NAXÇIVAN :

29 Iyun 2026, Bazar ertəsi

Rektor Elbrus İsayev: 2026-cı ildə universitetimizi 2347 məzun olur

...

"Hər il olduğu kimi, bu il də ənənəvi olaraq Naxçıvan Dövlət Universitetinin möhtəşəm "Məzun günü" tədbirinə toplaşmışıq. Bu gün universitetimizin müxtəlif ixtisasları üzrə – bəzi ixtisaslarda 4 il, bəzilərində 5 il, tibb ixtisaslarında isə 6 il təhsil alan tələbələrimiz məzun olurlar".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib. Universitetin təşkilatçılığı ilə Naxçıvan şəhərinin "Saat Meydanı" turistik istirahət mərkəzində təşkil olunan təntənəli “Məzun-2026” tədbirində rektor vurğulayıb ki, bakalavriat, magistratura və subbakalavr təhsil səviyyələrini uğurla başa vuran məzunlarımız bu gündən etibarən müstəqil peşə həyatına qədəm qoyurlar: "Bu möhtəşəm təhsil bayramında illər boyu çəkilən zəhmətin bəhrəsini birlikdə qeyd edir, məzunlarımızın sevincini və qürurunu bölüşməkdən böyük məmnunluq duyuruq.
"Məzun günü" artıq universitetimizin zəngin ənənələrindən birinə çevrilib. Bu il isə yeni rekorda imza ataraq tariximizi yeniləyirik. 2026-cı ildə universitetimizdən 2347 nəfər məzun olur ki, bu da ali təhsil müəssisəsinin tarixində ən yüksək göstəricidir".
Rektor qeyd edib ki, bu günədək Naxçıvan Dövlət Universitetini, ümumilikdə, 43 min 848 nəfər bitirib: "Universitetimizin məzunları bu gün ölkəmizin dövlət və özəl sektorunda, eləcə də müxtəlif sahələrdə uğurla fəaliyyət göstərərək qazandıqları bilik və bacarıqlarla universitetimizi layiqincə təmsil edir, onun nüfuzunu daha da yüksəldirlər. Bu gün 12 minə yaxın tələbə kontingenti ilə Naxçıvan Dövlət Universiteti ölkəmizin aparıcı ali təhsil müəssisələrindən biri kimi inkişafını davam etdirir, dövlətimizin qarşıya qoyduğu hədəflərə uyğun, yüksəkixtisaslı və bacarıqlı kadrların hazırlanmasına töhfə verir.
Bu uğurlarda əməyi olan bütün professor-müəllim heyətinə səmimi təşəkkürümü bildirirəm. Bizi seçən, bu yolda bizimlə birgə addımlayan tələbələrimizə və məzunlarımıza gələcək həyatlarında uğurlar arzulayıram.
Eyni zamanda övladlarının təhsilinə göstərdikləri dəstəyə və universitetimizə olan etimada görə valideynlərə və ailələrə minnətdarlığımı ifadə edirəm. Əminəm ki, məzunlarımız universitetdə qazandıqları bilik və bacarıqlarla dövlətimizin gözləntilərinə cavab verən peşəkar mütəxəssislər kimi öz sahələrində mühüm uğurlar əldə edəcəklər".
Elbrus İsayev sonda bütün məzunları təbrik edib, onlara uğurlu karyera arzulayıb: "Müzəffər Ordumuzun və Müzəffər Ali Baş Komandanımızın döyüş meydanında qazandığı möhtəşəm qələbələr kimi, məzunlarımıza da təhsil və peşə fəaliyyətlərində böyük zəfərlər arzulayıram.İnanıram ki, gənclərimiz dövlətimizin onlara göstərdiyi etimadı yüksək məsuliyyət hissi ilə doğruldacaq, ölkəmizin inkişafına layiqli töhfələr verəcəklər. Bir daha hər birinizi təbrik edir, bütün məzunlarımıza uğurlar arzulayıram.
Məzun gününüz mübarək!"

Nəşr edilib : 29.06.2026 21:07