NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Qorxmaz, mətin oğul idi

...

Miryasin Mirqafar oğlu Seyidov 

(23.12.1998-24.10.2020)

Miryasin hərbiyə meyilli uşaq idi. Hələ uşaq vaxtlarından bunu hiss etmişdim. Düşünürdüm ki, bu yaşda olan uşaqda bu arzu necə yaranıb? Nə isə... Onun necə vətənpərvər böyüdüyünü görürdüm. Elə o vaxt da qürur hissi keçirirdim. Bir dəfə 20 Yanvar şəhidlərimizin anım tədbirində soyuq havada əlində bayrağı çox saxlamışdı. Balaca oğlum gəlib dedi ki, Miryasinin əllərini az qala don vuracaqdı. Çünki həmin gün hava çox şaxtalı idi. Kaş o günlərə qayıdardıq... Oğlum mənim üçün sanki bir mələk idi. Atası hər içəri daxil olanda yerindən dik qalxardı. Qucaqlayardı atasını. Deyərdi ki, atam içəri min dəfə də girsə, eləcə qalxacağam. Ondan sonra da iki qardaşı var. Deyərdi ki, elə edirəm onlar da görüb-götürsünlər, valideynin ayağına qalxsınlar. Uşaqlıqdan belə böyüyürdü. Qonşulara, qohum-əqrəbaya da hörmətlə yanaşırdı. Onlara ehtiram göstərirdi. Miryasini tanıyanlar həmişə ondan razılıqla danışırdılar. Bu da məni sevindirirdi. Sevinirdim ki övladım ailəmizə layiq böyüyür. Düşünürdüm ki, o, həyatda özünə layiqli yer tapacaq.

Böyüdü, məktəbi bitirdi. Xüsusi təyinatlıya daxil oldu. Müharibəyə də könüllü olaraq qatıldı. Gedib müraciət etmişdi ki, mən müharibəyə getmək istəyirəm. Təlimə yeni başladığı üçün icazə verilməmişdi. Yenidən gedib müraciət etmişdi. Demişdilər ki, hazır ol, oktyabrın 17-si yola çıxacaqsınız. 16-sı o evə gəldi. Ancaq demədi ki, Bakıya uçacaqlar. Qorxmaz, mətin oğul idi. Sonuncu dəfə ayın 17-si atasına zəng edib ki, bizi aparırlar, döyüşə gedirik. 
Bir həftə idi zəng çatmırdı. Nə gecəm, nə də gündüzüm var idi. Allah heç kimə bu cür dərd göstərməsin. Qaynımdan eşitdim o xəbəri. Ondan öncə də yuxu görmüşdüm. Narahatlığım əbəs deyilmiş. Eşitdik ki, Qırmızıbazar istiqamətində, oktyabrın 24-ü Tuğ kəndində şəhid olub. Miryasin kimi şəhidlərimiz çoxdur. Torpaqlarımız məhz onların qəhrəmanlığı, igidliyi ilə alındı. Bu gün hər bir şəhid valideyni qürur duyur ki, ərazi bütövlüyümüzü məhz onların ölümün gözünə dik baxmaları ilə əldə etmişik. Ruhları şad olsun.

Nəşr edilib : 23.09.2024 21:54