NAXÇIVAN :

23 Fevral 2025, Bazar

Səhiyyə Nazirliyində Dövlət proqramlarının icrası ilə bağlı iclas keçirilib

...

Səhiyyə Nazirliyində Dövlət proqramlarının icrasının təmin edilməsi istiqamətində illik fəaliyyət planlarının yerinə yetirilməsi, mövcud çatışmazlıqlar və həyata keçirilə biləcək yeniliklərin müzakirəsini özündə ehtiva edən iclas keçirilib.
Səhiyyə sahəsində həyata keçirilən Dövlət proqramlarının icra vəziyyəti, proqramlar çərçivəsində planlaşdırılan tədbirlərin reallaşdırılması, səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə dair məsələlər diqqət mərkəzində olub.
İclasda onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı, qan donorluğu və qan xidmətinin inkişafı üzrə Dövlət Proqramı, vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı, yoluxucu xəstəliklərin İmmunoprofilaktikası üzrə Tədbirlər Proqramı, ana və uşaq sağlamlığının yaxşılaşdırılması üzrə Dövlət Proqramı, HİV/AİDS-in qarşısının alınması və onunla mübarizə üzrə Dövlət Proqramı, xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı, şəkərli diabet xəstələri üzrə Dövlət Proqramı, habelə hemofiliya və talassemiya kimi irsi qan xəstəlikləri üzrə Dövlət Proqramının icrasına dair ətraflı müzakirələr aparılıb, icranın cari vəziyyəti və perspektiv istiqamətlər dəyərləndirilib.
Bununla yanaşı, proqramlar çərçivəsində həyata keçirilən tibb xidmətlərinin səviyyəsinin daha da yüksəldilməsi, tibbi avadanlıqların səmərəli istifadəsi və şəhər və regionlarda tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində aparılan işlər qiymətləndirilib. 
İclasın yekununda aidiyyəti qurumlara mövcud problemlərin aradan qaldırılması və tibbi xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində tapşırıqlar verilib.

Nəşr edilib : 19.02.2025 08:56