NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

"Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda maarifləndirici tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Babək rayonu, Kültəpə kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova cəmiyyət üçün sözügedən mövzunun aktuallığına diqqəti çəkmişdir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşmasında, qorunmasında və inkişafında qadınların rolu əvəzsiz olmuşdur. Qadınlar yalnız ailənin əsas dayağı deyil, həm də cəmiyyətin mənəvi sütunlarından biridir. Tarix boyunca Azərbaycan qadını öz müdrikliyi, fədakarlığı və vətənpərvərliyi ilə xalqımızın inkişafında vacib rol oynamışdır. R.Seyidova qeyd edib ki, komitə fəaliyyət göstərdiyi dövrdə muxtar respublikanın kəndlərinin 70-80%-də əhalinin maarifləndirilməsi məqsədilə tədbirlər təşkil edib. Bu tədbirlərin əsas məqsədi erkən nikah və qohum evlilik hallarının qarşısını almaq, təhsildən kənarda qalan uşaqların sayını azaltmaq və uşaqların hüquqları barədə ictimai məlumatlılığı artırmaqdır. Komitə sədri vurğulayıb ki, erkən nikahın və qohum evliliyinin qarşısının alınması üçün yerlərdə ailələr, məktəblər və ictimai təşkilatlarla sıx əməkdaşlıq qurulub. Təhsildən kənarda qalan uşaqların yenidən təhsil sisteminə cəlb olunması üçün tədbirlər görülür, valideynlər və təhsil müəssisələrinin rəhbərləri ilə maarifləndirici görüşlər təşkil olunur. Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası diqqət mərkəzində saxlanılır, onların tibbi, psixoloji və sosial dəstəklə təmin olunması üçün müxtəlif layihələr icra edilir. Xüsusi olaraq qeyd edilib ki, muxtar respublika üzrə 2122 sağlamlıq imkanları məhdud uşaq vardır ki, bu uşaqların da 21,2%-i və ya 450 nəfəri Babək rayonunun payına düşür. Maarifləndirmə tədbirləri çərçivəsində uşaqların hüquqları, gender bərabərliyi və ailə dəyərləri ilə bağlı interaktiv müzakirələr və təlimlər həyata keçirilir. 
Yerli icmalarla daimi əlaqələr qurularaq qadınların sosial problemləri yerindəcə öyrənilir və həlli ilə bağlı müvafiq tədbirlər görülür. R.Seyidova çıxışının sonunda vurğulayıb ki, komitə ailə üzvlərinin hüquqlarının qorunması və hər bir ailənin sağlam, təhlükəsiz və rifahlı mühitdə yaşaması istiqamətində fəaliyyətini davam etdirəcək.
Daha sonra Naxçıvan Dövlət Universitetinin Klinik fənlər və hərbi tibb kafedrasının müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva təqdimatla çıxış edərək reproduktiv sağlamlıq mövzusuna toxunmuşdur. O vurğulamışdır ki, reproduktiv sağlamlıq həm fərdi, həm də ailə müstəvisində mühüm əhəmiyyət daşıyır və bütövlükdə, cəmiyyətin, eləcə də millətin sosial-iqtisadi inkişaf səviyyəsini müəyyən edən əsas göstəricilərdən biridir. Dosent Gültəkin Əliyeva qeyd etmişdir ki, hamiləlik dövrünün sağlam və təhlükəsiz keçməsi üçün gələcək analar, ilk növbədə, öz sağlamlıqlarına xüsusi diqqət göstərməli, bu dövrə dair zəruri bilik və məlumatlarla maarifləndirilməlidirlər.
Çıxışının davamında G. Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla bağlı məsələlərə də toxunmuşdur. O bildirmişdir ki, bu kateqoriyaya aid uşaqlar fiziki, psixoloji və ya əqli imkanlarına görə bəzi fəaliyyət sahələrində məhdudluq yaşayırlar. Onların sağlamlıq durumunun formalaşmasında əsas səbəblər kimi genetik amillər, hamiləlik və doğuş zamanı baş verən travmalar, yoluxucu xəstəliklər, eləcə də ətraf mühit faktorları xüsusi rol oynayır. Qeyd olunub ki, bu uşaqların erkən diaqnostikası və reabilitasiya tədbirlərinin vaxtında həyata keçirilməsi onların cəmiyyətə inteqrasiyası və funksional inkişafı baxımından olduqca vacibdir.
Diskussiya formatında keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, sonda mövzu ilə bağlı broşürlər paylanılıb.

Nəşr edilib : 22.09.2025 18:14