NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Şəlalə bürünüb qızıl şəfəqə

...

Tez-tez yolumuz qədim tarixi abidələrlə zəngin olan Ordubad rayonuna düşür. Bu diyarın özünəməxsus təbiəti, əsrlərboyu qorunan, nəsildən-nəslə ötürülən adət-ənənələri bu yurd yerinin özəllikləri və gözəllikləridir. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı, günü-gündən cavanlaşan qədim Ordubad zəngin təbiət abidələri ilə də çox məşhurdur. Ruhumuzu oxşayan bu ecazkar gözəlliklər qızmar yay aylarında belə buraya üz tutanlara, bu cür mənzərələrdən zövq alanlara fərqli bir dünya yaşadır, könlümüzə sərinlik gətirir. Gələk mətləb üstünə. Ordubad həm də öz şəlalələri ilə tanınır. Qarlı dağların göz yaşı tək süzülüb axan belə təbiət gözəlliklərindən biri ucqar dağ yaşayış məntəqəsi olan Pəzməri kəndi ərazisindəki Qaplançay şəlaləsidir.

Öncə onu deyim ki, haqqında oxuduğumuz, eşitdiklərimiz bizi oraya getməyə necə tələsdirirdisə, bu ünvanın yolunun çətin olduğunun fərqində belə deyildik. Odur ki, “Yolçu yolda gərək”, deyib yola düzəldik. Şəlaləyə bəzilərinin atlarla gəldiklərinin şahidi olduq. Qayalıqlar arasından çağlayan həmin şəlalə oraya üz tutan hər kəsi öz ovsununa alır. “Şərq qapısı” qəzetinin kollektivi olaraq biz də bu günlərdə həmin təbiət abidəsinin qonağı olduq, onun ovsununa düşdük… Yadıma nə vaxtsa oxuduğum bir şeirin misraları düşdü:

Şəlalə bürünüb qızıl şəfəqə,

Qayadan tərtəmiz, durğun düşəcək.

Xəlvətcə bir gülün öpdüm üzündən,

Bülbüllər eşitsə qırğın düşəcək.

Elə burada belə qənaətə gəldik ki, ölkəmizin başqa bölgələrindən Naxçıvana gələn insanların,  əcnəbi turistlərin də üz tutduğu məkanlardan biri olan Qaplançay onların da istirahət xatirələrində özünəməxsus iz buraxır, yurd yerimizin bu əsrarəngiz ünvanı haqqında gözəl təəssüratlar yaradır. Şəlalənin adının etimologiyası ilə də maraqlandıq. Sakinlərin dediyinə görə, həmin ərazidə vəhşi heyvanlar və qaplanlar çox olur. Onlar da belə düşünürlər ki, yəqin, şəlalənin adı bununla bağlıdır.

Qarşıda bizi daha böyük bir şəlalənin gözlədiyini düşünüb, Qaplançayda bir az dincəldikdən, ordubadlıların təbirincə desək, nəfəsimizi dərdikdən sonra gördüyümüz mənzərələr barədə oxuculara danışıb onların vaxtlarını almaqdansa, həmin görüntüləri fotoaparatımızın yaddaşına köçürtdük. Artıq yoldayıq.

Kəndin adını daşıyan, sərin çay suyu ilə əks istiqamətdə yerləşən Pəzməri şəlaləsinə doğru hərəkət elədikcə uşaq kimi sevinirdik. Marağımız  bizi təbiətin qoynuna daha tez çatmağa səsləyirdi. Nəhayət... Budur, saçlarını açıb əndamına tökmüş xatın kimi gözümüz önündə təbiət gözəli Pəzməri şəlaləsi... Biz də uzaqdan-uzağa bu yerlərə ayrı bir yaraşıq bəxş edən dağ keçilərini görə bildik; yadıma Gəmiqayada rastlaşdığımız ayaq izləri düşdü. Belə gözəlliyi yaradan Ulu Tanrının qüdrəti qarşısında baş əyməmək olarmı? Həmişə təbiəti özünə munis bir dost hesab edən insan belə bir məkanda özünü necə hiss edər?

Şırıltısı, havalanan xoş səsi,

Möcüzədir bu İlahi töhfəsi.

Qorxudanmı avazıyıb çöhrəsi–

Bu gözəli saçlarından kim asıb?

Məlumat üçün bildirək ki, Pəzməri şəlaləsi rayonun Ayıçınqılı aşırımından 3707 metr hündürlükdən başlayan eyniadlı çayın üzərində yerləşən təbiət abidəsidir.

Sərfi, axının sürəti, kinetik enerjisi və gücü ilə fərqlənən şəlalə Azərbaycanda ən böyük şəlalələrdən biridir. Yuxarı axarlarda dərələrdən keçən, əsasən, bulaq və qar suları ilə qidalanan Ayıçınqılı çayı Vənəndçaya töküldüyü yerin yaxınlığında, dəniz səviyyəsindən 2161 metr hündürlükdə gur şəlalə yaradır. Şəlalə isə Pəzmən çayına qovuşur...

Bu təbiət abidələrinə doyunca tamaşa etdikdən sonra yola düşməyə hazırlaşırıq. Lakin, necə deyərlər, ayaqlarımız getmək istəmir, sanki doğma diyarımızın belə gözəl mənzərələrini bir qədər də seyr edin, – deyir.

Ürəyimizdə “Hələlik, əlvida, Qaplançay, sağlıqla qal, Pəzməri şəlaləsi”, – deyib ayrılmağa qərar veririk...

Aidə İBRAHİMOVA

Nəşr edilib : 29.08.2024 11:48