NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

“Qlobal Pul Həftəsi” çərçivəsində növbəti təlim Şahbuz rayonunda keçirilib

...

18 mart 2026-cı il tarixdə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyasının birgə təşkilatçılığı ilə “Qlobal Pul Həftəsi” çərçivəsində növbəti maarifləndirici təlim keçirilib.
“Şərq qapısı” xəbər verir ki, təlimi Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Ülvi Əliyev açılış nitqi ilə açaraq “Qlobal Pul Həftəsi”nin əhəmiyyətindən danışıb.
Təlimdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva bildirib ki, bu təşəbbüsün əsas məqsədi gənclər arasında maliyyə savadlılığının artırılması, onlarda düzgün pul idarəetmə bacarıqlarının formalaşdırılması və qənaət vərdişlərinin inkişaf etdirilməsidir.
Daha sonra Azərbaycan Mikromaliyyə Assosiasiyasının maliyyə inklüzivliyi üzrə proqram rəhbəri Sevinc Rüstəmova “Puldan danışaq” (“Smart Money Talks”) mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı pulun müasir cəmiyyətdə rolu, qənaət vərdişlərinin formalaşdırılması və maliyyə resurslarından səmərəli istifadə ilə bağlı geniş maarifləndirici məlumat verilib.
Təlim çərçivəsində iştirakçıların sualları cavablandırılıb və diskussiya şəklində davam etdirilib.
Qeyd edək ki, “Qlobal Pul Həftəsi” hər il mart ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) koordinasiyası ilə keçirilir.

Nəşr edilib : 18.03.2026 15:53