Prezident İlham Əliyev Dünya Azərbaycanlıların Həm...
21:20 30.12.2024
0
0
0
NAXÇIVAN :
30 Dekabr 2024, Bazar ertəsi
Rahib Bəxtiyar oğlu Babayev
(19.06.1985-02.10.2020)
Biz Şahbuz rayon Külüs kəndində yaşayırdıq. Rahib kiçik yaşlarından oxumağa meyilli idi. Şəhərə köçəndə oğlum ikinci sinifdə oxuyurdu. Burada özü ilə bir sinifdə oxuyan uşaqlarla dostlaşdı. Oxumağına söz yox idi.
Bir müddət keçdikdən sonra dedi ki, ana, hərbçi olmaq istəyirəm. O zaman uşaqları hazırlığa qoymağa da imkanım yox idi. Nişan üzüyümü satıb Rahibi hazırlıqlara qoydum.
Hərbi liseyə qəbul oldu. Amma oranın yeməklərini yemirdi. Ancaq mənim yeməklərimi istəyirdi... Gərək hər gün günortasına bir dürmək də olsun, aparardım. Bir gün dedim ki, Rahib, bala, liseydə bişirilən yeməklər daha yaxşı olur. Orada ye yeməyini. Axı mən hər gün çatdıra bilmirəm. Heç yadımdan çıxmaz. Bir gün dedi ki, ana, plov bişir. Dedim ki, anan ölsün, ətimiz yoxdur axı. Qayıtdı ki, ana, düyünü tək bişir. Elə gözütox uşaq idi ki, heç nəyi seçməzdi, nə olsa, yeyərdi. Ana, sənin bişirdiyin hər yemək dadlı olur, – deyərdi. Elə olurdu ki, bir kartofa da gümanım gəlirdi. Onu da bişirib dürmək edərdim. Rahib soyutma kartofu elə gözəl yeyərdi ki, baxa-baxa qalardım.
Liseyi yaxşı qiymətlərlə bitirdi. İndi də belə. Amma Allahıma şükür edirəm ki, balam ad-sanla yaşadı, qəhrəman kimi şəhid oldu.
Rahibim ailəlidir. Üç övladı var. Rahib Sumqayıt şəhərində dəfn olunub. Övladları indi Bakı şəhərində yaşayırlar. Dövlət tərəfindən himayəyə götürülüblər. Hər ehtiyaclarını dövlətimiz qarşılayır. Dövlətimizin qayğısı hər an onlarladır.
Ana-atasına çox bağlı idi. O qədər mehriban idi ki...
Hər dəfə şəklinin qarşısından keçəndə dodağından öpürəm. Deyirəm ki, bala, bu dodaqların mənə bal idi. İndi o dodaqlara baxa-baxa qalmışam. Üç övladım var. Amma Rahib bir başqa idi.
Rahib məni şəhid anası etdi və getdi. Allah bütün şəhidlərimizin ruhunu şad etsin. Bu gün onlar hər birimizin qəlbində yaşayırlar.
Digər xəbərlər