Türkiyənin diviziya generalı Azərbaycanın İstanbul...
00:33 08.01.2025
0
0
0
NAXÇIVAN :
08 Yanvar 2025, Çərşənbə
Təyin edilmiş zamanda zalda tamaşaçılar üçün hazırlanmış kresloda əyləşib tamaşanın başlanmasını gözləyirik. Budur, artıq vaxtdır. Anidən zal qaranlığa qərq olur. Pərdə arxasından zəif işıq ətrafa şölələnir və yavaş-yavaş pərdə açılır. Aktyorlar səhnəyə daxil olur və tamaşa başlanır. Bunlar hər biri bizim gözlərimiz önündə baş verir. Bir də pərdə arxasında olan proseslər var ki, bunları isə demək olar ki, çoxumuz görmür və bilmirik. Bu, aktyorun səhnəyə hazırlanma prosesidir. Burada əsas rollardan birini qrim sənəti oynayır. Aktyorun ifa etdiyi rolu tam əks etdirməsi üçün qrim mütləqdir. Bu prosesin necə baş verdiyinin, səhnə arxasında nələrin yaşandığının şahidi olmaq üçün Naxçıvan Dövlət Milli Dram Teatrının qrim otağına daxil oluruq. Burada xüsusi təlaş nəzərə çarpır. Çünki tamaşanın başlanmasına artıq bir saatdan az qalır. M.Ü.Görgülünün müəllifi, Səməd Canbaxşiyevin quruluşçu rejissoru olduğu “Cibimizdəki dəlilik” tamaşası psixoloji məzmun daşıdığından aktyorlar da rollarına uyğun dona bürünürlər. Və bu anda rol artıq müsahibim Göyərçin Məmmədovadadır. Göyərçin xanımla elə iş başında tanış olur və öyrənirik ki, gənc xanım artıq dörd ildir, qrimçi-rəssam kimi çalışır. Naxçıvan Dövlət Milli Dram Teatrında isə iki ildir ki, fəaliyyət göstərir. Təsviri-incəsənət fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisasını bitirən müsahibim deyir ki, təhsil aldığı müddətdə istər universitetin, istərsə də peşəkar teatrların tamaşaları hər zaman diqqətini cəlb edib. Personajların görüntüsü, səhnə rəssamlığı bir rəssam kimi onda maraq oyadıb. Məhz bu səbəbdən IV kursda təhsil alarkən özünü qrimçi-rəssam olaraq sınamaq qərarına gəlib. Müxtəlif universitet tamaşalarında, tədbirlərdə, peşəkar teatrların tamaşalarında personajların qrimlərini edib. Peşəkar kimi fəaliyyət göstərmək istədiyindən bir çox qrimjorluq kurslarında özünü təkmilləşdirib: – Qrim aktyorun xarici görünüşünü dəyişib onu ifa etdiyi obraza uyğunlaşdırır. Həmçinin xarici görünüşlə yanaşı, aktyorun daxilən obraza daha tez bürünməsinə yardımçı olur. Qrimlə aktyorun dəri rəngini, üz cizgilərini, burun formasını dəyişə bilir, onu cavanlaşdırıb qocalda, yaxud üzündə və bədənində çapıqlar və müxtəlif növ zədələnmələr yarada bilirik.
“Qrim edərkən nələrdən istifadə edirsiniz? – sualımızı Göyərçin xanım belə cavablandırdı: – Qrim edərkən xüsusi qrim paletlərindən, ten paletlərindən, müxtəlif üz hissələri yaratmaq və yaşlandırma qrimi etmək üçün “latex”dən, üzdə və bədəndə çapıq yaratmaq üçün “kollodiya”dan, müxtəlif növ zədələnmələr yaratmaq üçün “qumoz”dan (xüsusi mum), jelatin geldən, süni qanlardan və sair istifadə olunur. Pastij məmulatlarını latexdən, jelatindən və qumozdan hazırlanmış detalları dəriyə yapışdırmaq üçün isə xüsusi yapışqanlardan istifadə edirik.
Göyərçin xanım qeyd edir ki, hər qrimin özünün ayrı bir müddəti var. Məsələn, ümumi tonlama qrimi üçün 2-3 dəqiqə bəs edir. Yaşlanma qrimi üçün 5-10 dəqiqə, sadə çapıq izi üçün 5 dəqiqə kifayətdir. Lakin üzdə və ya bədəndə dərin yara effekti yaratmaq, yaxud bənzətmə qrimi etmək üçün daha çox vaxt lazımdır. Bu proses bəzən 20, bəzən 30 dəqiqə, bəzən isə bir neçə saatı əhatə edə bilir. Bu, yaranın dərinliyindən və qrimin necə göründüyündən asılıdır. Tamaşadakı rollardan asılı olaraq qrimlər sadə və mürəkkəb tonlama şəklində olur. Bugünkü tamaşada isə nisbətən sadə tonlamalar edəcəyik.
Qeyd edək ki, aktyorların səhnəyə və ifa etdiyi rola uyğunlaşdırılmasında digər xüsusi yeri pastij məmulatları tutur. Saç və hörüklərin düzəldilməsi ilə məşğul olan qrim ustaları postijor adlanır. “Pastij nədir, necə hazırlanır?” və sair kimi məlumatları teatrda 14 ildir ki, pastijor vəzifəsində çalışan Tünzalə Nəbiyevadan alırıq.
Tünzalə xanım deyir ki, pastij süni saç deməkdir və qrim zamanı obrazı tamamlamaq üçün istifadə edilir. Rollara uyğun olaraq müəyyən rəng və ölçülərdə təbii və süni saçlardan parik, hörük, qaş, bığ, saqqal və sair məmulatlar hazırlanır. Bu məmulatların hazırlanmasında tresbank, karda, qarmaq kimi xüsusi alətlərdən, onların toxunmasında isə tüllər və millərdən istifadə edilir.
Ümumiyyətlə, qeyd etməliyik ki, aktyorluq sənəti çox ecazkardır. Burada bütün mənliyinlə həm xarici görünüş, həm daxilən o rolla bütünləşməlisən ki, tamaşaçı səni başqa bir insan kimi təsəvvür edə bilməsin.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər