Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə ...
11:48 26.06.2026
0
0
0
NAXÇIVAN :
26 Iyun 2026, Cümə
Ordubad şəhərində keçirilən “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalı zəngin proqramı, milli-mədəni dəyərlərin təbliği və gənclərin fəal iştirakı ilə diqqət çəkib. Festival çərçivəsində Qərbi Azərbaycanın tarixi irsi, folkloru, mətbəxi və qədim yaşayış məskənləri müxtəlif təqdimatlar, sərgilər və mədəni tədbirlər vasitəsilə nümayiş olunub.
Festivalın təşkilində könüllülər də fəal iştirak edərək qonaqların qarşılanması, məlumatlandırılması və tədbirlərin koordinasiyasında mühüm rol oynayıblar. Onların enerjisi və təşəbbüskarlığı festivalın daha səmərəli və yaddaqalan keçməsinə töhfə verib.
Könüllülərdən Aynur Kərimli bildirib ki, Qərbi Azərbaycana həsr olunan belə bir festivalda iştirak etmək onun üçün həm məsuliyyətli, həm də qürurvericidir: “Bu festivalda könüllü kimi fəaliyyət göstərmək mənim üçün çox dəyərli təcrübədir. Burada həm təşkilati işlərdə iştirak edirik, həm də Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və zəngin irsi haqqında daha ətraflı məlumat əldə edirik. Festivala gələn qonaqlarla ünsiyyət qurmaq, onların suallarını cavablandırmaq və tədbirin gedişinə dəstək olmaq mənə böyük zövq verir. Hesab edirəm ki, belə tədbirlər gənclərdə milli kimlik, vətənpərvərlik və tarixi yaddaş hissinin daha da güclənməsinə xidmət edir. Burada iştirak etdiyim müddətdə bir daha anladım ki, Qərbi Azərbaycanın mədəni irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması hər birimizin üzərinə düşən mühüm vəzifələrdəndir”.
Digər könüllü Züleyxa Rüstəmli isə qeyd edib ki, festival gənclərin öz potensialını nümayiş etdirməsi üçün də yaxşı imkan yaradır: “Festivalın bir hissəsi olmaq mənim üçün unudulmaz təcrübədir. Tədbirə müxtəlif bölgələrdən və ölkələrdən gələn insanlarla tanış olmaq, onlarla fikir mübadiləsi aparmaq çox maraqlıdır. Könüllü fəaliyyət insanın ünsiyyət bacarıqlarını inkişaf etdirir, məsuliyyət hissini artırır və komanda şəklində işləməyi öyrədir. Festivalda nümayiş olunan sərgilər, folklor nümunələri və mədəni proqramlar Qərbi Azərbaycanın zəngin irsini bir daha göz önünə sərir. Düşünürəm ki, belə layihələr gənclərin tariximizə və mədəniyyətimizə marağını artırmaqla yanaşı, onların ictimai fəallığının yüksəlməsinə də müsbət təsir göstərir. Bu tədbirdə qazandığım təcrübə gələcək fəaliyyətim üçün də çox faydalı olacaq”.
Qeyd edək ki, “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalı iyunun 18-19-da Ordubad və Naxçıvan şəhərlərində keçirilir. Konqres-festival çərçivəsində elmi müzakirələr, mədəni proqramlar və müxtəlif sərgilər təşkil olunur.
Elnurə CƏFƏROVA
Digər xəbərlər