NAXÇIVAN :

11 Yanvar 2025, Şənbə

Qəhrəman oğul böyütdüyüm üçün qürurluyam

...

Malik Təvəkkül oğlu Əliyev

(26.12.1986-13.10.2020)

Malik balaca vaxtı o qədər ağırtəbiətli uşaq idi ki... İndi dönüb geriyə baxanda görürəm ki, həqiqətən də, belə imiş. 
Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbdə təhsil almışdı. İstər məktəbdə, istərsə də məhəllədə oğlum çox sevilirdi. İnanın ki, hər kəsə gücü çatdığı qədər kömək etməyə çalışardı. Kiminsə qəlbinə dəyməyini də eşitmədik.
Malik çalışdığı işində, xidmətində də belə olub. Xudatda işləyən zaman dostları deyirdilər ki, ən çətin tərbiyə olunanları Malikin komandanlığına verirlər. Çünki Malik həm səbirli idi, həm də heç kimin xətrinə dəyməzdi. Yanındakı əsgərlərə öz övladı, qardaşı kimi davranardı.
Malik həm də çox həssas idi. Xocalı faciəsi ona çox təsir etmişdi. O vaxt Malik başa düşürdü o faciəni. Deyirdi ki, ana, mən o günləri unuda bilmirəm.
Tez-tez təlimlərə gedirdi. Amma bizə demirdi. Elə deyirdi ki, elə bil, istirahətdədirlər. Bir gün soruşdum ki, Malik, səni də kəşfiyyatçı kimi döyüş bölgələrinə göndərirlər? Dönüb mənə birtəhər baxdı. Cavab verdi ki, ana, Xocalı boyda faciəsi olan xalqın anasına bu sözlər yaraşmır.
Malik Aprel döyüşlərində də iştirak etmişdi. Çox sevinirdi ki, qisasımızı alacağıq. Həmin döyüşlər dayanandan sonra özünə qapanmışdı. Deyirdi, qisasımızı ala bilmədik.

Şəhid balamın səs yazıları da qalır. Deyir ki, mən itirilmiş torpaqlarımızı yad əllərdə qoyub ölmək istəmirəm.
Oğlum müharibə ilə bağlı mesajlar verirdi. Mən onların heç birini başa düşmürdüm. Müharibə vaxtı evə gəlmişdi. Bacısının uşaqlarının başını sığallayırdı, əzizləyirdi. Deyirdi ki, siz gələcəkdə bütöv Azərbaycanda yaşayacaqsınız. Elə də oldu. 
İş yoldaşları bizə tez-tez gəlirlər. Malikdən saatlarla danışırlar. Heyrət edirəm. Həm də çox qürurluyam. Belə igid, qəhrəman oğul böyütdüyüm üçün özümü xoşbəxt sayıram. Bütün şəhid analarına səbir diləyirəm.
Düzdür, ana üçün ən çəkilməz dərddir bala dərdi.
Hələ bir də o balanın körpə övladları ola. Böyük yaradır. Amma suveren bir Azərbaycan görmək üçün alışıb yanan oğlun anası olmaq çox qürurludur. Vətəni azad edən balaların ruhu şad olsun! Yaşasın Azərbaycan!
 

Nəşr edilib : 11.01.2025 20:30