Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Mək...
23:32 01.05.2026
0
0
0
NAXÇIVAN :
02 May 2026, Şənbə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı ili ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan etməsi dövlətin milli-mədəni irsə, şəhər mühitinin keyfiyyətinə və memarlıq düşüncəsinə verdiyi xüsusi önəmin bariz göstəricisidir. Bu Sərəncam təkcə memarlıq sahəsinə dair tədbirlərin intensivləşdirilməsi deyil, eyni zamanda şəhərsalma prosesinə milli kimlik, estetik məsuliyyət və tarixi yaddaş prizmasından yanaşmanın vacibliyini gündəmə gətirir.
Şəhər yalnız binalar toplusu deyil, xalqın dünyagörüşü, mədəni səviyyəsi, tarixə və gələcəyə münasibətinin məkan üzərindəki izidir. Bu baxımdan, Azərbaycan şəhərsalma mədəniyyəti əsrlərboyu təsadüfi yox, planlı, rəmzi mənalı şəkildə formalaşmış, memarlıqda ölçü, nizam əsas meyar olmuşdur. Tarixi şəhərlərimizdə memarlıq həmişə, sadəcə, funksional ehtiyaca deyil, estetik harmoniyaya və ideya bütövlüyünə xidmət etmişdir. Bu möhtəşəm ənənənin zirvəsində dayanan simalarından biri, şübhəsiz ki, Əcəmi Əbubəkr oğlu Naxçıvanidir. XII əsrdə yaşamış bu böyük sənətkar təkcə ayrı-ayrı memarlıq abidələrinin müəllifi deyil, bütöv bir memarlıq məktəbinin banisi kimi Azərbaycan şəhərsalma tarixində silinməz izlər qoymuşdur. Əcəmi yaradıcılığı Azərbaycan memarlığında ölçü, nizam və ritmin klassik modelini formalaşdırmışdır. Əcəmi Naxçıvaninin abidələrində diqqəti cəlb edən əsas cəhət formanın məzmundan ayrılmamasıdır. Onun yaradıcılığında həndəsi dəqiqlik, simmetriya və ornamentalistika, sadəcə, adi anlayışlar deyil, ideoloji və fəlsəfi məna daşıyıcılarıdır. Hər xətt, hər ritmik keçid memarlıq məkanında harmoniyanın qorunmasına xidmət edir. Bu isə şəhərsalma mədəniyyətinin ən ali prinsiplərindən biridir.
Əcəmi Naxçıvani şəhərsalma təfəkkürünün banilərindən biri kimi tarixə düşmüşdür. Dahi memarın yaradıcılığının ən kamil ifadəsi sayılan Möminə xatun türbəsi yalnız bir məqbərə deyil, daş üzərində qurulmuş memarlıq manifestidir. Türbənin ucalığı, onbucaqlı quruluşu, həndəsi dəqiqliyi, ornamentlərin ritmik düzümü Əcəminin memarlıq düşüncəsinin miqyasını aydın şəkildə nümayiş etdirir. Burada forma təsadüfi seçilməmişdir. Hər detal ölçülmüş, hər xətt ümumi harmoniyaya tabe edilmişdir. Bu isə şəhərsalma mədəniyyətinin əsas prinsipi olan vahid məkanda nizam və tarazlıqdır. Möminə xatun türbəsinin üzərində yer alan kufi yazılar və ornamental quruluş memarlığın, sadəcə, fiziki deyil, mənəvi məkan yaratdığını da göstərir. Yazı burada bəzək elementi kimi yox, memarlıq strukturunun ayrılmaz hissəsi kimi çıxış edir. Bu xüsusiyyət Əcəmi Naxçıvani məktəbinin şəhərsalma fəlsəfəsini açıq şəkildə ifadə edir: memarlıq yalnız gözə xitab etməməli, düşüncəni də formalaşdırmalıdır. Bu gün Möminə xatun türbəsi şəhərsalma mədəniyyətinin ən vacib nümunəsi kimi dövlət tərəfindən diqqətdə saxlanılır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il 22 may tarixli Sərəncamı ilə abidə üzərində bərpa və konservasiya işləri aparılır.
Müasir dövrdə şəhərlərin sürətlə böyüməsi, tikinti proseslərinin intensivləşməsi bəzən plansızlıq, estetik uyğunsuzluq və tarixi mühitin zədələnməsi kimi problemlər yaradır. Məhz belə bir zamanda Əcəmi Naxçıvani irsi bizə mühüm bir mesaj verir: şəhərsalma yalnız texniki məsələ deyil, mədəni məsuliyyətdir, keçmişlə gələcək arasında körpüdür. Bu körpü dağıldıqda şəhər öz ruhunu itirər. Memarlıq milli yaddaşı qorumaqla yanaşı, gələcək nəsillərə də ənənəvi irsi ötürməlidir. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu baxımdan həm keçmişə qayıdış, həm də gələcəyə baxışdır. 2026-cı il çərçivəsində aparılacaq işlərdə milli memarlıq irsinin, xüsusilə də Əcəmi Naxçıvani kimi dahilərin yaradıcılığının öyrənilməsi, təbliği və müasir memarlıq düşüncəsinə inteqrasiyası xüsusi əhəmiyyət kəsb edir. Bu müasir şəhər mühitinin sağlam formalaşmasına xidmət edə bilər. Çünki milli memarlıq irsi üzərində qurulmayan inkişaf dayanıqlı ola bilməz. Əcəmi Naxçıvani məktəbi bizə öyrədir ki, memarlıqda böyüklük ölçüdə deyil, harmoniyada, gözəllik isə zahiri təmtəraqda yox, daxili nizamda gizlidir. Bu ideyalar yaşadığımız dövr üçün də aktualdır və müasir Azərbaycan şəhərlərinin formalaşmasında yol göstəricisi ola bilər.
“Şəhərsalma və Memarlıq İli” Azərbaycan memarlıq düşüncəsinin yenidən dəyərləndirilməsi üçün tarixi fürsətdir. Bu fürsət bizə öz memarlıq köklərimizi xatırlatmalı, bizi gələcəyin şəhərlərini Əcəmi Naxçıvani kimi sənətkarların irsindən güc alaraq milli ruhda, tarixi yaddaşa söykənərək və estetik harmoniya prinsipi ilə qurmağa çağırmalıdır.
Brilyant Cəfərli
AMEA Naxçıvan Bölməsinin
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun
Memarlıq, şəhərsalma və abidələrin bərpası şöbəsinin elmi işçisi
Digər xəbərlər