Antonio Quterreş minatəmizləmə fəaliyyətini güclən...
12:37 17.06.2025
0
0
0
NAXÇIVAN :
17 Iyun 2025, Çərşənbə axşamı
Ulu Öndər Heydər Əliyev xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşmışdır
Azərbaycanın müasir tarixində dərin izlər qoyan, yeni dövlətçilik ideyalarının müəllifi olan Ümummilli Lider Heydər Əliyev yalnız siyasi arenada deyil, sosial-iqtisadi və humanitar sahələrdə də mühüm islahatlara imza atıb. Onun fəaliyyəti təkcə ölkənin siyasi sabitliyini təmin etməklə kifayətlənməmiş, eyni zamanda xalqın rifah halının yüksəldilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə və sağlam həyat tərzinin formalaşdırılmasına da yönəlmişdi. Bu mənada, səhiyyə sahəsi dahi şəxsiyyət Heydər Əliyevin xüsusi diqqət ayırdığı, strateji əhəmiyyət daşıyan sahələrdən biri kimi önə çıxmışdır.
Ümummilli Liderimiz Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il iyunun 17-si ölkəmizdə “Tibb İşçilərinin Peşə Bayramı Günü” kimi qeyd olunur. Bu günün qeyd olunması ölkəmizdə səhiyyə sahəsinə, o cümlədən tibb işçilərinə göstərilən qayğının parlaq təzahürüdür. Milli dövlət quruculuğu strategiyasında səhiyyənin də inkişafına həssaslıqla yanaşan, bu sahəyə diqqət və qayğısını heç zaman əsirgəməyən Ulu Öndər Heydər Əliyev demişdir: “Tibb, səhiyyə hər bir insan üçün çox vacib olan sahədir. Özünü tibb, səhiyyə işinə, insanların sağlamlığının keşiyində durmaq işinə həsr edən adamlar, həqiqətən, çox yüksək hörmət və ehtirama layiq olan insanlardır”.
Azərbaycanın ən mürəkkəb siyasi-ictimai mərhələlərdən keçdiyi dövrlərdə belə Ümummilli Lider bu sahənin inkişafını daim prioritet vəzifələr sırasında saxlamışdı. Həm sovet dövründə respublikaya rəhbərlik etdiyi illərdə, həm də Azərbaycanın müstəqillik dönəmində Heydər Əliyevin səhiyyə siyasəti dərin strateji baxışı və humanist yanaşması ilə seçilirdi. Ulu Öndər Heydər Əliyev xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşmış, səhiyyənin cəmiyyət həyatında həlledici rol oynadığını dəfələrlə vurğulamışdır. Ümummilli Lider səhiyyə sahəsini cəmiyyət və dövlət həyatında ən mühüm, prioritet sahə kimi qiymətləndirərək deyirdi: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.
14 iyul 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublikanın ictimai-siyasi, sosial və iqtisadi həyatında yeni bir mərhələ başlandı. Həmin dövrdə Azərbaycanda səhiyyənin vəziyyəti ozamankı tələblərə cavab vermirdi.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hələ ötən əsrin 70-ci illərində ölkəmizin bütün regionlarında səhiyyə ocaqları tikilərək istifadəyə verilmiş, əhalinin sağlamlığının qorunmasına xüsusi diqqət yetirilmişdir. Müstəqillik illərində də səhiyyənin inkişafına hesablanmış məqsədyönlü və ardıcıl tədbirlər görülmüş, bu sahədə fəaliyyəti tənzimləyən zəngin qanunvericilik bazası yaradılmış, həkimlərin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, ixtisaslı və peşəkar həkim kadrların hazırlanması diqqət mərkəzində saxlanılmışdır. Belə bir dövrdə dahi şəxsiyyətin uzaqgörənliyi nəticəsində Azərbaycanın səhiyyə sistemi yenidən formalaşmağa başladı. Ulu Öndər səhiyyənin yalnız müalicəyönümlü deyil, həm də profilaktik xarakterli bir sistemə çevrilməsini əsas hədəf kimi müəyyənləşdirmişdi. Bu məqsədlə respublikada yeni xəstəxanalar, poliklinikalar, sanatoriyalar və digər tibbi müəssisələr inşa edildi, mövcud səhiyyə ocaqları əsaslı şəkildə təmir olundu, onların maddi-texniki bazası müasirləşdirildi.
