Tokayev: Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə...
21:13 29.06.2026
0
0
0
NAXÇIVAN :
29 Iyun 2026, Bazar ertəsi
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Bakıda keçirilən beynəlxalq tədbir Türk dünyasının elmi-mədəni əməkdaşlığının möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır və gələcək inteqrasiyaya mühüm töhfə verəcək.
"Şərq qapısı" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Qazaxıstan Prezidentinin müşaviri, tanınmış qazax yazıçısı Malik Otarbayev deyib. O bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu tarixi yubileyə xüsusi önəm verir və onun təbrik müraciəti də qurultay iştirakçılarına çatdırılıb.
“Çox yüksək səviyyədə təşkil olunmuş bugünkü tədbir 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilib. Biz Qazaxıstan Prezidenti adından bu tədbirdə dövlət başçımızın təbrik müraciətini təqdim etdik. Prezident Kasım-Jomart Tokayev bu əlamətdar tarixə böyük önəm verir”, – deyə Malik Otarbayev vurğulayıb.
Onun sözlərinə görə, yubiley münasibətilə may ayında Almatıda Türk Akademiyası və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə təşkilatçılığı ilə də xüsusi simpozium keçirilib və həmin tədbirdə də Prezidentin təbrik məktubu səsləndirilib. Malik Otarbayev qeyd edib ki, Bakıda keçirilən tədbir il ərzində Türkoloji Qurultayın 100 illiyi münasibətilə təşkil olunan silsilə tədbirlərin yekun mərhələsini təşkil edir.
“Bu gün burada Qazaxıstanla yanaşı, Özbəkistan, Qırğızıstan, Türkmənistan və digər türk dövlətlərinin nümayəndələri, eləcə də Türk Dövlətləri Təşkilatının üzvləri iştirak edərək dövlət başçılarının təbrik müraciətlərini çatdırdılar. İnanıram ki, bu yüksək səviyyədə təşkil olunmuş tədbir Türk dünyasının gələcək inkişafına, birliyinin möhkəmlənməsinə və əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək”, – deyə Qazaxıstan Prezidentinin müşaviri əlavə edib.
Digər xəbərlər