NAXÇIVAN :

06 Aprel 2025, Bazar 15:55

Seçdiyi şərəfli yolda şərəfli ada sahib oldu

...

Fuad Murad oğlu İsmayılov 

(26.10.1986-04.10.2020)

Fuad uşaqlıqdan çox tərbiyəli övlad olub. Ata-anaya mehribanlığını əsirgəməzdi. Hər şeyin yerini bilən idi.   Ailədə, qohum-əqrəba arasında davranışlarına da diqqət etdiyindən hörmət qazanmışdı. Baxmayaraq ki, uşaq vaxtı bir az dəcəl idi. Məktəbdə müəllimləri ondan həmişə razılıqla danışırdılar. Həmişə öz dediyini edərdi. Hərbiyə marağı böyük idi. Öz istəyi ilə Naxçıvanda hərbi liseyi oxumuşdu. Daha sonra Bakıda Ali Hərbi Məktəbi başa vurmuşdu. Burada oxuyarkən həmişə xoş sədasını eşidirdik. Və bu xoş sədalar qəlbimizdə qürur yaradırdı. Yaxşı oxuduğuna görə dəfələrlə mükafat almışdı. 1993-cü ildə Xocalı soyqırımı haqqında qəzetdə gedən bir yazı onu çox təsirləndirmişdi. İçində bir qisas hissi yaranmışdı. Atası məktəbdə bədən tərbiyəsi müəllimi işləyir. Fuadın vətənpərvər böyüməsində atasının rolu çox olub. Üç oğlumun üçü də hərbçidir. 
Övladlarım hər zaman Vətən sevgisi ilə öz şərəfli peşələrinin öhdəsindən gəlməyə çalışıblar. Təbii ki, valideyn olaraq bu bizi qürurlandırır. Fuad hər gün atasına zəng edərdi. Gecəyarı da olsa, zəng etmədən yatmazdı. Sonuncu danışığımız oktyabrın 3-ü saat 11-də oldu. Zəng edəndə çox sevincli idi. Hələ onu elə sevincli görməmişdik. Atasına hər şeyin yaxşı olduğunu deyirdi. Belə sevinməsinə səbəb isə işğal altındakı torpaqlarımızın bir neçəsini azad etmələri idi. Xüsusi tapşırıqlar da almışdı. 

Oğlum oktyabrın 3-dən 4-nə keçən gecə şəhadətə qovuşub. Oktyabrın 5-i Müəllimlər Günündə atası müəllim yoldaşları ilə təbrikləşirmiş. Əmisi atasına zəng edərək Fuadın şəhid olmaq xəbərini verib. Atası ağlayaraq deyib ki, Fuad mənim hədiyyəmi verdi... 
Biz onu son danışığımızdakı kimi şad görməmişdik. Çox məəttəl qalmışdıq. Zəng edəndən sonra ağır döyüşdə olublar. Döyüş yoldaşları ilə qəhrəmancasına döyüşüblər. Fuadın iki oğlu bizə yadigar qalıb. Əminik ki, onlar qəhrəman atalarının adına layiq övlad olacaqlar. Oğlum arzularının arxasınca getdi. O bilirdi ki, bu yol adi yol deyil. Nə qədər çətin, ağır olsa da, onun seçdiyi yol şərəfli bir yol idi. O bu şərəfli yolda şərəfli ada da sahib oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun!

Nəşr edilib : 14.11.2024 21:13