NAXÇIVAN :

28 Oktyabr 2026, Çərşənbə

QMİ-nin sədri: Dindarlar hər zaman dövlətimizin yanındadırlar

...

Azərbaycanın dünyada sivilizasiyalar və mədəniyyətlərarası dialoq mərkəzi və dinlərarası əməkdaşlıq məkanı kimi qəbul olunması, heç şübhəsiz ki, Prezident İlham Əliyevin uğurlu, müdrik dövlətçilik siyasətinin məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu möhkəm mənəvi bünövrə üzərində təşəkkül tapmış müstəqil Azərbaycan bu gün uğurlu ideyalarını dünyaya təqdim etmək qüdrəti olan dövlətdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizdə və beynəlxalq müstəvidə milli-mənəvi irsimizi yüksək səviyyədə tanıtmasına, ümumbəşəri dəyərlərə ənənəvi diqqət və himayəsinə bütün dünya şahiddir. İşğaldan azad etdiyimiz torpaqlarımızda dövlətimiz məscidlərimizlə yanaşı pravoslav və erməni kilsəsini, alban məbədlərini bərpa edir. Bu, Azərbaycan xalqının milli-mənəvi dəyərlərə qayğı və himayəsinin, multikultural dini irsini milli sərvət olaraq dəyərləndirən, onu dirçəldərək hifz edən Azərbaycanın tolerant dövlət siyasətinin təzahürüdür. Fəxr edirəm ki, dinlərarası dialoq və məzhəblərarası anlaşma məkanı kimi tanınan ölkəmizin unikal təcrübəsi nümunə olaraq qəbul edilir.

"Şərq qapısı" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə oktyabrın 28-də Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiyada çıxış edərkən deyib.

“Azərbaycan dinlər, mədəniyyətlərarası əməkaşlıq prosesinə Bakı Prosesi kimi dəyərli ideyanın müəllifi, bugünkü forumumuzun təşəbbüskarı, İnsan Qardaşlığına dair Beynəlxalq Zayed Mükafatının, Sülh və Barışığa dair Gernika mükafatının laureatı Azərbaycan Prezidenti İlham Əliyevin bəşəri ideya və təşəbbüsləri sayəsində ölkəmiz multikulturalizm və İslam həmrəyliyi prosesinə əməli töhfələr verməkdədir. Bu nailiyyətlərə dövlətimiz daxili monolitliyi, xalq-dövlət birliyi, dinlərarası harmoniya və məzhəblərarası anlaşma mühiti, milli dəyər və ənənələrlə yanaşı ümumbəşəri dəyərlərə ehtiram və qayğısı sayəsində nail olub. Bölgədə sülh istiqamətində səylərimizə rəğmən erməni kilsəsi, erməni diasporası və onların havadarlarının davam edən ksenofob, revanşist, separatist hədyanları, nifrət çağırışlarının öhdəsindən gəlmək iqtidarındayıq. Ölkəmizin nailiyyətləri, müstəqil siyasəti çoxlarını narahat edir. Biz, xaricdən yönləndirilən bütün növ təxribatlara, dövlətçiliyimizə, müstəqilliyimizə və mənəviyyatımıza ölkəmizin hüdudlarından kənardan uzanan dillərə layiqincə cavab verməyə qadirik və hazırıq. Sapı özümüzdən olan məkrli, xəyanətkar qüvvələrin qarayaxmalarına, hər hansı təxribatlara, ideoloji təhdidlərə qarşı xalqımız, dindarlarımız hər an ayıq-sayıqdır. Azərbaycan dindarları ölkəmizin uğurları, o cümlədən, mədəni-mənəvi-dini müstəvidə nailiyyətləri, himayə və diqqətindən fəxarət duyurlar və hər zaman dövlətin, dövlətimizin başçımızın əməllərini təqdir edirlər. Dindarlar hər zaman dövlətimizin yanındadırlar. Dünya ictimaiyyəti tərəfindən örnək olaraq qəbul edilən həyat modelimiz müstəqil Azərbaycanın milli sərvətidir", - deyə A.Paşazadə bildirib.

Nəşr edilib : 28.10.2026 14:09