NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

Qərbi Azərbaycana virtual səyahət imkanı yaradılıb

...

“Qərbi Azərbaycana qayıdış” III konqres-festivalı çərçivəsində ziyarətçilərə Qərbi Azərbaycanın tarixi və mədəni irsini daha yaxından tanıtmaq məqsədilə “Qərbi Azərbaycana virtual səyahət” layihəsi təqdim olunub.
Layihə barədə məlumat verən Naxçıvan Dövlət Universitetinin tələbəsi Hüseyn Tahirov bildirib ki, xüsusi texnoloji avadanlıqlar və Meta Quest cihazları vasitəsilə istifadəçilər Qərbi Azərbaycanın müxtəlif bölgələrinə virtual səyahət etmək imkanı əldə edirlər.
Onun sözlərinə görə, layihədə Qərbi Azərbaycana aid şəkillər və məlumatlar bir yerə toplanaraq tarixi-mədəni abidələrin virtual modelləri hazırlanıb.
“Layihə üzərində, təxminən, bir həftədir, işləyirik. Bu gün isə onu festival iştirakçılarına təqdim edirik. Məqsədimiz Qərbi Azərbaycanın tarixi irsini müasir texnologiyalar vasitəsilə insanlara daha əlçatan şəkildə çatdırmaqdır”, – deyə Hüseyn Tahirov qeyd edib.
Layihədə iki əsas rejim mövcuddur. Təqdimat rejimində istifadəçilər Qərbi Azərbaycanın tanınmış tarixi abidələri ilə tanış olurlar. Burada Göy məscid, Qırmızı körpü və İrəvan qalası kimi tarixi məkanların virtual görüntüləri təqdim edilir.
Araşdırma rejimində isə alimlər, tədqiqatçılar və digər istifadəçilər xəritə üzərində istədikləri nöqtəni seçərək həmin əraziləri 360 dərəcə formatında izləyə bilirlər. Bu imkan istifadəçilərə tarixi məkanları daha ətraflı öyrənmək və virtual şəkildə ziyarət etmək fürsəti yaradır.
Layihə festival iştirakçılarının böyük marağına səbəb olub və Qərbi Azərbaycanın tarixi-mədəni irsinin müasir texnologiyalar vasitəsilə tanıdılmasının uğurlu nümunəsi kimi qiymətləndirilib.

Nəşr edilib : 18.06.2026 15:08