Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaş...
23:23 10.02.2026
0
0
0
NAXÇIVAN :
11 Fevral 2026, Çərşənbə
“Beş il kadr arxasında yaşananları izləmək pərdəarxasında görünməyən zəhmətin şahidi olmaq üçün kifayət edir”. Bu sözləri mənə “Naxçıvan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində rejissor kimi fəaliyyət göstərən İlham Vəliyev deyir. 5 ildir ki, o, rejissor olaraq kadr arxasındadır, daha doğrusu, tamaşaçı onun özünü yox, hazırladığı verilişləri görür. Uşaqlıqdan onun iş prosesi mənim üçün adi bir peşə yox, səhnənin içində gizlənən böyük bir dünya olub. Rejissorluq sənəti çoxlarının gördüyü parlaq işıqlardan, alqışlardan daha dərin, daha çətin bir zəhmət tələb edir. Hər bir detala, izləyicinin baxışına, səhnənin ruhuna qədər düşünmək bu sənətin görünməyən tərəfləridir. Məhz bu səbəbdən onunla səhnə arxasında yaşanan çətinliklər, bu sahədə qazandığı təcrübələr və tamaşaçının görmədiyi zəhmət barədə söhbət etmək istədim.
Bəzən bir səhnənin gözəlliyi, bir kadra düşən incə detal, sadəcə, görünən simaların deyil, kamera arxasında dayanan insanların fədakarlığının nəticəsidir. Mənim atam İlham Vəliyev də illərdir, bu görünməyən zəhmətin içindədir. Uşaqlıqdan televiziyada işləməyi arzulayan və bu arzusuna çatan atam bu gün artıq rejissor kürsüsündə əyləşib:
“Uşaqlıqdan arzum operator olmaq idi. 1999-cu ildə iş həyatına başladım, amma əvvəlcə televiziyada işıqçı olaraq. Bir neçə ildən sonra operator vəzifəsinə keçdim. 2002-ci ildə səs rejissoru, 2007-ci ildə isə kinooperator ştatında çalışdım. 2019-cu ildən rejissorluğa təyin edildim. Amma operatorluqdan da ayrılmadım. Bir müddət hər iki işi paralel aparırdım”.
Onun rejissorluq yolunda ilk işi 2019-cu ilə təsadüf edir. Bu illər ərzində onun illərlə topladığı təcrübə bəhrəsini verməyə başlayır: “İşıqçılıqdan rejissorluğa çatmaq qürurvericidir. İnsan çalışdığı işə görə çəkdiyi əziyyəti görəndə daha çox məsuliyyət hiss edir. Mənim üçün əsas məsələ tamaşaçıya gördüyüm işi göstərməkdir. Əgər tamaşaçı səni görmürsə belə, sən o tamaşanı ona göstərməyi bacarmalısan”.
Rejissorluğun çətin tərəfləri haqqında danışarkən o deyir ki, tamaşaçılar bəzən ekranın arxasında baş verən əziyyəti görə bilmirlər: “Hər kəs televiziyada verilişləri izləyir, amma o çəkilişlər zamanı operatorun, rejissorun çəkdiyi əziyyəti görmür. Səhnənin düzgün qurulması, işıqlandırılması, operatorla rejissorun birgə əməkdaşlığı olmasa, o verilişin gözəlliyi tam görünməz. Operatorla rejissor əl-ələ verib o işi yerinə yetirirlər”.
Hazırda İlham Vəliyev ictimai-siyasi verilişlərdən tutmuş musiqili-əyləncəli proqramlara qədər geniş spektrdə verilişlərə rejissorluq edir. Bu işdə əsas diqqət etdiyi məqam isə səhnənin düzgün quruluşudur: “Hər bir verilişin səhnəsi düzgün qurulmalıdır. Qonaqların yerləşdirilməsi, işıqlandırma, dekorasiya – bütün bu işlərə rejissor cavabdehdir. Tamaşaçı, sadəcə, ekranda nəticəni görür, amma arxasında dayanan xırda detallar var ki, onları düzgün idarə etmək rejissorun işidir. Mənim üçün bu peşənin ən sevdiyim tərəfi isə izləyicidən gələn müsbət reaksiyalardır. Əgər sənin çəkdiyin veriliş izləyicilər tərəfindən bəyənilirsə, bu sənin uğurundur. Ürəklə işinə yanaşmalısan ki, daha çox alqışa layiq görüləsən”.
Onun gəldiyi qənaət: “Hər bir verilişin döyünən ürəyi rejissordur. Əgər rejissor ürəklə işləyirsə, o veriliş də ürəklərdə yol tapır”.
Zəhra VƏLİYEVA
Digər xəbərlər