NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

Respublika Fənn olimpiadalarında qalib olan şagirdlərimiz mükafatlandırılıb

...

9-10 və 11-i iyun tarixlərdə  paytaxt Bakı şəhərində Respublika Fənn olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimləri keçirilib. 
Naxçıvan Muxtar Respubilkası Təhsil Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, tədbirdə Respublika Fənn olimpiadalarında qalib olan Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdlərinə də mükafatlar təqdim olunub.
Qeyd edək ki, Respublika Fənn olimpiadalarında muxtar respublikanın ümumtəhsil məktəblərindən 6 şagird qalib olub.
Belə ki, Babək rayon Hacıvar kənd tam orta məktəbinin şagirdi Əzim Hacıyev olimpiadanın final mərhələsində informatika fənni üzrə “Qızıl” medal qazanıb. Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi Kənan Qənbərov isə coğrafiya fənni üzrə “Gümüş” medala layiq görülüb.
Ordubad şəhər tam orta internat məktəbinin şagirdi Nazim İsgəndərov tarix fənni üzrə, Naxçıvan Qızlar Liseyinin şagirdləri Nazəni Qasımzadə və İradə Axundlu biologiya fənni üzrə, Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdi Yaşar Hüseynov isə tarix fənni üzrə “Bürünc” medal qazanıblar.
Respublika Fənn olimpiadalarında əldə olunan bu nəticə ötən illə müqayisədə 100 faiz artım deməkdir. Belə ki, 2024-2025-ci tədris ilində şagirdlərimiz 1 “Gümüş” və 2 “Bürünc” medal qazanmışdı.

 ️

Nəşr edilib : 12.06.2026 13:20