NAXÇIVAN :

24 Noyabr 2024, Bazar

Qəhrəmancasına döyüşüb şəhid oldu

...

Araz Qəhrəman oğlu Məmmədov

(16.07.1997-09.11.2020)

Araz 3 qardaşdan sonra evin sonbeşiyi idi. Həmişə şəkil çəkdirəndən sonra deyirdi, ana, bir gün bu şəkillər sənə lazım olacaq. İndi gözüm önündə o şəkillər dağ kimi dayanıb. Araz çox vətənpərvər idi. Daxilində qisas hissi bəsləmişdi. Çünki erməni vandalları tərəfindən xalqımızın başına gətirilənləri bilirdi. 
Qız-gəlinlərimizin yaşadığı faciələr onun qüruruna toxunmuşdu. Bu səbəbdən də hər dəfə özünə söz verirdi ki, düşməndən qisas alacaq. Hərbi xidməti başa vurduqdan sonra hərbçi oldu. Peşəsini də sevirdi. Araz belə bir igid oğul idi. Müharibəyə gedəcəyini də bizə bildirmədi. Ancaq yola çıxdığı gün dedi ki, ana, mənlə görüşmürsən? Dedim ki, bala, hara gedirsən? Demədi. Qardaşı aparıb aeroportdan yola salmışdı. Axşamçağı idi, zəng etdi ki, ana, aeroportdayam. Dedim, orada nə edirsən? Dedi, könüllü müharibəyə gedirəm. Getdi və cəsarətlə döyüşdü.Yoldaşlarına nümunə oldu. Hətta döyüşlərdə qolundan yaralansa da, geri çəkilməmişdi. Döyüş yoldaşları onun əzm və şücaətindən həmişə danışırlar. Noyabr ayının 8-i zəng etmişdi. Dedi ki, ana, özünüzdən muğayat olun. Bir müddət zəng vurmayacağam. Telefon burada işləmir, dağlardayıq... Noyabrın 9-u şəhid olub.

Sonradan onun şəkillərini qazi yoldaşları gətirdilər. Necə ürəklə döyüşdüyündən ağızdolusu danışırlar. Bir an belə gözlərini qırpmırmış. Bir ana kimi mən Arazla fəxr edirəm. Onun adı gələndə qürurlanıram. Ürəyim fərəh hissi ilə dolub-daşır ki, belə bir igid qəhrəmanın anasıyam. Bu gün bizim üçrəngli bayrağımız qəhrəman oğullarımızın sayəsində Vətən səmalarında dalğalanır. Hər dəfə o bayrağa baxanda şəhidlərimizin ruhlarının şad olduğunu düşünürəm. Çünki onlar torpaqlarımız, Vətənimiz üçün döyüşdülər. Əziz canlarından keçsələr də, Vətənin bir qarışını düşmən tapdağında qoymadılar. Onlar razı olmadılar ki, ən qiymətli sərvət, ata-baba əmanəti olan torpaqlarımızda vandallar at oynatsınlar. Araz mənə bir vaxt necə deyirdisə ki, ana, şəkillərim sənə bir gün lazım olacaq, bu gün o şəkillərə fəxrlə baxıram. Mənim qəhrəman oğlum şərəfli yolu şərəflə getdi. Şəhid adını da şərəflə aldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun! 

Nəşr edilib : 24.11.2024 20:05