NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

“Şahmarın eşq əsəri” adlı kitabın təqdimatı keçirilib

...

Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Manya Səxavətqızının şəhid kapitan Şahmar Quliyevin şərəfli ömür və döyüş yolundan bəhs etdiyi “Şahmarın eşq əsəri” kitabının təqdimatı keçirilib. Əvvəlcə Vətən müharibəsi qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. 
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Malikqızı çıxış edərək Azərbaycanın Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı  cənab İlham Əliyevin komandanlığı ilə qəhrəman oğulların sayəsində zəfər qazandığını və torpaqlarımızın işğaldan azad edildiyini,  qazanılan böyük qələbənin tarixi əhəmiyyətini bildirib. 
Qeyd olunub ki, Vətənin bütövlüyü uğrunda canını qurban vermiş bütün oğulların xatirəsi hər kəs üçün əzizdir. Şəhidlərimizin həyat yolu isə gələcəyimiz olan gənclərimizə örnəkdir. 
     Vurğulanıb ki, şəhidlərimizin ruhuna hörmət, onların ailələrinə qayğı göstərilməsinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun müəyyənləşdirdiyi siyasi kurs bu gün Ümummilli Liderin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
Tədbirdə çıxış edən Naxçıvan Muxar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədov, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev bildiriblər ki, Manya Səxavətqızının “Şahmarın eşq əsəri” kitabı şəhidimizin ruhuna bir töhfədir. Vətən qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi də onların ruhuna sonsuz ehtiram hissindən irəli gəlir. Onlar kitab müəllifinə yaradıcılıq uğurları arzulayıblar.
Kitabın müəllifi Manya Səxavətqızı kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıq edərək bildirib ki, şəhid Şahmar Quliyevin şərəfli ömür və döyüş yolundan bəhs etdiyi “Şahmarın eşq əsəri”ndə şəhidimizin Vətən eşqi yer alıb. Qələm sahiblərinin borcudur ki, onların xatirəsini əbədiləşdirmək üçün əlindən gələni etsinlər. Müəllif Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğul yetişdirən şəhidlərin valideynlərinə dərin ehtiramını bildirib. Manya Səxavətqızı çıxışında kitab haqqında məlumat verərək vətənpərvər ruhda şeirlər səsləndirdi. 
Tədbirdə şəhid Şahmar Quliyevin ailə üzvləri və yaxınları şəhid haqqında xatirələrini bölüşüblər. Həmçinin tədbirdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların valideynlərinin çıxışları da dinlənilib.
Tədbirin bədii hissəsində vətənpərvərlik ruhunda mahnılar səsləndirilib. 
 “Şahmarın eşq əsəri” kitabı şəhidin ailəsinə təqdim edildikdən sonra Naxçıvan şəhərindəki Şəhidlər xiyabanı ziyarət olunub.

Bülbül QULİYEVA

Nəşr edilib : 30.09.2024 17:48