NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Şəhidin doğum günü qeyd olunub

...

Şərur rayon Mədəniyyət Sarayında ötən il antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan Elçin İbrahimlinin 27-ci doğum  günü ilə bağlı tədbir  və  onun xatirəsinə həsr olunmuş "Vətən sənə oğul dedi" kitabının təqdimatı  keçirilib. Öncə   Dövlət Himni səsləndirilib, Ulu Öndərin və əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. 
Antiterror əməliyyatlarından bəhs edən videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyəti bacısının müavini Səfər Hüseynov bildirib ki,Vətən savaşı və antiterror əməliyyatı Azərbaycan  tarixinin şanlı səhifələrindən biridir.  Şəhidlərimiz torpaqlarımızı canı bahasına azad edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini təmin etdi. 
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun nümayəndəsi, polkovnik Şəhadət İbrahimov tədbirdə çıxış edərək bildirib ki,şəhidlər təkcə öz anasının yox, bütün Azərbaycanın balasıdır. Azərbaycan zabiti, əsgəri Ali Baş Komandanın rəhbərliyi ilə döyüşə atılıb Azərbaycan qadınının birinci Qarabağ müharibəsində tapdalanmış namusunu təmizlədi. Ordumuz illərdir qanayan yaranı sağaltdı.
Tədbirdə çıxış edən "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin sədri Mais Gülməmmədov, "Şərur Şəhid Ailələri" İctimai Birliyinin  sədri Rəhim Mədətov, "Naxçıvan Qaziləri" İctimai Birliyinin sədr müavini Əli Əlisoy, şəhid İbrahim Vəlizadənin anası Xurşud ana öz çıxışında igid Vətən oğullarının qəhrəmanlığından bəhs edib,  şəhid Elçin İbrahimlinin ailəsinə səbir diləyiblər. Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, dosent Elxan Yurdoğlu qeyd edib ki, Azərbaycan xalqı tarixboyu qəhrəman oğulları ilə fəxr edib. İgid oğullar Vətən savaşında və sonrakı hərbi əməliyyatlarda öz əcdadlarının yolunu davam etdirdilər. Onların hər biri bu xalqın qəhrəmanıdır. Onlar haqqında yazılan hər bir kitab qəhrəmanlıq dastanının boyudur. Bu baxımdan "Şərq qapısı " qəzetinin əməkdaşı Ramiyə Əkbərovanın şəhid Elçin İbrahimli haqqında yazdığı "Vətən sənə oğul dedi" kitabını da bir qəhrəmanın həyat dastanı hesab etmək olar. Kitabda şəhidin doğmalarının igid Vətən oğlu haqqında xatirələri və fotoları yer alıb. Onun qəhrəmanlığından danışılıb. 
Sonra tədbir bədii hissə ilə davam edib. Məktəblilərin, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının ifasında bədii qiraət, vətənpərvərlik ruhunda mahnılar ifa olunub. 
Sonda şəhid babası Fəxrəddin İbrahimov tədbir iştirakçılarına təşəkkür edib.

Nəşr edilib : 26.09.2024 20:56