Bununla yanaşı, dahi şəxsiyyət səhiyyə sistemində kadr potensialının gücləndirilməsini də əsas prioritetlərdən biri kimi müəyyən etmişdi. Onun təşəbbüsü ilə Azərbaycan Tibb İnstitutu üçün yeni tədris korpusları tikildi, tibbi kadrların hazırlanması və ixtisasartırma imkanları genişləndirildi. Gənc mütəxəssislərin sovet ittifaqının nüfuzlu tibb mərkəzlərində təcrübə keçməsi üçün şərait yaradıldı. Bu addımlar nəticəsində respublikamızda yüksəkixtisaslı həkimlərin və orta tibb işçilərinin sayı əhəmiyyətli dərəcədə artdı. Profilaktik tədbirlərin genişləndirilməsi, sanitar-gigiyenik maarifləndirmə işinin gücləndirilməsi, uşaqlar və qadınlar üçün xüsusi tibbi xidmətlərin təşkili kimi məsələlər də diqqət mərkəzində saxlanılırdı. Azərbaycanın ən həssas və ən çox qayğıya ehtiyac duyan sahələrindən olan səhiyyə də məhz Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi, qayğısı və prinsipial yanaşması sayəsində yenidən dirçəldi. Ulu Öndər əbəs yerə dəfələrlə vurğulamırdı ki, insanın sağlamlığı dövlətin məsuliyyətidir. Bütün bu nailiyyətlər məqsədyönlü, ardıcıl və elmi əsaslara söykənən siyasətin təzahürü idi. Məhz bu zamanda qoyulan təməl sonrakı illərdə – müstəqillik dövründə də sağlamlıq sisteminin inkişafı üçün dayanıqlı baza rolunu oynadı.
Ulu Öndər bütün sahələrdə olduğu kimi, Azərbaycanın səhiyyə sahəsini də daim diqqət mərkəzində saxlayırdı. Ümummilli Lider, ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Keçən əsrin 60-70-ci illərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizin səhiyyə sahəsinin, o cümlədən tibb elmi və tibb təhsili sahələrinin beynəlxalq miqyasa çıxmasına, bütün sahələrdə olduğu kimi, bu sahələrin də dayanıqlı və sabit inkişafının təmininə əlverişli şərait yaradırdı. Həmin dövrdən başlayaraq Ulu Öndərin təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş sovetlər ittifaqının ən mötəbər ali məktəblərində müxtəlif peşə və ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Bu, gələcəyin kadr hazırlığının təmininə istiqamətlənmiş uzaqgörən siyasətin həyata keçirilməsi demək idi. O, gənclərin təhsilinə, işlə təmininə, hərtərəfli inkişafına, onların dünyagörüşünün, beynəlxalq əlaqələrinin artmasına, dünya gənclərinin intellekt yüksəkliyinə inteqrasiya olunmalarına, yeniliklərdən bəhrələnmələrinə, fiziki və əqli cəhətdən sağlam böyümələrinə xüsusi diqqət yetirirdi. Ümummilli Lider Heydər Əliyev deyirdi: “Dövlətimizin gələcəyi bizim gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır”.
Xalqın təkidli tələbi ilə 1993-cü ildə dahi şəxsiyyətin hakimiyyətə qayıdışı ölkənin həyatında dönüş nöqtəsi oldu. O, dövlət idarəçiliyini yenidən bərpa etməklə yanaşı, səhiyyə sahəsinin də xilası üçün təxirəsalınmaz tədbirlər həyata keçirməyə başladı. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövləti üçün yeni bir səhiyyə strategiyası formalaşdırdı. Bu strategiyanın əsasını milli maraqlara əsaslanan, insan amilini önə çəkən və beynəlxalq təcrübəni nəzərə alan yanaşma təşkil edirdi. İlk mərhələdə səhiyyə infrastrukturunun bərpası və tibbi xidmətlərin əhaliyə əlçatanlığının təmin edilməsi istiqamətində addımlar atıldı. Respublikanın bir çox bölgəsində yeni xəstəxanalar, doğum evləri, poliklinikalar tikildi, mövcud müəssisələr əsaslı şəkildə təmir olundu və müasir tibbi avadanlıqlarla təchiz olundu. Müstəqillik dövründə səhiyyə sahəsindəki ən mühüm nailiyyətlərdən biri də ana və uşaq sağlamlığının qorunmasına dair tədbirlərin genişləndirilməsi oldu. Bütün bu islahatların mərkəzində bir ideya dayanırdı: sağlam cəmiyyət qurmaq. Dahi şəxsiyyət Heydər Əliyev inamla bildirirdi: “Güclü dövlətin təməli sağlam və savadlı vətəndaşdır”. Onun bu yanaşması müstəqil Azərbaycanın səhiyyə siyasətinin əsasını təşkil etdi və illər keçsə də, həmin prinsiplər bu gün də aktual olaraq qalır.
