Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Onunla Şərur rayon Yengicə kəndində, Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Səyavuş Həsənovun kənd mərkəzindəki büstü önündə görüşürük. O, əmisinin qisasını alan oğul, Vətən torpağını azadlığa qovuşdurmaq yolunda sağlamlığını qurban verən bir qəhrəmandır. 27 sentyabr onun üçün təqvimdə sadə bir gün deyil. O gün başlayan Vətən müharibəsi onun həyatını həm fiziki, həm də ruhən dəyişdi. Amma bu dəyişikliklərə baxmayaraq, qarşımda oturan adamda bir kədər yox, bir qürur var. Biz bu söhbətdə bir az keçmişə qayıtdıq, xatirələrə, səngərlərə, dostluğa, Vətən sevgisinə...
Qürur hissiylə söhbətə başlayır:
“Azərbaycanın Milli Qəhrəmanı Həsənov Səyavuş Həsən oğlu mənim əmimdir və mən onun adını daşıyıram. Uşaqlıqdan hərbiyə həvəsim olduğuna görə hərb peşəsini seçdim. Əmimin qisasını aldım, qanını yerdə qoymadığıma görə, adına layiq olduğuma görə fəxr edirəm!
Əmim mənim üçün, sadəcə, bir qohum deyildi, həm də qəhrəmanım idi. Onun şəhid olması mənim içimdə bir kədər olsa da, bu bir məqsədə çevrildi. Hər addımımda onun xatirəsini yaşatmaq, başladığı yolu davam etdirmək istədim. Tək məqsədim əmim və onunla birgə şəhidlərimizin qanını yerdə qoymamaq idi. Şükür ki, arzuma çatdım”.
Milli Qəhrəmanın büstü önündə tapşırığı yerinə yetirmiş əsgər kimi dayanan Səyavuş söhbətinə davam edir:
“Vətən müharibəsi başlayanda Bakı şəhərində N hərbi hissədə xidmətdəydim. Elə müharibənin başladığını öyrəndikdən sonra ilk ailəmlə danışdım ki, məndən narahat qalmasınlar. Biz müharibəyə getmək qərarını çoxdan vermişdik, o günün gəlməyini gözləyirdik. Xəbər aldıqdan sonra gülə-gülə sevinə-sevinə getdik döyüşə. Mən və mənim şəxsi heyətim o qədər istəkli idi ki, bir komandir kimi qürur hissi keçirirdim, biz qorxmadıq, çünki torpaq bizim idi”.
Elə gözlərindən də onun necə sevincli, həyəcanlı olduğu görünürdü. Sanki həmin anlara qayıtmışdı.
“Mən tankçıyam. Müharibə zamanı Füzuli rayonunda idik. Əks-hücumda tankın içərisində olduğum zaman düşmənin atdığı mərmi tankı alovlandıranda əlimi üzümə atdım və hiss etdim ki, yanıram. Daha sonra çiyin nahiyyəmdə də yanıq ağrısı hiss etdim. Tüstü məni boğurdu, nəfəs ala bilmirdim və huşumu itirdim. Tank yanırdı... Yanımda bir gizir var idi – Hacızadə Rüfət. O məni alov içində olan tankdan çıxardı. Biz neytral ərazidə qaldıq. Daha sonra təxliyə olundum və Füzuli Diaqnostika Mərkəzinə aparıldım. Oradan da helikopterlə Bakıya göndərildim. Bir gündən sonra ayıldım. Ailəmin xəbəri yox idi, elə bilirdilər, şəhid olmuşam. Amma bu da Allahın qismətidir, şəhadətə ucalmaq nəsib olmadı, qazi oldum. Yaralandıqdan sonra həyatımda dəyişən əsas şey o oldu ki, bu gün fəxrlə deyə bilərəm: 30 illik həsrətə son qoyduq, suveren bir ölkədə yaşayırıq”.
Səyavuş Həsənli söhbətinə belə davam etdi:
“Hazırda mən Şərur rayonunun Yengicə kənd tam orta məktəbində Gənclərin çağrışa qədərki hazırlığı fənnini tədris edirəm. Gəncləri hərbi-vətənpərvərlik ruhunda tərbiyə edir, onlara şəhidlərimizi tanıdır, Vətən uğrunda yazılmış şanlı tariximizi anlatmağa çalışıram. İstəyirəm ki, bu zəfərin necə əldə edildiyini unutmasınlar. Çünki bu zəfər, sadəcə, qələbə deyil, illərlə çəkilən həsrətin sonudur, şəhid qanı ilə yazılmış bir tarixdir. Bu gün sinəmdə qürurla daşıdığım “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “3-cü dərəcəli qüsursuz xidmətə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə fəxr edirəm.
Vətən oğullarının dövlət, torpaq uğrunda göstərdiyi rəşadət bizə göstərdi ki, qəhrəmanlıq yalnız tarixdə deyil, bu günümüzdə də yaşanır. Qəhrəmanlıq, sadəcə, keçmişin səhifələrində qalmayıb, bu gün də bizim aramızdadır. Tankın içində yanaraq ölümün bir addımlığında olan, amma yenə də “Vətən sağ olsun”, – deyən bir qazinin səsi, bir xalqın əyilməz iradəsinin göstəricisidir.
Zəhra VƏLİYEVA
Digər xəbərlər