Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
"Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət Bayrağı dalğalanır...Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir".
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bir payız gecəsində aləmə nursaçan Ayın işığında xəfif küləyin asta-asta dalğalandırdığı şanlı zəfər bayrağını seyr edərkən Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin “Bayraq” şeirinin bu sətirlərini xatırlayıram:
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq – öz yurduma öz hakimliyim.
Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.
Düşüncələrim məni illər öncəyə aparır, tarixin tozlu səhifələrindən çıxıb neçə-neçə igid Azərbaycan oğlunun əlində göylərə ucalan, o ucalsın, yerə düşməsin deyə canından keçən qəhrəmanlar gəlir gözlərim önünə. İyirminci əsrin əvvəllərində bu torpağın başı üstə cəmi 23 ay dalğalanan üçrəngli, ay-ulduzlu bayraq gəlir ağlıma. Şərqdə ilk demokratik ölkəni yaradan Vətən oğullarının əlində müstəqil Azərbaycanın başı üstə ucalan bayraq. Üçrəngli, ay-ulduzlu Azərbaycan Bayrağı. Əhməd Cavadın “Üçrəngli bayrağınla məsud yaşa” yazdığı, Üzeyirin musiqisi ilə dillərə düşən, sadə bir azərbaycanlı qadının əli ilə üç rəngi bir-birinə birləşdirib ay-ulduzla bəzədiyi bayraq. Müstəqil Azərbaycanın başı üstə cəmi 23 ay dalğalanan o bayraq.
Xain əllər illər öncə göylərdən endirdi o bayrağı, amma xalqımızın ürəyindən silə bilmədi. Ən dəyərli xəzinə kimi saxlandı, əzizləndi, gizlin-gizlin çıxarılıb neçə-neçə anaların, ataların sinəsinə basıldı, gözyaşı ilə islandı.
Düz 70 il Vətənin gözləri doldu, bağrı yandı başı üstündə sovet bayrağı dalğalananda. Həmin 70 il ki biz öz ata-babalarımızdan miras qalan bütün yadigarlarımız kimi öz milli rəmzimiz olan bayrağımızı sandıqda gizlətməli olduq. Sovet rəhbərləri əsarət zəncirini daha da bərkitmək üçün başımız üzərində çəkic-oraqla bəzənmiş bayraq assalar da, bizim qəlbimizdə türklüyün, istiqlalın, İslamın ay-ulduzlu bayrağı gizlin-gizlin, yana-yana dalğalanırdı. Nənəmizin sandığında saxladığı o bayrağın qədim Azərbaycanın başı üstə gec-tez dalğalanacağına əmin idik.
Çünki biz Atabəylərin, Kəngərlilərin igid oğullarının uğrunda can verdiyi hilalın eşqini ürəyimizdə yaşadırdıq daim. Həmin gün gəldi. Tarixi bir gündə üçrəngli bayrağımız doğma Naxçıvanımızdan qanad açıb Vətənimiz Azərbaycanın başı üzərində sülh göyərçininə, azadlıq carçısına döndü. Tanrı da haqqımızı haqq elan etdiyi həmin gün anaların sandığında illərdir, ən dəyərli xəzinəsi kimi mühafizə edib saxladığı üçrəngli, ay-ulduzlu bayraq məhz burada, qədim Oğuz yurdu, Azərbaycanın göz bəbəyi Naxçıvanda, Vətən oğlu Ulu Öndər Heydər Əliyevin əllərində göylərə çəkildi. Göylərə ucalan şərəfimiz yüz illərdir, bu bayrağı öz canı, qanı bahasına qoruyan oğulların ruhunu şad etdi.
Bu həmin illər idi ki, Naxçıvanda ucalan üçrəngli bayraq Qarabağda sapı özümüzdən olan baltaların əli ilə Şuşa qalasında, Laçında, Cəbrayılda sökülüb yerə atıldı. İllər boyu həsrətlə gözlədi bu bayraq Şuşada dalğalanacağı günü. Azərbaycan əsgəri işğalda olan torpaqlara bir gün bu bayrağı sancmaq ümidi ilə yaşadı. Qəlbində bayraq, Vətən eşqi daşıya-daşıya dözdü, gücləndi. Və həmin gün gələndə şəhid qanına bələnən bayraqlar bəzədi Qarabağın səmasını. Laçında, Xudafərində, Zəngilanda başı üstə ağ göyərçinə dönmüş şəhid ruhları dolaşan Azərbaycan Bayrağını görəndə əmin olduq öz yurdumuzun hakimi olduğumuza. Kimi bayrağa sarılıb gəldi, kimisi bayraq çiynində. Vətən savaşında gördüyü son mənzərə Şuşa qalasına sancılan zəfər bayrağı olan qazi “Gözümün nuru Qarabağda dalğalanan üçrəngli bayrağımdır!” – dedi.
Balasını Vətənə qurban edən analar övladlarının ətrini tabutları bəzəyən bayraqdan alıb, şəhid məzarı başında qürurla dayandı. Şəhid anaları qələbə bayrağını oğlunun bəy köynəyi bildi. Bax o zaman minnətdar olduq Azərbaycan Bayrağını bütöv Vətənin səmasında dalğalandıran oğullara. Və o zaman şanlı bayrağımız bütöv Azərbaycanın başı üstündə dalğalanıb “Gözün aydın, Vətən!” – dedi. Azərbaycan Bayrağını bütöv Vətənin səmasında dalğalandıran oğulların igidliyi dastana dönüb dillərə düşəndə bütün dünya azərbaycanlıları göylərdə qürurla dalğalanan bayrağa baxıb fərəh hissi keçirdi.
Bu gün daha qürurludur bu bayraq, ay-ulduzu şölə saçır, çünki o, bütöv Vətən olub daha. Çünki o, Şuşa qalasında, Xankəndidə dalğalanır daha. Çünki o, şəhid oğulların bəy paltarı, zəfər bayrağı olub daha.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər