NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Qəbul imtahanında 100 faiz nəticə göstərən məktəb

...

Qəbul imtahanlarını uğurla başa vuran abituriyentlərin ixtisas seçimi başa çatdıqdan sonra xoş bir xəbər eşitdik. Həmişə öz ziyalıları ilə, təhsil ənənələri ilə tanınan Ordubad rayonunda da builki qəbulun nəticələri çox yüksəkdir. Elə rayonun  Hüseyn Məmmədov adına Dırnıs kənd tam orta  məktəbinin 8 məzununun hamısının ali məktəb tələbəsi adını qazanması da bunun sübutudur.

Qeyd edək ki, adıçəkilən məktəb buraxılış imtahan nəticələrinin  orta balına görə Ordubad rayon ümumitəhsil müəssisələrinin sıralamasında I yeri tutmuşdur.

Söhbətimiz zamanı məktəbin direktoru Taleh Qasımov bildirdi ki, “builki məzunlardan Elxan Qasımlı fərqlənmə attestatı ilə məktəbi bitirmiş və 655.4 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Biznesin təşkili və idarə olunması fakültəsinin tələbəsi adını qazanmışdır. Digər məzunlar da sentyabr ayından təhsillərini ali məktəblərdə davam etdirəcəklər. Belə ki, Rauf Qurbanov 495 balla Qarabağ Universitetinə, Fatma Novruzova 475 balla Azərbaycan Pedaqoji Universitetinə, Üzeyir Nəbisoy 470 balla Azərbaycan Texniki Universitetinə, Fərəməz Abtalıbov 340 balla Naxçıvan Dövlət Universitetinə, Gülüzar Cəfərova 307 balla Naxçıvan Müəllimlər İnstitutuna, Röyal Muradlı 186 balla Azərbaycan Kooperasiya Universitetinə, Elcan Məmmədov buraxılış imtahanında 180 bal toplayaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşdur.

Biz də tələbə adını qazanan bu gənclərə  təhsil həyatlarında uğurlar arzulayırıq.

Aygün RÜSTƏMOVA

Nəşr edilib : 27.08.2024 12:30