NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

“Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib

...

16 mart 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Culfa rayonu, Ərəzin kəndində  “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib. 
“Şərq qapısı” xəbər verir ki, tədbiri Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Komitə sədri bildirib ki, ailə dəyərlərinin qorunması, qadınların ailə və cəmiyyətdə oynadığı mühüm rol, eləcə də uşaqların sağlam tərbiyəsi hər zaman prioritet istiqamətlərdən olub. Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınların rolu danılmazdır. Qadınlar yalnız ailənin dayağı deyil, həm də cəmiyyətin mənəvi sütunlarından biri kimi tarixən xalqımızın inkişafına əhəmiyyətli töhfələr veriblər. Ramilə Seyidova qeyd edib ki, komitə fəaliyyət göstərdiyi müddətdə muxtar respublikanın müxtəlif kənd və bölgələrində əhalinin maarifləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər keçirib. Bu tədbirlərin əsas məqsədi erkən nikah və qohum nikahlarının qarşısının alınması, uşaqların hüquqlarının müdafiəsi və bu mövzuda ictimai məlumatlılığın artırılmasıdır. Sağlamlıq imkanları məhdud olan uşaqlar barədə komitə sədri vurğulayıb ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlar vardır ki, bu uşaqlardan 221 nəfəri Culfa rayonunun payına düşür. Bu səbəbdən erkən nikahın və qohum evliliyinin qarşısının alınması üçün yerlərdə ailələr, məktəblər və ictimai təşkilatlarla sıx əməkdaşlıq qurulub. "Təhsildən kənarda qalan uşaqların yenidən təhsil sisteminə cəlb olunması üçün tədbirlər görülür, valideynlər və təhsil müəssisələrinin rəhbərləri ilə maarifləndirici görüşlər təşkil olunur. Yerli icmalarla daimi əlaqələr qurularaq qadınların sosial problemləri yerindəcə öyrənilir və onların həlli ilə bağlı müvafiq tədbirlər görülür", – deyə Ramilə Seyidova vurğulayıb. Tədbirdə Naxçıvan Dövlət Universitetinin Klinik fənlər və hərbi tibb kafedrasının müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva “Qidalanmanın reproduktiv sağlamlığa təsiri” mövzusunda təqdimatla çıxış edərək iştirakçılara ətraflı məlumat verib. O bildirib ki, düzgün və balanslı qidalanma insanın ümumi sağlamlığı ilə yanaşı, reproduktiv sağlamlığın qorunmasında da mühüm rol oynayır. Sağlam qidalanma orqanizmin normal fəaliyyətini təmin edir, hormonal tarazlığın qorunmasına və reproduktiv sistemin düzgün işləməsinə müsbət təsir göstərir. Gültəkin Əliyeva qeyd edib ki, gündəlik qida rasionunda vitamin və minerallarla zəngin məhsulların yer alması, zərərli qida vərdişlərindən uzaq durulması reproduktiv sağlamlığın qorunmasına xidmət edir. O, həmçinin düzgün qidalanma vərdişlərinin formalaşdırılmasının gələcək nəsillərin sağlam inkişafı baxımından da böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Qeyd edək ki, sonda  iştirakçıları maraqlandıran suallar cavablandırılıb və müxtəlif mövzularda maarifləndirici broşürlər paylanılıb.

Nəşr edilib : 16.03.2026 16:18