubunun vəhdəti xüsusi yer tutur. Baletlərdən simfoniyalara, simfonik muğamlardan konsert və sonatalara, kamera əsərlərindən mahnı və romanslara qədər uzanan yaradıcılıq yolu sənətkarın çoxşaxəli istedadının parlaq göstəricisidir.

Bəstəkar, professor, Xalq artisti Tofiq Bakıxanov yalnız əsərləri ilə deyil, pedaqoji fəaliyyəti, ziyalı mövqeyi, sənətə sədaqəti və insanlara münasibətilə də yaddaşlarda əbədi iz buraxdı. O, neçə-neçə gəncin sənət yoluna işıq saldı, onlara musiqinin yalnız peşə deyil, həm də böyük məsuliyyət və mənəvi missiya olduğunu aşıladı.

Bu gün Tofiq Bakıxanov aramızda yoxdur. Ancaq onun musiqisi, xalqımıza əmanət buraxdığı bir-birindən qiymətli əsərlər yaşayır. Onun yaratdığı əsərlər səsləndikcə, adı çəkildikcə, tələbələri və sənət dostları onu xatırladıqca sənətkarın ömrü davam edir. Çünki bu həyatda bəzi ömürlər var ki, onların sonu olmur – zaman keçdikcə, illər bir-birini əvəzlədikcə bu ömürlər silinməz yaddaşa və xalqın ruhunda kök salmış əbədi sənətə çevrilir.

          Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 27.08.2026 09:35