NAXÇIVAN :

23 Fevral 2025, Bazar

“Ruhum oyandı tarın səsindən” adlı solo konsert keçirilib

...

Culfa şəhər uşaq musiqi məktəbinin tar ixtisası üzrə müəllimi Nemət Hüseynlinin “Ruhum oyandı tarın səsindən” adlı solo konserti keçirilib.

Tədbirin aparıcısı Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli qeyd edib: “Bəli, tar ulu xalqın möcüzəsidir. Çox təəssüflər olsun ki, dahi şair Mikayıl Müşfiqin yazdığı “Oxu tar! Səni kim unudar?” şeirinə tarı köhnəliyin qalığı kimi ləğv etmək istəyənlər “Oxuma tar, oxuma tar, səni sevmir proletar” yazanlar da vardır. Buna baxmayaraq, Bəhram Mansurov, Ramiz Quliyev, Həbib Bayramov və neçə-neçə tarzənlərimiz tar sənətimizi qoruyub saxlayıb, inkişaf etdirib. Onların davamçıları yeni nəslin nümayəndələri olan gənclərimiz hələ də vardır. Onların içərisində konsertində iştirak etdiyimiz Nemət Hüseynli də tar sənətini layiqincə təbliğ edir, onun yaşaması üçün əlindən gələni əsirgəməməkdədir”.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, musiqisevər sənət adamları tədbirdə  iştirak ediblər.

Tədbirdə Nemət Hüseynlinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri səsləndirilib.

Solo konsert tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Sonda konsertin iştirakçıları fəxri fərman və diplomlarla təltif edilib.

Nəşr edilib : 21.02.2025 12:17