NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Şahbuz şəhərindəki Ahıllar evinin sakinləri ilə görüş keçirilib

...

1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Şahbuz şəhərindəki Ahıllar evində tədbir keçirilib. Tədbirdə  Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini,  nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadə çıxış edərək bildirib ki, BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada “Beynəlxalq  Ahıllar Günü” kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda ahıl insanlara dövlət qayğısı ildən-ilə artır. Muxtar respublikada ahılların sağlamlıqlarının qorunmasına, yaşayışlarının yüksəlməsinə xüsusi önəm verilir. 
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova vurğulayıb ki, ölkəmizdə ahıl insanlara, onların sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərilir, təminatlarının artırılması üçün ardıcıl işlər görülür. Muxtar respublikamızda ahıl insanlar dövlətin qayğısı ilə əhatə olunur. Muxtar respublikamızın ahıl sakinlərinə müxtəlif növ sosial xidmətlərin göstərilməsi, onların maddi-məişət şəraitlərinin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiya məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Onlara mütəmadi olaraq tibbi və sosial reabilitasiya xidmətləri göstərilir. Ahıllar evində sakinlərin rahat yaşaması üçün hərtərəfi şərait yaradılıb. Bununla yanaşı, asudə vaxtlarının səmərəli təşkili üçün bir sıra tədbirlər, o cümlədən yaradıcılıq müsabiqələri, əl işlərindən ibarət sərgilər, muxtar respublikanın tarixi və görməli yerlərinə gəzintilər təşkil olunur.
Tədbirdə Ahıllar evinin sakinlərinə hədiyyələr təqdim olunub. Göstərilən diqqət və qayğıya görə ahıllar öz minnətdarlıqlarını bildiriblər.
Tədbirin bədii hissəsində sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “Ümid” mahnı və rəqs ansamblı konsert proqramı ilə çıxış edib.

Nəşr edilib : 01.10.2024 18:35