Naxçıvanda cəzaçəkmə müəssisəsində saxlanılan şəxs...
13:00 02.12.2024
0
0
0
NAXÇIVAN :
02 Dekabr 2024, Bazar ertəsi
Jurnalistin, yazıçının, şairin əlindən çıxan yazı məhsulu o vaxt xalqın sərvətinə çevrilir ki, o, qəzetdə, kitablarda işıq üzü görsün və hamı üçün əlçatan olsun. Jurnalist və ya yazıçı, şair yazıb ərsəyə gətirdiyi məqaləni, əsəri, şeiri yaxşı tərtibatla nəşr edilən qəzet və kitab səhifələrindən oxuyanda öz əməyi ilə bərabər, onunla yanaşı, zəhmət çəkənlərə də minnətdarlıq duyur. Bu gün illər öncəki qəzetləri vərəqləyərkən onların necə çətinliklə ərsəyə gəldiyini düşündükcə, həmin illərdə bu qəzetin nəşrində gecə-gündüz çalışan insanları düşünür, ehtiramla anırıq. Həmin günlərdə çox yox, 30-40 il bundan öncə indiki kimi müasir avadanlıqlar yox idi. 70-80-ci illərdə mətbəədə işləmək həm çətin idi, həm də məsuliyyətli. O vaxt mətbəədə hər bir kəsin işi çətin olsa da, çapçıların işi daha ağır idi. Zəhərli maddələrlə işləmək insan sağlamlığına da təsirsiz ötüşmürdü. Amma buna baxmayaraq, məsuliyyətlə çalışır, ən çətin vaxtlarda işlərinin öhdəsindən gəlirdilər.
Soyuq qış, isti yay demədən qəzeti iki dildə çapa hazırlayan redaksiya işçilərinin gününün çoxu yollarda keçirdi. Çünki redaksiya şəhərin bu başında mətbəə isə o başında idi. Sonralar redaksiyanın beş on metrliyində fəaliyyət göstərməyə başlayan mətbəədə işlər elə də asan deyildi. Qəzetin nəşrinin düzgün aparılması çox məsuliyyət tələb edirdi. Çünki bir hərfin yerinə düzgün qoyulmaması belə insanların taleyini dəyişə bilirdi. Cəfakeş insanların səyi nəticəsində qələm sahiblərinin yazıları yaddaşa köçürüldü, illər ötdükcə, dünya müasirləşdikcə redaksiyanın işi ilə bərabər mətbəə işi də müasirləşdi. On ildən çoxdur ki, “Şərq qapısı” qəzeti ilə eyni binada fəaliyyət göstərən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin əməkdaşlarının 103 yaşlı qəzetin daha rəngarəng şəkildə oxuculara çatmasında böyük payı olduğunu hər kəs yaxşı bilir. Çünki qəzetçilikdə mətbəə işinin rolu danılmazdır. Bu mənada, qəzetimizin ərsəyə gəlməsində “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi kollektivinin əməyi böyükdür.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin fəaliyyəti ilə tanış olduqda öyrənirik ki, 1921-ci ildə Naxçıvanda ilk çap sexi yaradılıb və bu müəssisə 1938-ci ilədək “Şərq qapısı” qəzeti redaksiyasının nəzdində olan mətbəə kimi fəaliyyət göstərib. Bundan sonra isə “Naxçıvan mətbəəsi” adı ilə müstəqil müəssisəyə çevrilib. Uzun illər ərzində müxtəlif yerlərdə uyğunlaşdırılmış binalarda köhnə avadanlıqlarla fəaliyyət göstərən müəssisənin işində əsaslı dönüş 2001-ci ildən sonra yaranıb. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin də fəaliyyəti üçün əlverişli şərait yaradılıb və maddi-texniki bazası möhkəmləndirilib. Burada “Şərq qapısı” və “Məktəbli” qəzetlərinin, habelə müxtəlif kitab və jurnalların rəngli formatda nəşr olunması yüksək səviyyədə həyata keçirilir. Bunlardan əlavə, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən müəssisə və təşkilatlar üçün dəftərxana kitabları, sadə və ciddi hesabat blankları, müxtəlif qəbzlər, təqvimlər, etiketlər, dəftərlərin hazırlanması həyata keçirilir. Müəssisəyə dövlət sifarişlərindən başqa, muxtar respublikada fəaliyyət göstərən elm və mədəniyyət müəssisələri tərəfindən də müxtəlif çap sifarişləri daxil olur, bu məhsullar yüksək standartlar və müasir dizayn əsasında qısa müddətdə hazırlanır. Birlik 2001-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin balansına verilərək yüksək qayğı ilə əhatə olunub.
Qələmə aldığımız hər hansı bir məqalənin, yaxud redaktə və tərtib etdiyimiz qəzetin işıq üzü gördüyü, oxucu əlinə çatdığı gün heç olmazsa bir-iki yazı barədə müsbət fikirlər eşitdiyimiz an bizim sevincli günümüz, sözün həqiqi mənasında, bayramımız olur. Ona görə ki, hər kəsin fəaliyyət istiqaməti cəmiyyətdir və cəmiyyətə verilən dəyərli, uzun müddət yaşayan, kütlə tərəfindən qəbul edilən, onu narahat edən halları əks etdirən və uğurlu alınan nə varsa, yazı müəllifini sevindirir, fərəhləndirir, qürurlandırır.
103 yaşlı doğma “Şərq qapısı” fəaliyyətə başladığı bir gündən qəzetin redaksiyası öz qapılarını yüzlərlə yaradıcı insanın üzünə açıb. Qələm sahiblərinin maraqlı məqalələri qəzet səhifələrini bəzəyib. Qəzet yüzlərlə çap nüsxəsi ilə evlərimizin qonağı olub. Qəzetdə məqaləsi dərc olunan hər bir kəs üçün onun tərtibatı da çox önəmlidir. Əlimizə aldığımız qəzet kollektiv işdir, onun ərsəyə gəlməsi birgə fəaliyyət tələb edir. Kollektiv deyəndə isə bizim xəyalımızda təkcə qəzetimizin əməkdaşları canlanmır. Nəşriyyatda doğma qəzetin çapında əməyi olan insanlar da bizim üçün doğma kollektiv kimidir. Hər səhər, hər axşam üz-üzə gəldiyimiz kef-əhval tutduğumuz doğmalarımızdır. 103 ildir, nəşriyyat da qəzetlə bərabər eyni yolda addımlayır. Bu yoldakı insanlar, simalar illər keçdikcə dəyişsə də, amalımız birdir. Doğma diyarımızın bu gününü salnaməyə çevirib gələcəyə daşımaq.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər