NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Qürur rəmzi şəhid məzarları qarşısında…

...

...Bir yay günü şəhərimizin Cəlil Məmmədquluzadə küçəsindən keçirəm. Əzizlərimizin uyuduqları qəbiristanlığın yerləşdiyi bu küçədən keçən hər kəsin bir anlıq ayaq saxladığını görürəm. Qırmızı qərənfil və əklillərin dövrəyə aldığı məzarlar hamını şəhidlərimizin ruhuna hörmət və ehtirama çağırır. Dəmir qapıdan içəriyə daxil oluram.  Vətənimizin qəhrəman oğulları qarşılayır məni təbəssümlə, qürurlu baxışlarla... 

Yenə gəldim görüşünüzə, boğazım düyünlənib, bu ləyaqət, ucalıq qarşısında göz yaşlarımı gizlədə bilmirəm. Sözlərim, cümlələrim kifayətsiz qalır. Ürəyinizdəki cəsarətin, inamın, qolunuzdakı qüvvətin, gücün nəticəsidir ki, bu gün rahat nəfəs alırıq, yaşayırıq. Hərəniz bir evin əziz övladları idiniz, indi isə bütöv Azərbaycanın övladlarısınız. Qəlbinizdən süzülüb gələn  “Ya Qarabağ, ya ölüm!” şüarı ilə canınız, qanınız bahasına müharibəyə atıldınız. Biriniz Suqovuşanda, biriniz Şuşada, biriniz Cəbrayılda, biriniz Füzulidə, biriniz Qubadlıda... Yorulmadan, qorxmadan, cəsarətlə sona qədər getdiniz. Düşmən gücünüz qarşısında lərzəyə gəldi,  geri çəkildi, ağ bayraq qaldırdı. Naxçıvan torpağının vətənpərvər oğulları, ürəyimizdəki Qarabağ dərdinə son qoydunuz, qanayan yaralarımızı sağaltdınız. Hər bir qarışı cənnət qoxan torpaqlarımıza qovuşdurdunuz bizi. O torpaqlara ilk ayaq basan, havasını udan, suyundan içən siz oldunuz. Bir çoxunuzun da bir gün o yerlərdə yaşamaq arzusu var idi. Qarabağımız cənnətdir axı...  
44 günlük Vətən müharibəsi, ötən il həyata keçirilən antiterror əməliyyatı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı sizin kimi qeyrətli, igid oğulların sayəsində. İndi məzarlarınız yan-yanadır. Əsgərlər Xansu Qurbanov, İbrahim İbrahimov, gizir Vaqif Rəcəbov, baş leytenantlar İsmayıl Vəliyev, Elnur Zeynalov, Fuad Əlizadə, Raqib Hüseynov, “Naxçıvan canavarı” ləqəbli leytenant  Vəli Quliyev, İbrahim Qasımov, mayor Sadiq Həsənov, kapitan Aşur Cəmiyev və Elcan Balabəyli  uyuyur bu məzarlarda. Onlar 20, 24, 28, 34 yaşda idilər... 
Ömürlərinin bahar çağı payıza dönən şəhidlərimiz, Zəfər yolunun keşikçiləri, sizi hər gün bu qəbiristanlığa ziyarət etməyə gəlirlər. Ürəyi qanayan, lakin başı dik, qürurlu valideynləriniz gəlir. “Vətən sağ olsun”, – deyib, məzar daşlarını qucaqlayıb öpür, sizdən doymurlar. Qəhrəmanlıq haqqında hekayənizi, cəsarətinizi hamı ilə paylaşmaq istəyirlər. Sizin kimi vətənpərvər övladlar yetişdirib, böyütdükləri üçün onlara minnətdarıq. 
Vətən, torpaq uğrunda canından keçənlər ölmürlər, əbədilik  qazanırlar. Siz də  min illər keçsə belə yenə xatırlanacaqsınız, gənclərimizə örnək olacaqsınız. Allah sizə rəhmət eləsin! 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 12.09.2024 10:48