NAXÇIVAN :

17 Yanvar 2026, Şənbə

“Qora bişdi” növbə “quyruqdoğdu”dadır

...

Qızmar yay aylarında, temperaturun 40 dərəcəni keçdiyi günlərdə ana-nənələrimizin dilindən “Bir az da dözün,“quyruqdonan”a az qalıb” sözlərini eşidərdik. Yayın isti günlərində hər kəs avqust ayının 5-nin gəlməsini səbirsizliklə gözləyərdi. Avqust ayına el arasında “qorabişirən ay” desələr də, bu ay payızla yay arasında körpü olduğu üçün havalar az da olsa, sərinləməyə başlayar. Tədqiqatçıların araşdırmalarına nəzər salanda görürük ki,avqustun əvvəlinin “qorabişirən ay” (qora üzümün balaca və göy olduğu vaxtdır, isti vurub gilələri yetişdirir, şirinləşdirir), sonrakı günlərin isə bu cür adlandırılması ölkəmizdə, xüsusən də dağlıq bölgələrdə aran yerlərə nisbətən havaların daha tez sərinləməsi ilə əlaqədardır.

Mövzu ilə bağlı araşdırma apararkən bir çox maraqlı məlumatlar əldə edirik. Öyrənirik ki, “quyruqdoğdu” avqust ayının 5-nə təsadüf edir. Həmin dövrdə səmada quyruğa oxşayan ulduzlar göründüyü üçün xalq arasında belə adlandırılır. Artıq həmin vaxtdan sonra havalar nisbətən sərinləməyə başlayır. Bəzi bölgələrdə isə bu tarix avqust ayının 15-nə təsadüf edir. Deyimə görə, bu vaxt havalar dəyişdiyindən yaylaqda kəsilən qoyun-quzununəridilmiş quyruğu donar. Muxtar respublikanın bəzi bölgələrində bu dövr “quyruq doldu” daadlandırılır. Bu da onunla izah edilir ki, həmin dövrdən artıq çöldə otlayan qoç və qoyunun quyruğu dolmağa (kökəlməyə) başlayır. Lakin həmin ifadələrin hansı daha düzgündür,bu, birmənalı deyil.

Mövzu ilə bağlı mərhum tədqiqatçı Zaleh Novruzovun,tarix üzrə fəlsəfə doktoru Asəf Orucovun müxtəlif araşdırmaları var. Zaleh Novruzovun araşdırmalarına əsasən deyə bilərik ki, istər elmi qaynaqlarda, istərsə də el arasında bu ifadə ilə bağlı zidd fikirlər çoxdur. Tədqiqatçının fikirlərindən belə qənaətə gəlirik ki, yaylaqda əridilmiş quyruq yağının donması vaxtını “quyruq dondu” ifadəsi ilə eyniləşdirmək yanlışdır. Çünki müxtəlif illərdə iqlimdə eyni vaxtda istiliyin fərqli olması, yaylaqların dəniz səviyyəsindən hündürlüyü dəqiq vaxt təyin etməyə imkan vermir.“Quyruqdoğdu” isə konkret astronomik vaxtdır və bu hər il eyni zamanda baş verir. Hələ qədimlərdə “quyruqdoğdu”dan sonra yaylaqda dəvələr üzü arana tərəf yatırdılar. Belə olan halda artıq maldarlar havaların soyuduğunu, arana köçməyin vaxtının gəlib çatdığını bilirdilər.

Araşdırmalardan məlum olur ki, arıçılıq təsərrüfatında da bu dövrün xüsusi önəmi var. Belə ki,peşəkar arıçıların dediyinə görə, “quyruqdoğana” qədər balı kəsməzlər, çünki bu vaxta qədər bal sulu olur. Əgərtez süzülsə, turşuyar.

“Azərbaycan etnoqrafiyası” kitabında yazılıb: “Alimlər araşdırmalar nəticəsində göstəriblər ki, “quyruqdoğdu” ifadəsi buğa bürcündəki ulduz topası ilə bağlı yaranıb. H.Zərdabinin yazdığı “quyruğa oxşayan ulduz dəstəsi” buğa bürcündəki ülkər ulduzlarıdır. Azərbaycanda həmin ulduzlara “Xodək-garvan” və ya “Şamtərəzi” , – deyirlər”.

Türkanə ƏSƏDOVA

Nəşr edilib : 05.08.2025 11:34