NAXÇIVAN :

24 Yanvar 2026, Şənbə

Şəhid məzarı and yerimizdir

...

Gözəl bir payız səhəri doğulduğu torpaqdan yüzlərlə kilometr uzaqda “Öncə Vətəndir”, – deyib canından keçən igid oğullarımızdan birinin – şanlı Vətən zəfərinin şəhidi Məmməd Zamanlının  məzarı başında dayanmışam. Şəhidin gənc üzünə, gülən gözlərinə baxdıqca dərin bir kədər bürüsə də məni, tezliklə bu kədər qürurla əvəz olunur və deyirəm ki, şəhidim, canından keçdiyin o yerlərdə bilirsənmi indi nələr var? Getdim, gördüm, Azərbaycan əsgəri keşik çəkir, Vətənin üçrəngli bayrağı dalğalanır o dağlarda. Artıq beş ildir ki, illərlə həsrət qaldığı torpaqları əkib-becərir, gecələri isə öz doğma ocaqlarında rahat ömür sürür Laçının, Zəngilanın sakinləri... Artıq orada xoş günlər yaşanır. Düşmən gülləsindən uzaq yaşayış yerləri gülüstana çevrilib, beş ildir ki, bayram tonqalı qalanır Şuşada, Zəngilanda. Sakinlər hər gün bu gözəl sabahları onlara bəxş edən şəhidlərimizə Tanrıdan rəhmət diləyir. 
Hələ bu harasıdır? Sənə bir müjdəm də var! Vətən savaşındakı döyüşlərindən sonra 2023-cü ilin sentyabr ayında cəmi 23 saat 44 dəqiqəyə müzəffər Ordumuz Qarabağdakı mənfurların qalıqlarını da məhv etdi. Xocalıdan, Ağdərədən işğalçının izi birdəfəlik silindi, müqəddəs “Quran” səsi eşidildi, ən uca zirvəyə  Azərbaycan Bayrağı sancıldı. Həmin gün qələbə zəfəri yaşamağımız xalqımızın bir an belə düşünmədən canını Vətəni üçün qurban verməyə hazır olan sənin kimi igid oğullarımızın davamçılarının sayəsində oldu.
Şəhidim, canından keçdiyin Vətən göz bəbəyi kimi qorunur. Daha nə deyim sənə, şəhidim? Vətən üçün min canı olsa, verə biləcək şəhidim. Vətən həmişə şəhidləri ilə var olur. Sən heç nəyi düşünmədən sipər etdin öz canını düşmənlərə. Və bu gün başımızın üzərində dalğalanan bu bayraq sənin kimi oğulların canı bahasına ucalır. Hər bir gəncimiz üçün məzarlarınız and yerinə çevrilib, onlar bu məzarlara müqəddəs ziyarətgah kimi baxır, məzarlar önündə torpaqlarımızı göz bəbəyi kimi qoruyacaqlarına and içirlər. Şəhidim, səninlə təkcə ailən yox, bütün Azərbaycan xalqı qürur duyur. Sinədaşını bəzəyən “Azərbaycan Bayrağı” ordenini, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medallarını görən hər kəs sənin necə bir qəhrəman oğul olduğuna şahidlik edir. 
Qəhrəmanın məzarı başından ayrılanda baxışlarında qürur görürəm. Öz-özümə: “Fəxr duy, yurdumun igid oğlu”, – deyirəm, rahat uyu, igidlər yurdunun mərd əsgəri, uğrunda canını verdiyin o Vətən torpağı üzərində artıq Azərbaycan əsgəri keşik çəkir. Qarabağın azad olunması yolunda Cocuq Mərcanlıdan, Talış yüksəkliyindən başlayıb Qızılqaya zirvəsinə doğru yol alan zəfər yürüşümüz Şuşada tamamlandı. Azərbaycan Ordusu öz qüdrətini bir daha dünyaya nümayiş etdirdi. Hər kəs bir daha gördü ki, bu xalqın, bu millətin hər bir övladı istənilən anda irəli atılaraq düşmənə qalib gəlməyə qadirdir. Mənfur düşmən öz qanında boğuldu, sənin və sənin kimi yüzlərlə şəhidimizin qisası alındı. Və düşmən bir daha anladı ki, hər qarışı şəhid qanı ilə sulanan bu torpağın bir qarışı belə güzəştə gedilməyəcək. Sənin kimi qəhrəmanlar yetirən Vətən heç vaxt məğlub ola bilməz.  

Ramiyə ƏKBƏROVA
 

Nəşr edilib : 26.10.2025 15:00