NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Qəlblərdə yaşayan nurlu insan

...

Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. 

Akademik Zərifə xanım Əliyeva həkim kimi təkcə Hippokratın andına yox, həm də onun qoyduğu əxlaqi dəyərlərə sadiq qalmış, bu təlimi yeni bir elmi istiqamət səviyyəsində davam etdirmişdir. Görkəmli səhiyyə təşkilatçısı tibbi təcrübədə belə bir əxlaqi prinsipdən çıxış edirdi ki, xəstəliyi müalicə etmək hələ son məqsəd deyil, həkimin başlıca məramı xəstəni şəxsiyyət kimi həyata qaytarmaqdır. Nümunəvi elmi və həkimlik fəaliyyəti ilə öz təcrübəsində tibbi deontologiyanın əsaslarını yaradan Zərifə xanım Əliyeva əsl həkim necə olmalıdır sualını belə cavablandırmışdır: “Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını bilir və onun üçün sağalıb evinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır. Vicdan əsas hakimimizdir. Ən çətin məqamda və ən xoş saatımızda o bizimlə üzbəüz durub soruşacaq: sənin ağ xalat geyməyə haqqın varmı?”

Akademik Zərifə xanım Əliyeva gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri və çıxışları məhz bu məsələyə həsr olunmuş “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir. Onun Azərbaycan səhiyyəsi qarşısındakı xidmətlərini yüksək qiymətləndirən Ümummilli Liderimiz Heydər Əliyev demişdir: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəliklərdən xilas etsin, sağlamlaşdırsın”.

Zərifə xanım  Əliyevanın peşəkar fəaliyyətinin ilk illəri Azərbaycanda traxoma adlı ən təhlükəli yoluxucu göz xəstəliyinin geniş yayıldığı dövrə təsadüf edirdi. Xüsusilə aran bölgələrində bu xəstəlik insanların görmə qabiliyyətinə ciddi zərbə vurur, bir çox halda korluqla nəticələnirdi. Xəstəliyə qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə, respublika səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Zərifə xanım böyük ənənələri olan Azərbaycan Tibb Universitetində müəllimlərindən aldığı dərs, eləcə də özünün böyük səyləri ilə, sözün əsl mənasında, nüfuzlu həkim kimi formalaşmışdır. O, qısa və sürətlə bu istiqamətdə öz fəaliyyətini uğurla davam etdirmiş, ölkəmizdə və onun hüdudlarından kənarda şöhrət qazanan görkəmli elm xadimi kimi tanınmışdır. Zərifə xanımın traxoma xəstəliklərinə həsr olunduğu dissertasiyası Azərbaycanın müxtəlif bölgələrində göz xəstəliklərinə aid apardığı müşahidələr, eksperimentlər, topladığı materiallar əsasında hazırlanmışdır.

Zərifə xanım  Əliyeva daim elmi axtarışlarda olan və əldə etdiyi nəticələri mütəmadi şəkildə elmi ictimaiyyətlə bölüşən məhsuldar bir alim idi. O, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi  olmuşdur. Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi.

Zərifə xanım keçmiş SSRİ miqyasında, Azərbaycanda M.İ.Averbax adına Beynəlxalq Mükafata layiq görülən ilk qadın oftalmoloq olmuşdur. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində də böyük xidmətlər göstərmişdir. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz akademik Zərifə xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə xanım respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf edib, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırıb.

Zərifə xanım Əliyevanın adı bu gün də Azərbaycanda fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım, məhz bütün keyfiyyətlərinə görə hər zaman, hər kəs tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad edilir.

Ülkər BAYRAMOVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 15.04.2026 15:00