NAXÇIVAN :

22 Iyun 2025, Bazar

Rəşad Mahmudov: "Naxçıvana dair Konstitusiya dəyişiklikləri mühüm strateji addımdır"

...

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Rəşad Mahmudov Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına təklif olunan dəyişikliklərlə "Şərq qapısı" qəzetinə açıqlama verib. O, layihəni hüquqi və siyasi baxımdan dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atılmış önəmli addım kimi qiymətləndirib:
 “Müzakirəyə çıxarılan bu Konstitusiya dəyişikliyi layihəsi dövlətçiliyimizin təməl prinsiplərinə, hüquqi sistemimizin suverenlik baxışına və ərazi bütövlüyü siyasətinə mühüm əlavələr və dəqiqləşdirmələr gətirir”, – deyə millət vəkili qeyd edib.
Millət vəkili əlavə edib ki, Naxçıvan Muxtar Respublikasının statusunun birbaşa Azərbaycan Respublikası Konstitusiyası ilə tənzimlənməsi hüquqi aydınlıq və suverenliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. O bu dəyişikliklərin gələcəkdə xarici müdaxilə cəhdlərinə qarşı hüquqi immunitet rolunu oynaya biləcəyini də vurğulayıb.
Açıqlamada, həmçinin Prezidentin səlahiyyətli nümayəndəliyinin Konstitusiya səviyyəsində təsbit olunmasının və “Ali vəzifəli şəxs” anlayışının ləğvinin də strateji əhəmiyyəti qeyd olunub:
 “Bu dəyişikliklər mərkəzləşdirilmiş idarəetmədə muxtar ərazinin inteqrasiyasını gücləndirir, dövlət siyasətinin vahid şəkildə icrasına, idarəetmədə şəffaflığa və hüquqi qeyri-müəyyənliklərin aradan qaldırılmasına xidmət edir”.
Sonda Rəşad Mahmudov qeyd edib ki, bu dəyişikliklər müasir dövlət idarəçiliyi və hüquqi sistemin inkişafı baxımından mütərəqqi yanaşmadır və Azərbaycanın daha güclü hüquqi-siyasi struktura sahib olmasına zəmin yaradacaq.

Nəşr edilib : 22.06.2025 11:19