NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

RTÜK sədr müavini: “Əsas məqsədimiz xarici tələbələrə türk tarixini, mədəniyyətini daha dərindən öyrətməkdir”

...

Bildiyimiz kimi, bu il Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü ildönümüdür. Həmçinin bir neçə gündən sonra Cümhuriyyətimizin 101-ci ildönümü qeyd olunacaq. Bu səfərimizlə həm də iki bayramı, əlamətdar günü burada bir arada qeyd etmiş olacağıq. Sabah Naxçıvan Dövlət Universitetində beynəlxalq seminarımız da keçiriləcək. Bununla əlaqədar bizə hər cür dəstək verən Azərbaycanın dövlət təşkilatlarına təşəkkürümü bildirirəm.
Bu sözləri “Şərq qapısı”na müsahibəsində Naxçıvanda səfərdə olan Türkiyə Radio və Televiziya Ali Şurasının sədr müavini Orhan Karadaş söyləyib. 
O deyib: “Hər il gələcək əlaqələrin inkişafına dair gerçəkləşdirdiyimiz beynəlxalq seminarların 14-cüsünü təşkil etmək üçün Naxçıvana gəlmişik. Beş əməkdaş və 26 tələbə ilə birlikdə buradayıq. Bu tələbələr Türkiyədə təhsil alan dost ölkə vətəndaşlarıdır. Seminarların əsas məqsədi onlara türk tarixini, mədəniyyətini daha dərindən öyrətmək, eyni zamanda dostluq əlaqələrimizin gələcək inkişafına da töhfə verməkdir.  Bu baxımdan Naxçıvanı xüsusilə seçdik”.
“Naxçıvana ilk dəfədir, gəlirəm. Çox gözəl şəhərdir. İnanırıq ki, gələcəkdə burada tez-tez görüşlərimiz olacaq. Beynəlxalq seminarın faydalı olacağına və əlaqələrimizin inkişafına yeni imkanlar açacağına əminik” , – deyə Orhan Karadaş əlavə edib. 
Qeyd edək ki, oktyabrın 22-də Türkiyə Radio və Televiziya Ali Şurasının əməkdaşları və 15 müxtəlif ölkədən olan, Türkiyədə təhsil alan 26 tələbə Naxçıvana gəlib. Səfər çərçivəsində qonaqlar əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinə dair eksponatlarla tanışlıq olub.

Nəşr edilib : 22.10.2024 16:57