Prezident: Əyri yola gedən hər bir dövlət məmuru n...
14:47 12.11.2025
0
0
0
NAXÇIVAN :
12 Noyabr 2025, Çərşənbə
Ölkəmizdə qədim tarixə malik olan qrafika sənətinin ilk nümunələrinə Qobustan qaya rəsmlərində, Təbriz miniatür məktəbi sənətkarlarının yaratdıqları əsərlərdə və rəssamların qrafik lövhələrində rast gəlinir. Ümumiyyətlə, qrafika təsviri sənətin bir növüdür və bura müxtəlif texniki üsullarla işlənmiş sənət əsərləri daxildir. Muxtar respublikamızda da bu sənət yaşadılır.
Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində rəsm terapiyası üzrə təlimatçı rəssam Nigar Mustafazadə bu sənətə könül verənlərdəndir. Onunla həmsöhbət olubsənətin incəliklərini öyrənmək istədik. Qrafikanın ilkin formalarının ibtidai dövrdə mağara rəsmlərində və daş üzərində oyma işlərində göründüyünü bildirən Nigar xanım qeyd edir ki, orta əsrlərdə xəttatlıq və kitab miniatürləri qrafikanın əsas ifadə forması idi. Qrafika janrı Avropada 15-16-cı əsrlərdə ofort, linorez və litoqrafiya kimi çap texnikalarının yaranması ilə müstəqil sənət sahəsinə çevrildi. Əsasən, cizgi, kontur, ləkə və ağ fon üzərində işlənmiş vizual elementlərlə ifadə olunur. Bu sahə həm estetik, həm də funksional məqsədlərlə inkişaf edib.
Qrafikanın növlərindən bəhs edən müsahibim deyir ki,bu sənət sahəsininmüxtəlif janrları var. Bunlara kitab qrafikası (kitabın tərtibatı məsələsini həll edir),dəzgah qrafikası (əsər bir nüsxədə yaradılır və bundan bir neçəsini almaq mümkündür), elmi-tədqiqat qrafikası (bura elmi cədvəllər, çertyojlar, sxemlər, xəritələr, tədris cədvəlləri aiddir), plakat qrafikası (bir şəxsin ideya və fikirlərini kütləvi şəkildə xalqa çatdırmaqdan ibarətdir), sənaye qrafikası (məhsulun tərkibini, onun əlamətlərini bildirir. Bunlara açıqcalar, dəvətnamələr, sənaye məhsulları, paltar etiketləri və sair daxildir.
Müsahibimin sözlərinə görə, qrafika rəsm, qravüra, litoqrafiya kimi sahələri əhatə edir. Sоnralar bu anlayış gеnişlənmiş, burada ştrix və ləkələrdən də istifadə еdilməyə başlanmışdır. Qrafik əsərlər, əsasən, kağızda, bəzən də pеrqamеnt və parça üzərində çəkilir. Qrafikada rəngin rоlu nisbətən məhduddur. Kоntur xətlər, cizgi, ləkə, həmçinin rəsm çəkilən kağızın ağ, bəzən rəngli və qara yеrliyi qrafikanın əsas bədii vasitələridir. Qrafikada оbrazların həcmi çоx vaxt bədii ifadə vasitələrinin yığcamlığına, həmçinin təsviri və qrafik mеtafоralara əsaslandığından tamamlanmış kоmpоzisiya ilə yanaşı, naturadan ani rəsm cızmaları və bоyakarlıq, hеykəltaraşlıq, mеmarlıq əsərlərinin еskizləri də müstəqil bədii qiymətə malikdir. Qrafika əsərlərində оbrazların sərt cizgilərlə və kəskin xaraktеrdə təsviri qrafik satiranın və qrоtеskin inkişafına şərait yaratmışdır. Hadisə və оbrazların təsvirində qrafikanın imkanları qеyri-məhduddur. Bədii ifadə dilinin lakоnikliyi, ardıcıl silsilə təsvir vasitəsilə mövzunu açmaq imkanı, mühüm hadisələri оpеrativ əks еtdirməsi, həmçinin kütləvi tiraj üçün əlvеrişliliyi qrafikanın əsas xüsusiyyətləridir.
Nigar xanımın sözlərinə görə, rəngkarlıqla qrafika arasında yaxın əlaqələr olsa da,onları fərqləndirən cəhətlər də çoxdur. Rəngkarlıqda tablo rəngarəng boyalarla ifadə olunduğu haldaqrafikada isə təsvir başlıca olaraq yeganə rəngli, əksər hallarda qararəngli xətt və cizgilər vasitəsilə alınır. Rəngkarlıqdan fərqli olaraq qrafika daha çox xətt, ləkə və boşluqla danışır.Qrafikada rəsmin çəkilməsi üçün istifadə olunan vasitələr,əsasən, quru və duru olmaqla, iki növə ayrılır: Quru vasitələrə sangina, pastel, kömür, təbaşir, rəngli karandaşlar və sair duru vasitələrə isə mürəkkəb sepiya (on səkkizinci yüzillikdə bədii məqsədlər üçün hazırlanmış boyaq maddəsidir), akril və yağ boyaq maddələri, akvarel, quaş, sous və sair daxildir.
15 ildən çoxdur ki, rəssamlıqla professional şəkildə məşğul olan müsahibim deyir ki, qrafika sənətinin sirri onun sadəlikdəki dərinliyində gizlidir. Bu janrın ustaları vizual dili minimal vasitələrlə qurur, amma maksimum emosional və estetik təsir yaradır. Qrafik əsərdə xətt, sadəcə, forma yaratmır o həm də duyğunun daşıyıcısıdır. Yumşaq, dalğalı xətlər sakitlik və harmoniya; sərt, kəskin xətlər isə gərginlik və dinamika yaradır.
Ümumilikdə, götürdükdə qrafika sənətində bir çox diqqət ediləcək nüanslar var. Amma əsas olanları belə sıralamaq olar: işıq-kölgə, xətt, kompozisiya, təsvir üsulları və texnikalar. Bu elementlər qrafika əsərlərinin ifadəli və canlı görünməsini təmin edir.
Çəkdiyi bütün rəsmlərdə qrafika üslubundan istifadə edən müsahibim daha çox milli-mənəvi dəyərlərimizi, tarixi abidələrimizi, milli ornamentlərimizi, tarixi şəxsiyyətlərimizi bu üslubda çəkməyi sevir.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər