Naxçıvanda yeni tekstil istehsalı müəssisəsi istif...
19:58 30.06.2026
0
0
0
NAXÇIVAN :
30 Iyun 2026, Çərşənbə axşamı
Ordubadda keçirilən "Qərbi Azərbaycana qayıdış" III konqres-festivalı çərçivəsində təşkil olunan sərgilər insan ruhunu oxşamaqda, bəzən isə qəlbləri kövrəltməkdə davam edir. Sərgilərə nəzər saldıqda Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanası, Naxçıvan Hərbi Kolleci və qərbi azərbaycanlılar tərəfindən təşkil olunan Qərbi Azərbaycanın, xüsusilə Dərələyəzin zəngin tarixini, qədim mədəniyyətini və əsrlərin süzgəcindən keçmiş folklorunu əks etdirən nadir nəşrlər, şeir kitabları, jurnallar, tarixi fotoşəkillər insanın diqqətini ilk baxışdan özünə çəkir. Bu nəşrlər, sadəcə, kağız yox, yaddaşların qapısını açan sehrli açarlardır, itib-batmağa qoymadığımız keçmişin canlı şahidləridir.
Nəşrlər sırasında ilk olaraq əslən Şərur-Dərələyəz qəzasından olan filologiya elmləri doktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Həsən Mirzəyevin "Dərələyəz folkloru", "Deyilən söz yadigardır", "Qərbi Azərbaycanın Dərələyəz mahalı" kitabları ziyarətçiləri sanki o torpaqlara aparıb çıxarır. Filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının "Lövbər adam", "Salam olsun", "Sözün və əməyin yaratdığı tarix", "Ruhuna beşiksə, tanı, Vətəndir" əsərləri, eləcə də türk dilinə tərcümə olunmuş "Konuşan taşlar" kitabı isə ziyarətçiləri sanki söz sehrinin içinə çəkir, ovsunlayır, düşündürür, hiss etdirir. Burada, həmçinin professor İbrahim Kazımbəylinin "Azərbaycanın İrəvan bölgəsi: sosial-iqtisadi və siyasi tarix" əsəri, el aşığı Aşıq Şəmşirin "O Kürün, Arazın Tərtəriyəm mən" şeirlər və bayatılar toplusu, eləcə də Aşıq Alı kimi söz ustadlarının misralarından ibarət qiymətli kitablar da sərgilənir. Hər kitab bir yanğının, bir həsrətin, bir döyünən ürəyin ifadəsidir. Sərgiyə ayrıca bir can, ayrıca bir ruh gətirən isə "Dərələyəz" qəzetinin yeni buraxılışları və Qərbi Azərbaycanın müxtəlif bölgələrindən qalan ağ-qara tarixi fotolar, sənədlərdir. Qəzeti əlimizə alıb həmin tarixi yerlərin adını qəzetin sərlövhəsində gördükdə insan bir anlığa dayanır və düşünür: "Dərələyəz" və "Şərq qapısı" qəzeti kimi nəşrləri bir gün həmin torpaqlarda birgə oxumaq nəsib olacaq.
Sərgilənən bu fotolara baxanda zaman sanki geri qayıdır, ürək bir anlıq sıxılır, bir an içində kiminləsə ailə xatirələrinin içinə girir, kiminləsə uşaqlıq illərini sevdikləri ilə birgə yaşadığı kəndin küçələrini, həyətlərini xatırlayırsan. Hər bir kadrda itirilmiş yurdun qoxusu, səsi, isti nəfəsi hiss olunur. Elə bil, o torpaqlar sənə əllərini uzadır, səni o torpaqlara aparmaq istəyir. Bu sərgi, sadəcə, bir nümayiş deyil, qayıdışın mənəvi abidəsi, yaddaşların dirçəlişi və xalqın öz köküylə üzbəüz dayanmasıdır.
Rafiq TƏHMƏZ
Digər xəbərlər