Bütün bu işlərin fövqündə isə, ilk növbədə, səhiyyə sahəsində milli qanunvericilik bazasının yaradılması dururdu. Dahi şəxsiyyət Heydər Əliyev dövlət başçısı kimi sağlamlığın qorunmasını fundamental insan hüquqlarından biri kimi dəyərləndirir və bu istiqamətdə hüquqi mexanizmlərin formalaşdırılmasına xüsusi əhəmiyyət verirdi. Ümummilli Lider Heydər Əliyev üçün Azərbaycan vətəndaşının sağlamlığı, rifahı əsas prinsiplərdən biri idi. O, dəfələrlə vurğulayırdı: “İnsan sağlamlığı – cəmiyyətin əsas sərvətidir”. Bu yanaşma təkcə sözlərlə deyil, konkret addımlar və ardıcıl tədbirlərlə reallığa çevrilmiş, Onun rəhbərliyi ilə səhiyyə sahəsində həyata keçirilən islahatlar uzunmüddətli və dayanıqlı inkişafın bünövrəsini formalaşdırmışdır. Ən mühüm sənədlərdən biri qəbul olunmuş “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu oldu. Ulu Öndər səhiyyə ilə bağlı qəbul edilən hər bir qanunu, sadəcə, hüquqi sənəd deyil, insan həyatına və rifahına yönəlmiş bir dövlət qayğısı kimi dəyərləndirirdi. Bu baxımdan dahi rəhbər Heydər Əliyevin səhiyyə sahəsində qanunvericilik təşəbbüsləri təkcə bir dövrün ehtiyaclarını deyil, eyni zamanda gələcək nəsillərin sağlamlığını da təmin etməyə yönəlmiş strateji qərarlar idi.
İnsan sağlamlığı bütün dövrlər üçün cəmiyyətin ən qiymətli sərvəti hesab olunur. Məhz buna görə də insanların sağlamlığının yaxşılaşdırılması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi məqsədilə bu gün Naxçıvan Muxtar Respublikasında da mühüm işlər görülür. Burada səhiyyə infrastrukturunun yenilənməsi, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılması da yalnız bir məqsədə – əhalinin sağlamlığının qorunmasına xidmət edir. Bu səbəbdən də dərman və tibbi ləvazimatlarla təchizat yaxşılaşdırılmış, ana və uşaqların, ahılların, bütövlükdə, əhalinin hər bir təbəqəsinin sağlamlığının qorunması əsas məsələyə çevrilmişdir.
Naxçıvan Dövlət Universitetində Tibb fakültəsi üçün korpusun, Naxçıvan Tibb Kollecinin müasir tələblər səviyyəsində yenidən qurulması, ixtisasların sayının artırılması səhiyyə müəssisələrinin ixtisaslı tibbi kadrlarla təminatına imkan verir. Tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkələrdə təlimlər təşkil edilir. Səhiyyə işçilərinin müasir elmi biliklərinin artırılması üçün müxtəlif profilli elmi-praktiki seminar və konfransların təşkili diqqət mərkəzində saxlanılır. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda aparılan genişmiqyaslı islahatlar göstərir ki, səhiyyə sistemi sürətlə inkişaf edir, müasirləşir.
Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. “Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksəksəviyyəli tibbi xidmət göstərilsin”, – deyən ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursu bütün istiqamətlərdə, eləcə də səhiyyə sahəsində uğurla davam etdirir. Son illər tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Qəbul olunmuş Dövlət proqramlarının icrası göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin artmasına, dərmanla təchizatın əhəmiyyətli dərəcədə yaxşılaşmasına şərait yaradır.
Ölkədə səhiyyənin rəqəmsallaşdırılması, icbari tibbi sığortanın tətbiqi, regionlarda yüksəksəviyyəli tibb mərkəzlərinin yaradılması və əhalinin bütün təbəqələrinin tibbi xidmətə əlçatanlığının artırılması bu strategiyanın yeni mərhələdə reallaşmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ulu Öndərin gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu ilə inamla irəliləyir və möhtəşəm qələbələrə imza atır. Dahi şəxsiyyətin adını daşıyan Heydər Əliyev Fondu qayğı mərkəzinə çevrilib. Fondun həyata keçirdiyi humanitar layihələr, Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş hərbçilərə dəstəyi, şəhid ailəsi üzvlərinə göstərilən qayğı Heydər Əliyev irsinin təkcə siyasi deyil, həm də mənəvi gücünü göstərir. Ümummilli Liderin də dediyi kimi: “Biz elə bir dövlət qurmalıyıq ki, burada hər bir insanın sağlamlığı dövlətin qayğısı altında olsun. Sağlam xalq güclü dövlətin təməlidir”.
Aysel DÜNYAMALIYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər