NAXÇIVAN :

04 Sentyabr 2026, Cümə

Seneqallı nazir ölkəsində “ASAN xidmət” modeli əsasında dövlət xidmətləri mərkəzlərinin qurulacağını bildirib

...

Seneqal Respublikasının dövlət qulluğu, əmək və dövlət xidmətinin islahatı naziri Mamadou Lamine Diantenin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və burada tətbiq olunan innovasiyalar barədə ətraflı məlumat verib.

Milli brendimiz olan “ASAN xidmət”in intellektual məhsul kimi ixracı istiqamətində 35-dən çox ölkə və beynəlxalq təşkilatla müqavilələr imzalandığı diqqətə çatdırılıb.

Görüş zamanı 2025-ci ilin 3 iyun tarixində tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində görülmüş işlər və nəzərdə tutulan fəaliyyətlərə dair müzakirələr aparılıb.

Seneqal tərəfi qısa müddət ərzində ölkələrində “ASAN xidmət” modeli əsasında dövlət xidmətləri mərkəzlərinin qurulacağını ifadə edib.

Görüşdə İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov da iştirak edib.

Nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olub.

Nəşr edilib : 04.09.2026 10:47