Azərbaycan və Səudiyyə Ərəbistanı arasında vizasız...
12:25 29.11.2024
0
0
0
NAXÇIVAN :
29 Noyabr 2024, Cümə
Elçin Yalçın oğlu Əsgərov
(03.02.1997-25.10.2020)
Elçin uşaqlıqdan hərbiyə maraq göstərirdi. Orta məktəbdə yaxşı qiymətlərlə oxuyurdu. 8-ci sinifdən sənədlərini hazırlayıb hərbi liseyə daxil oldu. Orada da nümunəvi kursant kimi müəllimləri ondan razılıq edirdilər. Həmişə sinəsinə əli ilə vurub deyirdi ki, Qarabağı bu oğlan alacaq. İlk qulluq yeri Beyləqan oldu. Sonra başqa hissəyə göndərdilər. Təlimlərdə ciddi iştirak edir, fəallıq göstərirdi. Həmişə xoş sədasını alırdıq. Hətta təlim zamanı Türkiyədən gələn general demişdi ki, Elçin, belə davam etsən, arzun yerinə yetəcək, Qarabağ azad olunacaq. Çünki sənin kimi igidlər varsa, bu mütləq olacaq. Müharibə başlanmazdan əvvəl zəng etdi ki, ana, biz toya gedəcəyik. Amma mən elə başa düşdüm ki, yenə təlimə gedir. Dedi ki, ana, bu dəfə gedirik gəlin gətirək, bu elə toy deyil. Atasına dedim ki, yəqin, kursa gedəcək. Səhəri gün xəbər tutduq ki, müharibə başlayıb. O zaman başa düşdüm ki, Elçin toy deyəndə bunu nəzərdə tuturmuş. Hər dəfə işğal altında olan torpaqlarımız azad edildikcə imkan tapıb zəng edirdi. Telefonda da elə sevinirdi ki… Amma hər gün də danışa bilmirdik. Axırıncı danışığımızda səsi yaxşı gəlmirdi. Sanki nəsə demək istəyirdi, deyə bilmirdi. Dil tökərək dedi ki, ana, sən yenə də məni bağışla. Dedim bala, qurban olum, mənə elə sözlər demə. Anlamışdım ki, bu nə demək istəyir. Dedim, Elçin, bir əlin, bir ayağın olmasa da, gəl, mən səni gözləyəcəyəm. Sağ-salamat yolunu gözləyirəm. Sonra 3 gün xəbər ala bilmədik. Demək, hamıya xəbər yayılıb ki, Elçin şəhid olub, bizimsə xəbərimiz yox... Arada danışmaq imkanımız olmadığından ağlıma da gəlmirdi. Amma deyim ki, son danışığımızda Şuşada olduqlarını demişdi. O danışıqdan 3 gün sonra Elçin şəhid oldu.
Müharibəyə getməzdən əvvəl zəngində demişdi ki, ana, həkim deyib qızın olacaq. Arzulayırdı uşaq tez doğulsun ki, onu görsün. 32 gün sonra qızı dünyaya gəldi, amma Elçin onu görə bilmədi.
Bir dəfə də Elçin mənə böyük bir gül buketi almışdı. Bizi sevindirməyi xoşlayırdı. Bir dəfə tort hazırladıb üstünə də yazdırmışdı: “Əziz anam, yaxşı ki, mənim anamsan. Sənə qurban olum”. Məhəlləyə girəndə kimsə soruşmuşdu ki, kimin ad günüdür? Demişdi ki, anamın üzü gülsün deyə almışam. Mən burada çox olmuram. Belə düşüncəli, candanyanan oğul idi.
Digər xəbərlər